Aydın Hüseynov: “...Xammalın yaratdığı dəyərin daha böyük hissəsini ölkə daxilində formalaşdırmaqdır”
“Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur”. Bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.
Prezident İlham Əliyev əlavə edib: “Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir”.
Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılması nə deməkdir?
Ekspertlər qeyd edirlər ki, dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılması-xammalın (filizin) sadəcə yeraltından çıxarılıb xarici bazarlara xam şəkildə satılmasından deyil, onun ölkə daxilində emal edilərək hazır və yayüksək əlavə dəyərli son məhsula çevrilməsindən ibarət fasiləsiz istehsal prosesinin qurulması deməkdir.
Bu proses bir sıra əsas mərhələləri və tədbirləri əhatə edir.
Filiz hasilatı: Yerin təkindən xammalın çıxarılması.
Zənginləşdirmə və emal: Filizin tərkibindəki faydalı komponentlərin ayrılması və ilkin emal müəssisələrinin (məsələn, zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları) yaradılması.
İqtisadi səmərəlilik və daşınma: Xammalın və məhsulların daxili daşınmasında tarif güzəştlərinin tətbiq olunması.
Ekoloji təhlükəsizlik: Prosesin bütün mərhələlərində maksimum ekoloji ekspertizanın aparılması və ekoloji normalara ciddi əməl edilməsi.
İqtisadi fayda: Xam halda ixrac əvəzinə daxilə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və ölkənin ixrac potensialının gücləndirilməsi.
Millət vəkili Aydın Hüseynov baki-xeber.com-a şərhində bildirdi ki, dağ-mədən sənayesində “tam zəncirin yaradılması” ifadəsi ilk baxışda bir qədər texniki səslənə bilər. “Əslində isə söhbət çox sadə bir məsələdən gedir: yerin altından çıxarılan filiz ölkədən xammal kimi çıxıb getməsin, mümkün qədər son məhsula qədər burada emal olunsun. Yəni proses yalnız filizin çıxarılması ilə başa çatmasın. Mədəndən çıxarılan filiz əvvəlcə emal müəssisəsinə göndərilsin, orada zənginləşdirilsin, faydalı komponentlər ayrılsın və daha sonra həmin xammal növbəti istehsal mərhələlərinə yönəldilsin. Beləliklə, mədəndə başlayan proses zavodlarda davam etsin və sonda sənayedə istifadə olunan daha qiymətli məhsul ortaya çıxsın.
Məsələn, dəmir filizini götürək. Əvvəlcə filiz hasil olunur. Sonra həmin filiz emal edilir və dəmir alınır. Növbəti mərhələdə dəmir polada çevrilə bilər. Daha sonra isə poladdan boru, metal konstruksiya, müxtəlif avadanlıqlar və başqa məhsullar istehsal etmək mümkündür.
Deməli, əsas fikir filizi çıxarıb satmaq deyil. Əsas fikir həmin xammalın yaratdığı dəyərin daha böyük hissəsini ölkə daxilində formalaşdırmaqdır”.
A.Hüseynov qeyd etdi ki, bu məsələnin iqtisadi tərəfi də məhz buradadır. “Xammal satıldıqda onun yaratdığı gəlir bir mərhələdə qalır. Xammal emal edildikcə isə onun dəyəri artır. Filizdən metal, metaldan başqa sənaye məhsulları istehsal olunduqca prosesə yeni müəssisələr, yeni texnologiyalar və yeni iş yerləri qoşulur.
Ona görə də “tam zəncir” deyəndə təkcə bir mədən və ya bir zavod nəzərdə tutulmur. Burada bir-birini tamamlayan istehsal mərhələlərindən söhbət gedir. Mədən, filizin zənginləşdirilməsi, metal istehsalı və sonrakı emal müəssisələri vahid bir sistem kimi işləməlidir.
Belə yanaşmanın başqa bir üstünlüyü də odur ki, ölkə yalnız xammal ixrac edən tərəf kimi qalmır. Eyni xammaldan daha çox əlavə dəyər yaradan məhsullar istehsal etmək imkanı yaranır.
Prezidentin “filiz hasilatı və bir neçə zavodun yaradılması” fikri də bu baxımdan başa düşülməlidir. Yəni məqsəd mədəndən filizin çıxarılması ilə kifayətlənmək yox, həmin filizin bir neçə istehsal mərhələsindən keçərək daha qiymətli məhsula çevrilməsini təmin etməkdir.
Sadə desək, söhbət filizin mədəndən çıxıb başqa ölkəyə hazır xammal kimi getməsindən yox, mədəndə başlayan prosesin zavodlarda davam etdirilməsindən gedir. Filiz çıxarılsın, emal olunsun, metal alınsın və imkan daxilində həmin metaldan son məhsul hazırlansın. “Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri” deyiləndə əsas məna da budur”-deyə A.Hüseynov qeyd etdi.
İradə SARIYEVA