Latviyada keçirilən NATO təlimləri zamanı dörd italyan hərbçisi yaralanıb. Sky Tg24 xəbər verir ki, hadisə NATO-nun Ön Quru Qüvvələri (FLF) missiyasının bir hissəsi olaraq keçirilən atəş təlimləri zamanı Adaji təlim poliqonunda baş verib.
İtaliya mediasının məlumatına görə, 11-ci Bersalyeri alayının əsgərləri hərbi maşınlardan birində olarkən başqa bir İtaliya hərbi maşınına quraşdırılmış silahdan atəş açılıb. Yaralı dörd əsgərin hamısı dərhal Riqadakı tibb müəssisəsinə çatdırılıb. Hərbçilərdən biri daha ağır xəsarətlər alıb, lakin vəziyyəti stabil hesab olunur. İtaliya tərəfinin məlumatına görə, yaralılardan heç birinin ölüm təhlükəsi yoxdur.
Mənbələrə görə, təlim zamanı Dardo zirehli maşını təsadüfən qarşıda gedən oxşar bir maşına pulemyot atəşi açıb. Hücum zamanı onun arxa lyuku açıq olub, çünki əsgərlər maşından düşməyə hazırlaşırmışlar. Bu versiya hələ rəsmi olaraq təsdiqlənməyib. İtaliya Müdafiə Nazirliyi hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Agentliyin sosial mediada yaydığı açıqlamada deyilir: "Səbəbi müəyyən etmək və baş verənlərin tam mənzərəsini bərpa etmək üçün dərhal bütün zəruri araşdırmalara başlanılıb".
Tahir TAĞIYEV