Si Tszinpin Vaşinqtona gəldiyi gün Çinin ABŞ-dakı səfiri Sye Fen Trampın etiraz etməməli olduğu mövzuların siyahısını tərtib edib. Çin Kommunist Partiyasının rəsmi nəşri olan "People’s Daily" qəzetində "konstruktiv, strateji və sabit münasibətlərin" təşviqinə həsr olunmuş məqalədə səfir Sye "müzakirə və ya etiraz mövzusu olmayan" dörd "qırmızı xətt"i göstərib. Bunlara "Tayvan məsələsi, demokratiya və insan hüquqları, idarəetmə sistemi və inkişaf yolu, həmçinin inkişaf hüququ" daxildir. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Dennis Uaylder sosial şəbəkədə yazıb ki, ilk dəfədir Çinin mühüm bir görüşdə nələrin müzakirə olunub-olunmayacağını bu qədər açıq şəkildə şərtləndirdiyinin şahidi olur. Məqalədə cənab Sye həmçinin qeyd edib ki, ABŞ Çini nəzarətdə saxlamaq üçün — "milli təhlükəsizlik, iqtisadi balanssızlıqlar və məcburi əmək" kimi — bəhanələr uydurmağa son qoymalıdır. Çin səfiri ətraflı izahat verməsə də, bu cür ifadələr ABŞ rəsmiləri tərəfindən uyğurlar və tibetlilərə qarşı insan hüquqları pozuntuları müzakirə edilərkən istifadə olunub. Tramp və Si Tszinpin arasında keçiriləcək sammit ərəfəsində Çin dövlət mediası çoxsaylı şərhlər dərc edib; onlardan birində ABŞ-ın "Çinlə bağlı yanlış təsəvvürə" malik olduğu iddia edilir.
Pekin daha əvvəl Vaşinqtona təzyiq göstərərək adaya silah satışını dayandırmağa çalışmış və Trampın Tayvanın müstəqilliyinə açıq şəkildə qarşı çıxmasında israr etmişdi. Tayvan, Si Tszinpinin Vaşinqtona səfərindən cəmi bir gün əvvəl yeni 105 mm-lik mobil artilleriya sistemini nümayiş etdirdi. Çin isə, görüşdən əvvəl hər hansı silah təchizatı paketini (o cümlədən, planlaşdırılan 14 milyard dollarlıq satışı) təsdiqləyəcəyi təqdirdə, qarşıdan gələn sammitdə iştirakdan imtina edəcəyi ilə hədələdi. Sözügedən paketin nəzərdən keçirilməsi prosesi hələ də dayandırılmış vəziyyətdədir.
SAMİRƏ