İkinci Qarabağ müharibəsi, 1990-cı illərdəki Birinci Qarabağ savaşından sonra Dağlıq Qarabağ ətrafında Azərbaycan və Ermənistan silahları qüvvələri arasında yaşanan ən böyük silahlı toqquşma kimi tarixə düşüb. 30 ildən çox davam edən münaqişə ətrafındakı hərbi0-siyasi vəziyyət məhz həmin 44 gün ərzində kökündən dəyişdi.
Müharibənin səbəbləri yalnız 2020-ci ilin sentyabr ayının son günlərində baş verən hadisələrin araşdırılması ilə izah oluna bilməz. Azərbaycanın apardığı Şanlı Qələbə çaldığı Vətən müharibəsi bir sıra amillərin kombinasiyasının nəticəsi idi. Bu kontekstdə ərazilər üzərində Azərbaycanın suveren hüquqlarının bərpasının vacibliy, danışıqlarda irəliləyişin olmaması, siyasi həll tapılmadan uzun müddət davam edən atəşkəs, tərəflərin hərbi potensialını artması, dəyişən regional güc balansı və 2020-ci ilin yayında baş verən bir sıra silahlı toqquşmalar kimi amillər xüsusi əhəmiyyət kəsb edirdi.
2020-ci il Vətən Müharibəsinə qədər Ermənistan təmas xətti və Azərbaycanla dövlət sərhədi boyunca ardıcıl olaraq silahlı təxribatlar törədirdi ki, bu da regionda gərginliyin kəskin şəkildə artmasına səbəb olurdu. Bu cür sistemli təxribatlar sülh prosesini pozmağa, işğal status-kvonu qorumağa və yeni strateji mövqeləri ələ keçirməyə yönəlmişdi.
Belə ki, 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində dövlət sərhədindəki Azərbaycan mövqelərini atəşə tutdular. Bu hadisənin əvvəlkilərdən fərqi döyüşlərin Qarabağ zonasından kənarda və iki dövlət sərhədində baş verməsi idi. Ermənistanın əsas məqsədinin strateji yüksəklikləri ələ keçirmək və Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizlərini (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu) təhdid yaratmaq olduğu heç bir şübhə doğurmurdu.
Bundan bir ay sonra, 2020-ci ilin avqustunda Ermənistan silahlı qüvvələrinin təxribat və kəşfiyyat qrupu Azərbaycanın Goranboy rayonu istiqamətində təxribata cəhd göstərdi. Həmin təxribatın qarşısı alınarkən erməni qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan saxlanılmışdı.
Hər iki silahlı təxribatlardan sonra Azərbaycan gələcəkdə belə cəhdlər təkrarlanacağı halda artıq assimmetrik addımlar atacağı barədə həm Ermənistana, həm də guya münaqişənin dinc yolla həllinə çalışan, əslində isə mövcud status-kvonu qoruyub saxlamağa çalışan ATƏT-in Minsk qrupunun həmsədlərinə ciddi mesajlar ünvanlamışdı.
Lakin rəsmi Bakının xəbərdarlıqlarına rəğmən, 2020-ci ilin 27 sentyabr tarixi ərəfəsində Ermənistan tərəfi atəşkəs rejiminin pozulması hallarını kəskin şəkildə intensivləşdirərək ağır artilleriya və canlı qüvvəni cəbhə xəttinə yerləşdirdi və təkcə hərbi mövqeləri deyil, həm də Azərbaycandakı mülki yaşayış məntəqələrini atəşə tutdu.
Məhz bundan sonra Azərbaycan Ordusu sentyabrın 27-də Ermənistan qüvvələrinin güclü atəşinə cavab olaraq ərzailərimizin işğqaldan azad olunması istiqamətində əks-hücuma keçdi.
Yeri gəlmişkən, BMT-yə rəsmi müraciətində Azərbaycan rəsmi Bakı 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və ətraf yaşayış məntəqələrini iri çaplı silahlar, artilleriya və minaatanlardan istifadə edərək intensiv atəşə tutduğunu, bundan sonra isə Azərbaycanın əks-hücuma keçdiyi bildirdi.
Əslində 2020-ci ilə münaqişə bölgəsində paradoksal bir vəziyyət yaranmışdı. Formal olaraq atəşkəs rejimi qüvvədə idi, lakin fundamental məsələlər - Dağlıq Qarabağın statusu, əhalinin təhlükəsizliyi, köçkünlərin geri qayıtması, ərazi üzərində Azərbaycanın suveren hüquqlarının bərpası və Azərbaycan-Ermənistan münasibətlərinin gələcək arxitekturası problemləri öz həllini tapmamış qalırdı.
Bu baxımdan, Vətən Müharibəsi siyasi vakuumun yox, otuz il ərzində münaqişənin sülh yolu ilə həlli çərçivəsində aparılan danışıqların heç bir nəticə verməməsinin nəticəsi idi.
Beləliklə, İkinci Qarbağ Müharibəsinin əsas səbəbləri kimi Ermənistan tərəfinin artıq iki dövlət arasındakı sərhəddə 2020-ci ilin iyul ayında törətdiyi silahlı təxribatları, atəşkəs rejimini davamlı şəkildə pozması, təmas xətti boyunca hərbi təxribatlara əl atması, İrəvanın hərbi-siyasi ritorikasının güclənməsi, habelə mövcud status-kvonun saxlanmasına yönəlmiş cəhdləri göstərmək olar.
Buna görə də, Azərbaycanın Vətən Müharibəsi tammiqyaslı müharibə ehtimalını tədricən artıran silahlı insidentlər zəncirindən və siyasi qərarlardan ibarət tarixi hadisə kimi qiymətləndirilməlidir.
Bu mənada, Azərbaycanın qətiyyətli siyasi mövqeyi əhəmiyyətli rola malik idi. Ermənistanın və həmsədrlərin mövcud tatus-kvonun qorunub saxlanmasına yönəlik siyasəti Azərbaycan tərəfində narazılığı daha da artırırd. Rəsmi Bakı mütəmadi şəkildə olaraq ərazi bütövlüyünün bərpasını və işğal olunmuş rayonların qaytarılmasını tələb edirdi. Lakin onilliklər ərzində davam edən danışıqlar çərçivəsində bu ziddiyyətli mövqeləri uzlaşdıra biləcək bir mexanizm formalaşdırmaq mümkün olmadı. Hərçənd, Azərbaycanın ədalətli mövqeyi özlüyündə bilavasitə beynəlxalq hüquq normalarını ehtiva edirdi.
Müharibənin ilk günləri artilleriya, raketlər, zirehli texnika və pilotsuz uçuş aparatlarının genişmiqyaslı istifadəsi ilə xarakterizə olunurdu.
Azərbaycan tədricən cənub istiqamətində irəliləyiş əldə etdi. Daha sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilər də daxil olmaqla bir sıra yaşayış məntəqələrini və rayonları işğaldan azd etdi.
Müharibənin son mərhələsində əsas hadisə Şuşa şəhəri üzərində Azərbaycanın nəzarətinin bərpası. Bunun ardınca Ermənistan qüvvələrinin hərbi vəziyyəti xeyli pisləşdi və 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli bəyanat imzalandı.
Vətən Müharibəsinin fundamental hərbi-siyasi nəticəsi ərazi vəziyyətində köklü dəyişiklik oldu.
Azərbaycan 1990-cı illərdən bəri Şuşa şəhəri də daxil olmaqla, Ermənistanın işğğalı altında olan ərazilərin mütləq əksər hissəsi üzərində suveren dövlətçilik nəzarətini bərpa etdi.
Bundan əlavə, Ağdam, Kəlbəcər və Laçının qaytarılması ilə Birinci Qarabağ müharibəsindən sonra mövcud yaranmış status-kvonun əhəmiyyətli bir hissəsi ləğv edildi.
Bu reallıq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfinin isə sarsıdıcı hərbi-siyasi məğlubiyyəti demək idi. Təsadüfi deyil ki, rəsmi İrəvan özü o vaxta qədər Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı ərazilərin əhəmiyyətli bir hissəsinin itirildiyini etiraf etdi.
2020-ci il Vətən Müharibəsinin nəticələri əslində Cənubi Qafqazda yeni bir təhlükəsizlik sistemi və geosiyasi kofiqurasiya yaratdı.
Əvvəla, Azərbaycan uzun müddət işğal altınad olmuş ərazilərinin çox böyük bir hissəsini azad edərək onlar üzərində dövlət nəzarətini rəsmiləşdirdi.
İkincisi, Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi əməliyyatlar olmadan boşaldılmasına məcbur edildi.
Üçüncüsü, Azərbaycan Laçın dəhlizinin Dağlıq Qarabağla Ermənistan arasında əlaqə rolu oynamasına icazə verdi.
Dördüncüsü, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması perspektivi barədə niyyətlər açıqlandı.
Beləliklə, 44 günlük müharibə sadəcə başqa bir hərbi əməliyyatlar dövrünə son qoymaqdan daha böyük diapozana malik tarixi hadisədir. Azərbaycanın Vətən Müharibəsində qazandığı Şanlı Zəfər faktiki olaraq 1990-cı illərin əvvəllərindən bəri mövcud olmuş əvvəlki hərbi-siyasi status-kvoya xitam verdi.
Bu isə, öz növbəsində, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi konfiqurasiya çərçivəsində Rəsmi Bakının regional təhlükəsizliyin təminatının təməlini təşkil edən sülh gündəliyinin qəbul olunmasını şərtləndirdi.
Sahil İsgəndərov, politoloq