İsrailin Baş naziri Binyamin Netanyahu Nyu-York rəsmisi Zohran Mamdanini antisemitizmdə və faktları təhrif etməkdə ittiham edib.
"Utanın! Faktları təhrif etdiyiniz üçün utanın. Qurban və təcavüzkar rollarının yerini dəyişdirdiyiniz üçün utanın. Həqiqətin üzünə tüpürdüyünüz üçün utanın, cənab Mamdani. Bu şəhərdə vəzifəyə seçildiyiniz vaxtdan bəri bir çox yəhudi artıq Nyu-Yorkda özünü təhlükəsiz hiss etmir. Onlar mənə deyirlər ki, bura artıq bizim xatırladığımız şəhər deyil," – deyə Netanyahu bəyan edib. Qəzza zolağındakı üç illik müharibə zamanı İsrailin hərəkətlərini müdafiə edən Baş nazir bildirib: "Sadə həqiqət budur: İsrail soyqırımı törətməyib. İsrail soyqırımın qarşısını alıb və əgər biz onları dayandırmasaydıq, cənab Mamdaninin Həmasdakı tərəfdarları bizə məhz bunu edərdilər". Qeyd edək ki, BMT-nin müstəqil komissiyası və bir sıra insan hüquqları təşkilatları İsraili Qəzzadakı müharibə zamanı fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham ediblər. Bu həftənin əvvəlində Mamdani Netanyahunu yenidən tənqid edərək, onu müharibə cinayətkarı adlandırıb. Bununla belə, rəsmi şəxs etiraf edib ki, seçki kampaniyası zamanı İsrailin Baş nazirini həbs edəcəyinə söz verməsinə baxmayaraq, onun Nyu-Yorkda olduğu müddətdə bunu həyata keçirmək səlahiyyəti yoxdur. Çərşənbə axşamı Netanyahu sosial şəbəkədə video paylaşaraq Mamdanini Həması dəstəkləməkdə və "Nyu-York yəhudilərinə qarşı iğtişaşlara təhrik etməkdə" ittiham edib. Mamdani isə videoda səsləndirilən ittihamları rədd edərək, Netanyahunu "fələstinlilərə qarşı dəhşətli soyqırımın memarı" adlandırıb.
SAMİRƏ