Ağ Ev CNN nümayəndələrinin şənbə günü, 26 sentyabrda Tennessi ştatının Noksvill şəhərinə səfər zamanı ABŞ Prezidenti Donald Trampla birlikdə "Air Force One" təyyarəsində səyahət etməsinə icazə verməyib. Bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb. Bu qərar məhkəmənin CNN jurnalistlərinin Ağ Evə giriş hüququnu müvəqqəti bərpa etməsindən bir gün sonra qəbul edilib. CNN ənənəvi olaraq Ağ Evin televiziya "pul"unun (prezidentin fəaliyyətini işıqlandırmaq üçün bir neçə böyük telekanal arasında növbəli şəkildə fəaliyyət göstərən qrupun) bir hissəsidir. Telekanalın nümayəndələrinin Trampla birlikdə "Air Force One" təyyarəsində uçması və təyin olunmuş qrup üzvü kimi fəaliyyət göstərməsi nəzərdə tutulurdu. Lakin Ağ Ev şənbə günkü səfər üçün televiziya qrupu siyahısına kanalın müxbirlərini daxil etməyib. Eyni zamanda, CNN-i əvəz etmək üçün heç bir digər telekanal təyin olunmayıb. Ağ Ev nəşrin şərh tələbinə cavab verməyib. Daha sonra prezidentin şənbə günü üçün nəzərdə tutulan cədvəlində də əsas televiziya qrupu nümayəndəsinin adı qeyd olunmayıb. Məlum olduğu kimi, CNN, MSNBC və "Politico"nun girişinə məhdudiyyətlər qoyulduqdan sonra Ağ Evin televiziya qrupu prezidentin tədbirlərinin birgə işıqlandırılmasını dayandırıb. Bunun əvəzində Tramp administrasiyası prezidentin və onun administrasiyasının fəaliyyətini işıqlandırmaq üçün gecə-gündüz yayımlanan "Trump TV"ni işə salıb.
SAMİRƏ