Elşən Manafov: “İran hər vasitə ilə Erməni himayə etməyə çalışır”
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı növbəti mübahisəli açıqlama verib. Diplomat regionda davamlı sülhün təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında “real güc balansının” yaradılmasının vacib olduğunu bildirib.
İrəvanda keçirilən “Dəyişən strateji şəraitdə Ermənistan-İran münasibətlərinin transformasiyası” adlı konfransda çıxışı zamanı səfir daha sonra bunları deyib: “Realist yanaşma nöqteyi-nəzərindən real güc balansı, xüsusilə Ermənistan və Azərbaycan arasında güc balansı lazımdır – əgər biz regionda həqiqi və davamlı sülh istəyiriksə”.
Şirqulaminin fikrincə, yalnız sülh ritorikası regionda sabitliyin təmin olunması üçün kifayət deyil. İran Cənubi Qafqazda uzunmüddətli sülhün təminatı ola biləcək yeni güc balansının formalaşmasını istəyir.
Maraqlıdır, İran səfiri Azərbaycanla Ermənistan arasında güc balansı deyəndə nəyi nəzərdə tutur? İndiki şəraitdə səfirin sözlərindən çıxan məntiq budur ki, balans yoxdur. Yəni balans Azərbaycanın xeyrinə pozulub. Ermənistan zəifləyib, Azərbaycan güclənib. Balansın təmin olunması deyərkən səfir nəyi nəzərdə tutur? Yəni onu nəzərdə tutur ki, Ermənistanda Rusiyanın mövqeyi zəifləyir, Qərb yaranan boşluğu doldurur. Guya bu səbəbdən Azərbaycan bölgədə daha güclü olduğuna görə gərək balans yaradaq Ermənistanı da gücləndirək. Gücləndirək deyəndə nəyi nəzərdə tutur? Nədir bu balans ümumiyyətlə? Azərbaycanla Ermənistan arasında müharibə bitib. O zaman hansı balansdan, güc nisbətindən söhbət gedir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin iki ölkə arasında sülh danışıqlarının perspektivləri ilə bağlı məsələlərə münasibətdə səsləndirdiyi fikirlər rəsmi Tehranın regional təhlükəsizliklə bağlı qayğılarından irəli gəlir: “Diplomat tərəflərdən birinin üstün mövqelərə malik olduğu şəraitdə əldə edilə biləcək sülhün möhkəm və dayanıqlı olmayacağına dair rəsmi Tehranın mövqeyini açıqlayıb. İranlı səfirə görə hazırkı şəraitdə Azərbaycanın üstün iqtisadi potensialı və hərbi gücü guya ona qarşı tərəfi məcburi sülhə sürükləmək imkanlarını verir. Məcburi sülh isə region üçün uzun müddətli, dayanıqlı, stabil bir vəziyyətin formalaşacağı anlamında qəbul oluna bilməz. Belə bir sülh kövrək olduğundan onun istənilən vaxt regiondan kənar qüvvələrin müdaxiləsi nəticəsində pozulacağı ehtimalları böyükdür. Tehranın yanaşması budur. Hadisələrin bu tərzdə inkişafına yol verməmək uçun diplomatın fikrincə tərəflər arasında real güc balansının gözlənilməsi vacibdir. Real güc balansına nail olmağın ən optimal yolu isə iranlı diplomata görə Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsidir. Real güc balansı səfirə görə Ermənistana öz sərhədlərinin təhlükəsizliyini və deməli həm də suverenliyini təmin etmədə təminat verə bilər. Azərbaycan sülhdə maraqlıdır. Çünki ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İran hər vasitə ilə Erməni himayə etməyə çalışır. Səfirin yanaşması həm də bunun bir göstəricisidir”.
Politoloq onu da qeyd etdi ki, region ətrafında məlum nəqliyyat dəhlizləri, ilk növbədə Zəngəzurla bağlı məsələlərin müzakirəsi zamanı da rəsmi Tehran dəfələrlə narahat tərzdə bəyanat verib: “İran bəyan edib ki, Ermənistanın dövlət sərhədlərinin toxunulmazlığı onun üçün qırmızı xətdir. İran bu xəttin keçilməsinə öz dövlət maraqlarına nəzərən adekvat cavab verəcək. İranlı diplomat məlum açıqlaması ilə bir daha regionun təhlükəsizlik problemlərinə İranın mövqeyini ortalığa qoyub. Regionun təhlükəsizlik problemlərinin həllinə regiondan kənar dövlətlərin müdaxiləsi və ya cəlb olunmasını İran üçün məqbul olunmaz olması fikrini qabardıb. Səfirə görə İran əvvəllər də olduğu kimi regional problemlərin həllinə 3+3 formatından yanaşır və bu modeli region dövlətlərinin təhlükəsizliyi üçün ən optimal model olaraq qalır”.
Vidadi ORDAHALLI