Baş nazir Nikol Paşinyan bildirib ki, əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən əhəmiyyətli amil Ermənistan-Azərbaycan münaqişəsi olub.
O, BMT Baş Assambleyasının kürsüsündən çıxış edərək bildirib ki, Rusiya ilə münasibətlər transformasiya mərhələsindədir və bu, təbii bir prosesdir: “Çünki əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən əhəmiyyətli amil Ermənistan-Azərbaycan münaqişəsi olub. İndi Azərbaycanla sülh qurduğumuz üçün Ermənistanla Rusiya arasındakı münasibətlər təbii olaraq dəyişəcək və biz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsini istəyirik". Baş nazir ümumilikdə ölkənin xarici siyasətindən danışarkən qeyd edib ki, Ermənistan çoxqütblülük məntiqinə əsaslanan balanslaşdırılmış kursa sadiqdir. Onun sözlərinə görə, son illərdə İrəvan Fransa, Çin, Almaniya, Böyük Britaniya və ABŞ da daxil olmaqla bir sıra ölkələrlə, eləcə də Avropa İttifaqı ilə strateji münasibətlər qurub. Eyni zamanda, Paşinyan bildirib ki, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi Ermənistanın xarici siyasətində əsas əhəmiyyət kəsb edir: "Digər iki qonşumuz - İran İslam Respublikası və Gürcüstanla münasibətlər bizim üçün müstəsna əhəmiyyət kəsb edir və mehriban qonşuluq münasibətlərimiz inkişaf etməyə və dərinləşməyə davam edir". Baş nazir bildirib ki, İrəvan Ankara ilə yüksək səviyyəli dialoq aparır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini "qətiyyətlə" irəli aparır. O əlavə edib ki, İran və Gürcüstanla münasibətlər Ermənistan üçün əsas əhəmiyyət kəsb edir.
Bu arada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Nyu-Yorkda gerçəkləşib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, hər iki nazir iki ölkə arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonrakı irəliləyişləri nəzərdən keçiriblər. Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yetirilib: "Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb". Həmçinin məlumata görə, nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Yekunda tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər. Halbuki, Ermənistan və Azərbaycan ekspertlərinin bugünlərdə İrəvanda keçirilməsi planlaşdırılan müzakirələri təxirə salınmışdı. Ermənistan tərəfdən bildirildiyinə görə, görüş Azərbaycan tərəfinin istəyi ilə "gərginlik azalanadək" təxirə düşüb.
Son günlər Ermənistanda iki ölkə arasında münasibətləri qızışdırmağa yönələn meyllər artıb. Belə ki, xarici lobbi və ekspert dairələrinin də iştirakı ilə Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb. Xüsusən də mədəni irs və diplomatların Qarabağ səfəri ətrafında süni gərginlik yaradılır. Belə ki, sentyabrın 11–12-də xarici ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri Ermənistanda əsassız şəkildə mənfi qarşılanıb.
Samirə SƏFƏROVA