Rəsul Cahangirli: “Azərbaycan öz imkanları hesabına alüminium sənayesini dirçəltmək gücündədir”
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışında bildirib ki, biz özümüz alüminium sənayesini inkişaf etdirməliyik:
“Əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət, dediyim kimi, 2030-cu ilin sonuna qədərdir”.
O da məlumdur ki, Azərbaycanda alüminium sənayesi ilə bağlı müəyyən təcrübə var. O baxımdan öz imkanlarımız hesabına bu sənayenin inkişaf etdirilməsi perspektivlərini ekspertlər necə dəyərləndir?
Ekspert Rəsul Cahangirli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycan öz imkanları hesabına alüminium sənayesini inkişaf etdirə bilər: “Çünki bununla bağlı həm təcrübə var, həm də xammal ehtiyatları mövcuddur. Sumqayıt Alüminium Zavodu SSRİ-də əlvan metallurgiyanın ən nəhəng müəssisələrindən biri idi. Sovet dövründə zavodun istehsal etdiyi məhsulların 75 faizdən çoxu dövlət keyfiyyət nişanı ilə buraxılır və SSRİ-nin 100-dən çox şəhərinə, həmçinin xarici ölkələrə ixrac edilirdi. Bura məişət soyuducuları üçün buxarlandırıcılar, alüminium qab-qacaqlar və müxtəlif ərintilər daxil idi. Müstəqillik illərində müəssisənin müəyyən bərpa işləri aparılsa da, köhnəlmiş texnologiya, xammal təminatı və ekoloji faktorlar səbəbindən tarixi Sumqayıt Alüminium Zavodunun fəaliyyəti 2009-cu ildə dayandırıldı. Hazırda STP Aluminium Zavodu Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərir. Sözügedən müəssisə regionda tam istehsal zəncirinə malik azsaylı zavodlardandır. Burada inşaat və mebel sektoru üçün beynəlxalq standartlara cavab verən alüminium profillər istehsal edilir və "Made in Azerbaijan" brendi ilə Danimarka, Polşa, Türkiyə, Qazaxıstan kimi ölkələrə ixrac olunur. Gəncədə də belə zavod var. Bir sözlə, Azərbaycan öz imkanları hesabına aliminium sənayesini dirçəltmək gücündədir”.
Vidadi ORDAHALLI