Aleksandr Vuçiç sentyabrın 27-də Serbiya prezidenti vəzifəsindən istefa verib. “Tanjug” xəbər verir ki, o, istefasını Belqraddakı Prezidentin Baş Katibliyi binasında xalqa axşam müraciəti zamanı elan edib.
Vuçiç istefa verdikdən sonra siyasi fəaliyyətini davam etdirmək və qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir. Vuçiç iki prezident seçkilərində göstərdikləri dəstəyə görə vətəndaşlara təşəkkür edib: "Bu gün istefa verdiyim gündür".
O, həmçinin dövlət başçısı vəzifəsində çalışmağı böyük şərəf hesab etdiyini bildirib.
Vuçiç əvvəllər 27 sentyabrda prezidentlikdən gedərək adi vətəndaş kimi parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlamışdı. Oktyabrın 25-nə təyin olunmuş növbədənkənar seçkilərdə o, Serbiya Proqressiv Partiyası və onun tərəfdaşları tərəfindən formalaşdırılan "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" siyahısına rəhbərlik edir.
İstefadan sonra Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç müvəqqəti olaraq prezidentin vəzifələrini icra edəcək. Serbiya qanunvericiliyinə görə, prezident seçkiləri dövlət başçısının səlahiyyətlərinin bitməsindən ən geci üç ay sonra keçirilməlidir.
Beləliklə, Serbiyada qarşıdakı aylarda iki milli seçki keçiriləcək: parlament seçkiləri oktyabrın 25-də, prezident seçkiləri isə dekabrın sonuna planlaşdırılır.
Vuçiç 2017-ci ildən Serbiyanın Prezidenti vəzifəsində çalışır. 2022-ci ildə o, ikinci müddətə yenidən seçilib və bu müddətin 2027-ci ilə qədər davam etməsi planlaşdırılırdı. O, bu vəzifəni təxminən doqquz il yarım tutub.
İstefasından əvvəl Vuçiç vəzifəsindən işinin nəticələri ilə qürurla ayrıldığını bildirmişdi. RTS-ə verdiyi müsahibədə o, həmçinin son bir il yarım ərzində baş verən hadisələrlə əlaqəli bir sıra şəxslər üçün əfv və amnistiya qərarları hazırladığını bildirib və qeyd edib ki, bu tədbirlər, onun fikrincə, ölkədəki gərginliyin azaldılmasına kömək edə bilər.
Vuçiç istefa vermək niyyətini ilk dəfə 14 sentyabrda elan etmişdi və 24 sentyabrda Nyu-Yorkda bunu 27 sentyabr axşamı edəcəyini və eyni zamanda qərarını izah edəcəyini açıqlamışdı.
Tahir TAĞIYEV