Nazirlər Kabinetinin "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 2018-ci il 11 oktyabr tarixli qərarına edilən dəyişiklik dövlət maliyyəsinin idarə olunmasında yeni yanaşmanın tətbiqini nəzərdə tutur. Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, eləcə də icmal büdcə ilə əhatə olunan qurumlar 2028-ci ilin icmal və dövlət büdcəsi layihələri üzrə sifarişlərini yeni funksional və inzibati təsnifata uyğun hazırlamalıdırlar. Yeni təsnifat 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək, 2027-ci ildə isə test rejimində tətbiq olunacaq.
Büdcə təsnifatını dövlət vəsaitlərinin hansı sahəyə, hansı məqsədlə və hansı qurum vasitəsilə yönəldildiyini göstərən sistem kimi qiymətləndirmək olar. Funksional təsnifat "pul nəyə xərclənir", inzibati təsnifat isə "pulu hansı qurum xərcləyir" sualına cavab verir. Yeni yanaşmanın əsas əhəmiyyəti bu iki istiqamətin daha dəqiq uzlaşdırılmasıdır.
Bu dəyişiklik büdcə sifarişlərinin daha əsaslandırılmış hazırlanmasına, dövlət qurumlarının xərclərinin müqayisəsinə və eyni məqsədlər üzrə mümkün təkrarlanmaların müəyyənləşdirilməsinə imkan yarada bilər. Beləliklə, Maliyyə Nazirliyinin resursların bölüşdürülməsinə daha sistemli yanaşması və dövlət vəsaitlərinin səmərəliliyinə nəzarəti gücləndirməsi üçün imkan genişlənir.
Yeni təsnifatın büdcənin hazırlanması mərhələsindən tətbiq olunması da mühüm məqamdır. Qurumlar vəsaitin yalnız məbləğini deyil, onun hansı dövlət funksiyasına xidmət etdiyini və hansı istiqamətdə istifadə olunacağını daha dəqiq əsaslandırmalı olacaqlar. 2027-ci ildə test rejiminin tətbiqi isə texniki və metodoloji problemlərin əvvəlcədən müəyyənləşdirilməsinə və qurumların yeni sistemə uyğunlaşmasına şərait yarada bilər.
Dəyişikliyin əsas nəticələrindən biri büdcə intizamı və şəffaflığın gücləndirilməsi ola bilər. Xərclərin funksional və inzibati baxımdan dəqiq qruplaşdırılması dövlət vəsaitinin haraya yönəldildiyini və hansı qurumun sərəncamında olduğunu daha aydın göstərməyə imkan verəcək. Bu isə həm büdcə icrasına nəzarəti, həm də dövlət qurumlarının hesabatlılığını artıra bilər.
Yeni sistemin nəticəyönümlü büdcə idarəçiliyi üçün də texniki baza yaratması mümkündür. Burada əsas məsələ yalnız müəyyən sahəyə nə qədər vəsait ayrılması deyil, həmin vəsait hesabına hansı nəticənin əldə edilməsidir. Məsələn, səhiyyəyə ayrılan vəsaitin həcmi ilə yanaşı, göstərilən xidmətlərin miqyası və sosial-iqtisadi nəticələri də qiymətləndirilməlidir.
Bu baxımdan dəyişiklik sadəcə büdcə sənədlərində texniki kodların yenilənməsi deyil. Məqsəd dövlət xərclərinin daha dəqiq təsnifləşdirilməsi, büdcə sifarişlərinin əsaslandırılması, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi və resursların daha səmərəli bölüşdürülməsidir. Yeni sistemin real səmərəsi isə onun 2027-ci ildə test rejimində tətbiqindən, 2028-ci ildən praktik icrasından, büdcə məlumatlarının ictimaiyyətə açıqlanma səviyyəsindən və xərclərin konkret nəticələrlə əlaqələndirilməsindən asılı olacaq.
Akif NƏSİRLİ