Əpoş Vəliyev: “Şəhid adı nə kiminsə şəxsi imtiyaz kartına, nə də şəhid ailələrini cəmiyyətdə gözdən salmaq üçün vasitəyə çevrilməlidir”
Son illər avtomobillərin üzərində şəhid ailəsi statusunu göstərən yazının olmasına tez-tez rast gəlinir. Bu cəmiyyətdə şəhid ailələrinə olan dərin minnətdarlığın və mənəvi dəstəyin bir ifadəsi olsa da, bəzən müəyyən neqativlərin də baş verməsinə səbəb olur. Söz yox ki, cəmiyyətimiz, dövlətimiz şəhid ailələrinə xüsusi hörmət və ehtiramla yanaşır, onlara maddi və mənəvi cəhətdən dəstək verir. Bunlar öz yerində.
Üzərində “Şəhid xanımı”, “Şəhid anası”, “Şəhid qızı” sözləri yazılan avtomobilləri gördükdə bilirik ki, onlar bizim qəhrəmanlarımızın yadigarlarıdır. Amma o da gizlin deyil ki, bu statusu daşıyan bəzi insanlar şəhidin adından bu şəkildə sui- istifadə edirlər. Hətta avtomobil qəzası törətdikdə belə, bəziləri imtiyaz tələb edirlər ki, “mən şəhid arvadıyam güzəşt olunmalıdır”.
Şəhidin adından istifadə nə dərəcədə düzgündür? Niyə maşının üstünə "şəhid xanımı" sözü yazdırlar ki?
Filologiya üzrə fəlsəfə doktoru, şəhid qardaşı Əpoş Vəliyev baki-xeber.com-a bildirdi ki, özünü “şəhid ailəsi” kimi təqdim edən, lakin sonradan həqiqətdə belə olmadığı məlum olan hallara da var və bu fakta laqeyd yanaşmaq olmaz. “Belə vəziyyətlərdə emosiyaya, görüntüyə və şifahi iddialara deyil, fakta əsaslanmaq lazımdır. Əgər bir şəxs avtomobilinin üzərinə “Şəhid xanımı”, “Şəhid anası” və ya “Şəhid qızı” yazdırırsa və bu yazıdan hər hansı güzəşt və ya üstünlük tələb etmək üçün istifadə edirsə, həmin statusun həqiqiliyinin müvafiq qaydada dəqiqləşdirilməsi vacibdir. Həqiqətən həmin avtomobil şəhid ailəsinin üzvünə məxsusdurmu? Şəxsin təqdim etdiyi status rəsmi şəkildə təsdiqlənirmi? Əgər təsdiqlənirsə, bundan hansı hallarda və hansı hüquqi əsasla istifadə edilə bilər? Bu suallar cavabsız qalmamalıdır.
Çünki bir nəfərin saxta şəkildə özünü şəhid ailəsi kimi təqdim etməsi təkcə qaydalardan sui-istifadə deyil. Bu həm də həqiqi şəhid ailələrinin cəmiyyətdəki nüfuzuna və etimadına zərər vura bilər. Ona görə də belə hallar barədə məlumat daxil olduqda aidiyyəti qurumlar tərəfindən dəqiq və obyektiv araşdırma aparılmalı, həqiqət təsdiqlənərsə, qanunvericiliyə uyğun tədbir görülməlidir”.
Ə.Vəliyev qeyd etdi ki, amma burada başqa bir həssas məqam da var. “Bəzən kimlərinsə bilərəkdən şəhid ailəsini gözdən salmaq, cəmiyyətdə onlara qarşı mənfi münasibət yaratmaq və “şəhid ailələri özlərini üstün tutur” kimi yanlış təsəvvür formalaşdırmaq məqsədilə müəyyən görüntülər təşkil etməsi və ya ayrı-ayrı hadisələri bilərəkdən şişirtməsi də istisna edilə bilməz. Buna görə hər bir hadisəni görən kimi bütün şəhid ailələrinə şamil etmək də doğru deyil. Konkret fakt konkret şəkildə araşdırılmalı, həqiqət müəyyən edilmədən heç kim haqqında hökm verilməməlidir.
Şəhid ailəsinə hörmət etmək başqa şeydir, şəhidin adından sui-istifadəyə göz yummaq tamam başqa. Həqiqi şəhid ailələrinin haqqı qorunmalı, saxta iddiaların qarşısı alınmalı, eyni zamanda şəhid ailələrini gözdən salmağa yönələn süni və təxribat xarakterli görüntülərə də yol verilməməlidir.
Şəhidin adına ən böyük hörmət onun adını üstünlük əldə etmək üçün deyil, ləyaqətlə yaşatmaqdır. Şəhid adı nə kiminsə şəxsi imtiyaz kartına, nə də şəhid ailələrini cəmiyyətdə gözdən salmaq üçün vasitəyə çevrilməlidir”-deyə Ə.Vəliyev vurğuladı.
İradə SARIYEVA