Firdovsi Şahbazov: “Dağ-mədən sənayesi üzrə ixtisaslaşmış aparıcı xarici şirkətləri cəlb edə bilsək yaxşı olar”
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışında bildirib ki, əgər xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür:
“Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, sözügedən məsələdə hansısa xarici şirkətə yalvarası deyilik: “Əgər təklif olunan şərtlər sərfəlidirsə, o zaman niyə də olmasın? Ölkə iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri yalnız mövcud imkanlardan səmərəli istifadə etmək deyil, həm də ölkənin gələcək inkişafını təmin edəcək yeni iqtisadi istiqamətlər formalaşdırmaqdır. Bu baxımdan hesab edirəm ki, dağ-mədən sənayesinin inkişafına müxtəlif mənbələrdən nə qədər çox sərmayə cəlb etsək, bu bir o qədər həmin sahənin inkişafına təkan verəcək. Çünki qeyd edildiyi kimi, bu sahə sərmayə və əmək tutumludur. Hesab edirəm ki, dağ-mədən sənayesi üzrə ixtisaslaşmış aparıcı xarici şirkətləri cəlb edə bilsək yaxşı olar. Çünki bunun sayəsində həm yeni hasilat üsulları öyrəniləcək, həm də yeni texnologiyalara çıxış əldə ediləcək. Bu, yerli şirkətlər üçün də faydalı olacaq. Düzdür, Azərbaycanın bu işləri görməyə daxili resursları var. Ancaq yerli və xarici investorların cəlbi daha effektiv nəticələr əldə etmək üçün faydalıdır. Çünki 2027–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı Azərbaycanın mineral-xammal potensialının daha geniş şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur. Yəni hasilatla yanaşı emal sənayesinin inkişafını və daha yüksək əlavə dəyər yaradan istehsal zəncirlərinin qurulmasını özündə ehtiva edir. Burada əsas yanaşma xammalın sadəcə hasil edilərək ixrac olunması deyil, onun mümkün qədər ölkə daxilində emal edilərək hazır və ya daha yüksək əlavə dəyərli məhsula çevrilməsidir. Ona görə ki, təbii sərvətin iqtisadi əhəmiyyəti yalnız onun yerin təkindən çıxarılması ilə ölçülmür. Əsas məsələ həmin sərvətin emalından, texnologiyadan, yeni istehsal sahələrindən, ixtisaslı kadrlardan və formalaşan əlavə dəyər zəncirindən maksimum iqtisadi səmərə əldə etməkdir. O üzdün, bütün imkanları səfərbər etməliyik”.
Vidadi ORDAHALLI