Ukrayna Prezidentinin Aparatı “Bloomberg”in ABŞ Prezidenti Donald Trampın Zelenskini Putinlə görüşmək üçün Moskvaya dəvət etməsi, lakin Zelenskinin bu rədd edilməsi barədə xəbərini təkzib edib.
Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin Ukrayna "Ukrayinskaya Pravda" qəzetinə bu məlumatın yalan olduğunu deyib.
“Bloomberg” bundan əvvəl mənbələrə istinadən Ağ Ev rəhbərinin bu təklifi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna prezidenti ilə görüş zamanı irəli sürdüyünü bildirmişdi. İddia edilirdi ki, Zelenski bu təklifdən imtina edib. Ukrayna liderinə yaxın mənbələr də agentliyə bildiriblər ki, Zelenski Trampın təklifindən narazı qalıb.
Onu da qeyd edək ki, Zelenski və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda Tramp administrasiyasının nümayəndələri ilə ayrı-ayrı görüşlər keçiriblər. “Bloomberg”in məlumatına görə, Vaşinqton qlobal dizel yanacağının qiymətlərinin artması fonunda Moskva və Kiyevin enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəlməsində israr edib.
Rusiya tərəfi dəfələrlə Putinlə Zelenski arasında görüşün yalnız Moskvada mümkün ola biləcəyini vurğulayıb. Sentyabrın 23-də Rusiya prezidentinin mətbuat katibi Peskov Ukrayna prezidentinin "istəsə, Moskvaya gələ biləcəyini" və burada "ona lazımi təhlükəsizlik zəmanətlərinin veriləcəyini" bildirib.
İyun ayında Putin Zelenskinin rusiyalı iş adamı vasitəsilə şəxsi görüş tələb etdiyini bildirib. Sonradan Ukrayna prezidentinin bu mesajı Kreml liderinə Roman Abramoviç vasitəsilə çatdırdığı iddia edilib.
Tahir TAĞIYEV