ABŞ-da bir qrup senator Prezident Trampı Rusiya prezidenti Putinə dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvəti ləğv etməyə çağırıb.
“The Washington Post” qəzetinin məlumatına görə, Ağ Evə göndərilən məktub Respublikaçı və Demokratlardan ibarət 14 senator tərəfindən imzalanıb.
"Rusiyanın Ukraynaya qarşı tammiqyaslı, təcavüzkar müharibəyə başlamasına görə məsuliyyət tamamilə Putinin üzərinə düşür . Onun ABŞ-da keçiriləcək G20 sammitində iştirakına icazə verilməsi Ukraynada mülki hədəflərə gündəlik olaraq zərbələr endirməyə davam edən hakimiyyətin legitimləşdirilməsi və normallaşdırılması ilə bağlı ciddi narahatlıqlar doğurur" – deyə senatorlan Ağ Evə göndərdikləri məktubda bildiriblər.
Senatorlar həmçinin qeyd ediblər ki, Vladimir Putin və Rusiya nümayəndə heyətinin digər üzvləri Vaşinqtonun milli təhlükəsizliyə təhdid hesab etdiyi hərəkətlərə görə ABŞ sanksiyalarına məruz qalıblar. Onlar hesab edirlər ki, əgər Putin beynəlxalq ictimaiyyətdən təcrid olunmasa, Rusiya prezidentinin Ukraynadakı müharibəyə son qoymaq üçün motivasiyası azalacaq.
Qeyd edək ki, bir müdddət əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya prezidenti Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunduğunu açıqlayıb. Rubio səfərin Rusiya lideri üçün ABŞ prezidenti Donald Tramp və digər dövlət və hökumət başçıları ilə danışıqlar aparmaq üçün bir fürsət olacağını bildirib. Kreml hələlik bu dəvətə cavab verməyib.
Tahir TAĞIYEV