Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi 2025-ci ilin yanvarından faktiki olaraq irəliləmir. Həmin vaxt tərəflər delimitasiya işlərini Ermənistan-Azərbaycan-Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba, İran sərhədinə qədər davam etdirmək barədə razılaşmışdılar. Lakin ötən müddətdə bu istiqamətdə yeni işlərin aparılması barədə konkret məlumat verilməyib.
Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın ofisi delimitasiyanın niyə dayandırıldığı və prosesin nə vaxt bərpa olunacağı barədə açıqlama verməkdən yayınır. Eyni zamanda, delimitasiyanın hansı xəritə və ya sənəd əsasında aparılacağı da dəqiqləşdirilmir. Ermənistan tərəfi yalnız 1991-ci il Alma-Ata Bəyannaməsinin delimitasiya prosesinin əsas prinsipi olduğunu bildirir.
Bu vəziyyət delimitasiyanın növbəti mərhələsinin nə zaman və hansı istiqamətdə başlayacağı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini göstərir.
Delimitasiya prosesi niyə dayanıb və tərəflərin əldə etdiyi razılaşmanın icrası nə üçün bu qədər müddətdir təmin olunmur?
Akif Nağı: "Ermənistan hakimiyyəti ilə müxalif qüvvələrin sərhəd və ərazi məsələlərinə dair fərqli ritorikadan istifadə etməsi prosesin uzadılmasına şərait yaradır"
Politoloq Akif Nağı məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin delimitasiya və sülh prosesi ilə bağlı yanaşması məsələnin uzadılmasına hesablanıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi bir tərəfdən sülhdən, digər tərəfdən delimitasiya və demarkasiyadan danışır, lakin prosesin konkret nəticəyə çatdırılması üçün vaxt çərçivəsi müəyyənləşdirmir. Akif Nağı hesab edir ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası zamanı Qazax istiqamətində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin məsələsi də konkret şəkildə həllini tapmalıdır.
Politoloq bildirib ki, Kərki ilə bağlı Ermənistan daxilində səsləndirilən müxtəlif fikirlər də prosesə münasibətdə ziddiyyətli yanaşmaların olduğunu göstərir. Onun fikrincə, Ermənistan hakimiyyəti ilə müxalif qüvvələrin sərhəd və ərazi məsələlərinə dair fərqli ritorikadan istifadə etməsi prosesin uzadılmasına şərait yaradır.
Akif Nağı hesab edir ki, Ermənistan tərəfi müxtəlif ölkələrdə və regionda mümkün siyasi dəyişiklikləri gözləməklə danışıqlar prosesini uzatmağa çalışa bilər. Onun fikrincə, Ermənistan hakimiyyəti ABŞ, Rusiya və digər ölkələrdə baş verə biləcək siyasi dəyişikliklərin gələcək danışıqlara təsir göstərə biləcəyini nəzərə alaraq mövqelərini buna uyğun formalaşdırır.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi delimitasiya və digər prinsipial məsələlər üzrə konkret tələblərini ortaya qoymalı və onların icrası üçün aydın çərçivə müəyyənləşdirməlidir. O, xüsusilə Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, delimitasiya prosesinin davam etdirilməsi və Azərbaycan kəndlərinin məsələsinin həllini vacib hesab edir.
Akif Nağı xalq diplomatiyası və müxtəlif "sülh körpüsü" təşəbbüslərinə də ehtiyatlı yanaşılmasının tərəfdarıdır. O hesab edir ki, prinsipial məsələlər həllini tapmadan Azərbaycan-Ermənistan münasibətlərinin sürətli şəkildə istiləşdirilməsi doğru yanaşma deyil.
Politoloq vurğulayıb ki, iki ölkə arasında gələcəkdə iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulması mümkündür, lakin bunun üçün ilk növbədə sərhədlə, ərazi məsələləri və konstitusion müddəalarla bağlı mübahisəli məsələlər həll edilməlidir. Onun fikrincə, bundan sonra da münasibətlərin normallaşması prosesi ehtiyatlı və mərhələli şəkildə aparılmalıdır.
Siyasi şərhçi əlavə etdi ki, Paşinyanın Ərdoğanla görüşməyə xüsusi maraq göstərməsi Ermənistanın Zəngəzur dəhlizi reallaşmazdan əvvəl Türkiyə ilə sərhədin açılmasına hələ də ümid etdiyini göstərə bilər. Ermənistan bununla Türkiyə üzərindən alternativ ticarət və nəqliyyat imkanları əldə etməyə, regional proseslərdə mövqeyini gücləndirməyə çalışa bilər. Görüşün əsas məqsədlərindən birinin də bu məsələdə Türkiyənin mövqeyini dəqiqləşdirmək və irəliləyiş əldə etmək olması istisna deyil.
Dəniz NƏSİRLİ