Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati vəzifələrlə bağlı müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə 2 mərhələdən ibarət olacaq. Müsahibədə iştirak etmək üçün qeydə alınmış, vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verən şəxslərin sayı 5 nəfərdən çox olduqda, onlarla müsahibənin birinci mərhələsi keçiriləcək. Müsahibənin birinci mərhələsinin keçirildiyi vaxt və yer barədə məlumat müsahibənin keçirilməsinə azı 5 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və vakant vəzifənin aid olduğu dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək. Müsahibənin birinci mərhələsində müsahibədə iştirak edən şəxsin vakant vəzifənin təlimatı ilə müəyyən edilən tələblərə, o cümlədən qulluq funksiyalarına və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılacaq. Müsahibənin birinci mərhələsində azı 50 faiz nəticə əldə etmiş şəxslər arasından ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibənin ikinci mərhələsinə buraxılacaq. Beşinci yerə uyğun nəticəni birdən çox şəxs topladığı hallarda, müsahibənin birinci mərhələsində təqdim edilmiş tapşırıqlar üzrə prioritet ardıcıllığı tətbiq olunacaq. Bu zaman daha yüksək prioritetə malik tapşırıq üzrə daha yaxşı nəticə göstərmiş şəxsə üstünlük veriləcək. Nəzərdə tutulmuş tapşırıqların prioritet ardıcıllığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Müsahibədə iştirak etmək üçün qeydə alınmış, vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verən şəxslərin sayı 5 və daha az olduqda, onlar birbaşa müsahibənin ikinci mərhələsinə buraxılacaqlar. Müsahibənin ikinci mərhələsinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vakant vəzifənin aid olduğu dövlət orqanı ilə birgə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bir nümayəndəsi, dövlət orqanının bir nümayəndəsi və bir müstəqil ekspert daxil olmaqla üç nəfərdən ibarət tərkibdə müsahibə komissiyası yaradır.
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə 2-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması ilə bağlı müsahibə komissiyası yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilməklə yaradılacaq.
Müsahibənin ikinci mərhələsi müsahibədə iştirakla bağlı qeydə alınmış şəxsin razılığı ilə videoçəkiliş aparılmaqla keçiriləcək. Müsahibənin ikinci mərhələsi fərdi qaydada Azərbaycan Respublikasının dövlət dilində azı 20 dəqiqə aparılacaq. Müsahibənin ikinci mərhələsində müsahibədə iştirak edən şəxsin vakant vəzifənin təlimatı ilə müəyyən edilən tələblərə, o cümlədən qulluq funksiyalarına və müsahibə proqramına uyğun olaraq səriştələri yoxlanılmaqla, müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müsahibənin (müsahibənin birinci və İkinci mərhələlərinin) proqramlarının hazırlanmasında iştirak edəcək və təsdiqinə razılıq verəcək. Üzrlü səbəblər olmadan müsabiqənin müsahibə mərhələsi və ya daxili müsahibədə iştirak etməyən şəxslə, həmin vakant vəzifə üzrə elan edilmiş cari müsabiqə (daxili müsahibə) cərçivəsində yenidən müsahibənin keçirilməsinə yol verilməyəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, müsahibə bir mərhələdən ibarətdir. Başqa sözlə, “Dövlət qulluğu haqqında” qanuna görə, müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Hazırda qüvvədə olan qanuna görə, daxili müsahibə də bir mərhələdən ibarətdir. 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir.