Cümə axşamı BMT Baş Assambleyasında sərt çıxış edən İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudilər ona 34 yaşlı siyasətçinin ötən ilin noyabrında mer seçilməsindən bəri Nyu-Yorkda artıq özlərini təhlükəsiz hiss etmədiklərini deyiblər. "Siz mənim bura gəlməyimin qarşısını almağa çalışdınız. Cəhd etdiniz. Mənim səsimi kəsməyə çalışdınız. Lakin siz mənim səsimi kəsə bilməzsiniz. Siz həqiqətin səsini kəsə bilməzsiniz", - deyə o, cənab Mamdaniyə müraciətlə bildirib. "Ölkəm və cəsur əsgərlərimiz haqqında bu yalanları yayanların hamısına — istər bu zalda, istərsə də Nyu-Yorkun antisemit merinin ofisində olsun — deyirəm: sizə yazıqlar olsun!" Nyu-Yorkun ilk müsəlman meri Mamdani verdiyi açıqlamada Həmasın 7 oktyabr 2023-cü il tarixli hücumu ilə başlayan münaqişədən bəri 73 mindən çox insanın həyatını itirdiyi Qəzzada İsrailin hərəkətlərinə dair tənqidlərini bir daha dilə gətirib. "Baş nazir Netanyahu dəfələrlə etdiyi kimi, bu dəfə də çıxışından fələstinlilərə qarşı törətdiyi soyqırımı ört-basdır etmək məqsədi daşıyan əsassız yalanları təkrarlamaq üçün istifadə etdi. Lakin heç bir yalan onun Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham olunaraq barəsində həbs qərarı çıxarılması faktını dəyişə bilməz”- o deyib.
Keçən ilki seçki kampaniyası zamanı cənab Mamdani bildirmişdi ki, müharibə cinayətləri üzrə tribunal tərəfindən Netanyahu barəsində çıxarılmış həbs qərarının icrası üçün Nyu-York Polis Departamentinə (NYPD) göstəriş verəcək; lakin iyulun 21-də o, buna səlahiyyətinin çatmadığını etiraf edərək həmin bəyanatından geri çəkildi. Bundan sonra mer Beynəlxalq Cinayət Məhkəməsini tanımayan ABŞ hökumətini İsrail liderinə qarşı tədbir görməyə çağırıb. Mətbuat konfransında merə qoşulan Donald Tramp İsrail liderinin Nyu-Yorkda həbs olunmayacağını bildirib.
SAMİRƏ