Şakir Ağayev: “Lujkovun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, əlaqələrinin möhkəmlənməsində çox böyük xidmətləri olub”
Prezident İlham Əliyev Rusiyanın görkəmli dövlət xadimi, Moskvanın sabiq meri Yuri Lujkovu Azərbaycanın əsl dostu adlandırıb. Bu fikir Prezident Əliyevin sentyabrın 2026-cı ildə Moskvada Yuri Lujkovun anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə axşamının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Azərbaycanın Rusiyadakı səfiri tərəfindən oxunan müraciətdə bir neçə məqam vurğulanıb.
Azərbaycanda Yuri Lujkovun iki ölkə xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına mühüm töhfələr vermiş əsl dost kimi tanındığı və ona dərin hörmət bəslənildiyi qeyd olunub.
Müraciətdə Yuri Lujkov ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasındakı şəxsi dostluq əlaqələrinin və qarşılıqlı hörmətin iki ölkə arasındakı əlaqələrin genişləndirilməsində mühüm təməl rolunu oynadığı xüsusi vurğulanıb.
Lujkov bir dost kimi Azərbaycan üçün nə edib?
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev baki-xeber.com-a bildirdi ki, həqiqətən də ən çətin dövrlərdə Moskva şəhərinin meri olmuş Yuri Lujkov Azərbaycan Rusiya münasibətlərinin inkişafında müstəsna rol oynayıb. “Cənab Prezidentin müraciətində vurğulandığı kimi o, həqiqətən də Azərbaycanın dostu olub. Azərbaycan üçün nə edib? Əgər biz nəzərə alsaq ki, Azərbaycan və Rusiya müstəqil dövlətlər olandan sonra azərbaycanlı iş adamları üçün orada birbaşa Lujkovun dəstəyi ilə geniş şərait yaradılıb, onun Azərbaycanın reputasiyasının inkişafında da rolu danılmazdır.
Azərbaycanlı iş adamlarının Rusiya həyatına inteqrasiyası demək olar ki, Lujkovun dəstəyi ilə həyata keçirilib. Rusiya-Azərbaycan münasibətlərinin ən çətin və həssas dövrlərində müstəsna rol oynamış və iki ölkə arasında strateji bir vasitəçi missiyasını yerinə yetirmişdir. Lukkov təkcə Moskvanın meri deyildi, ümumiyyətlə Rusiya Federasiyası çərçivəsində, hətta deyərdim ki, dünya çapında sayılıb-seçilən siyasi xadimlərdən biri idi. Rusiya federal hakimiyyəti Lujkovun rəylərini həmişə nəzərə alıb. Belə bir adamın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində verdiyi təkliflər, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında oynadığı rol nəzərə alınırdı. Ona görə də, Prezident İlham Əliyev Lujkovu Azərbaycanın əsl dostu adlandırıb. Əgər biz rəqəmlərə baxsaq, o dövrdə bağlanan müqavilələrə istinad etsək görərik ki, Lujkovun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, əlaqələrinin möhkəmlənməsində çox böyük xidmətləri olub. Bu səbəbdən də Prezident Lujkov haqqında bu cür fikirlər səsləndirib”.
Ş.Ağayev qeyd etdi ki, Lujkovun Azərbaycan dövlətinə həmişə isti münasibət bəsləyib və bu səbəbdən də onun xatirəsi belə yad edilir.
İradə SARIYEVA