Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının (PSRC) məlumatına görə, Ermənistan, Azərbaycan və Gürcüstan nümayəndələri üç ölkənin enerji sistemlərinin qarşılıqlı inteqrasiyası və Türkiyənin enerji şəbəkəsinə qoşulma imkanlarını müzakirə ediblər.
“Cənubi Qafqaz ölkələrinin enerji sistemlərinin qarşılıqlı inteqrasiyası və regional enerji əməkdaşlığının dərinləşdirilməsi imkanları, eləcə də regionun enerji sistemlərini Türkiyənin enerji sisteminə qoşmaq üçün mümkün addımlar müzakirə edilib”, - deyə PSRC-nin mətbuat xidməti bildirib.
Görüş Tbilisidə Enerji Tənzimlənməsi üzrə Ümumdünya Forumu (WFER IX) çərçivəsində baş tutub və Ermənistan Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının (PSRC) rəhbəri Mesrop Mesropyan, Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) sədri David Narmani, Azərbaycan Enerji Tənzimləmə Agentliyinin (AERA) sədri Samir Axundov, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Pedro Verdella və EU4Energy proqramının nümayəndələri iştirak ediblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Ermənistan və Azərbaycanın enerji sistemlərinin TRIPP layihəsinin bir hissəsi olaraq birləşdiriləcəyini bildirmişdi.
TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçərək 42 km uzunluğunda yol boyunca Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.
Tahir TAĞIYEV