Moskva İrəvan və Bakı arasında enerji əməkdaşlığının bərpasını alqışlayır, lakin Azərbaycandan qaz tədarükü üçün qaz kəmərinin çəkilməsi və uzunmüddətli müqavilələrin imzalanması tələb olunacaq. Bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bildirib.
"Ermənistan və Azərbaycan rəsmilərinin Azərbaycandan Ermənistana qaz tədarükü ehtimalı ilə bağlı son açıqlamalarını eşitdik. Ermənistan-Azərbaycan enerji əməkdaşlığının bərpasını alqışlayırıq ki, bu da regionda sülhün bərpası istiqamətində müsbət addım ola bilər" – deyən Şevtsov, uzun fasilədən sonra Azərbaycandan Ermənistana dizel yanacağı və benzin göndərilməsini qeyd edib.
Azərbaycandan Ermənistana qaz tədarükü ehtimalından danışan Rusiya Təhlükəsizlik Şurası katibinin müavini bildirib ki, "tərəflər razılaşırlar ki, hazırda qazın çatdırılması çətindir - yeni qaz kəmərinin çəkilməsi zəruridir".
"Və bu, öz növbəsində, yalnız uzunmüddətli müqavilələr və sabit tələbat şəraitində özünü doğruldur", - deyə Şevtsov qeyd edib.
Tahir TAĞIYEV