Dövlətlər də insanlar kimidir. Dostu, düşməni olur… Düşməndən qorunmaq üçün ciddi-cəhdlə çalışdığın vaxt zərbəni dost bildiklərindən alırsan... Düşmənin zərbəsindən qat-qat çox dostun xəyanətindən, ikibaşlı oyunlarından sarsılırsan… Nümunələrə baxaq.
Azərbaycanın dostu-qardaşı kimi görmək istədiyimiz və bununla qürur duyduğumuz Türkiyə ilə dostluğun, qardaşlığın, strateji müttəfiqliyin AKP iqtidarı dövründə hər gün, hər saat güclənən proses olduğunu bütün dünyaya təlqin və qəbul etdirməyə çalışdıq.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Prosesin böyük gələcəyinə inanaraq bunları etdik… Strateji inamımıza uyğun gəlməyən, onu zədələyən siyasi davranışlar görəndə dərhal üstünü ört-basdır etməyə, bunu Türkiyə AKP iqtidarının siyasəti yox, hansısa məmur əfəndinin guya yanlış davranışı kimi qələmə verərək üstündən keçməyə çalışdıq. Ümid etdik ki, bu sonuncu olar... Son isə gəlmədi, gəlmir…
Soruşulsa ki, çoxlarının ideal dostluq və qardaşlıq kimi təsəvvür etdiyi Türkiyə-Azərbaycan münasibətləri xatirinə kim daha çox fədakarlıq edir - AKP iqtidarı, ya Azərbaycan, Türkiyə rəhbərliyi elə danışacaq ki, sanki Azərbaycan özünün bu günkü bütün varlığını və duruşunu AKP iqtidarına borclu imiş... Sanki Azərbaycanı sabitləşdirən, Avropa ilə Asiyanın arasında güclü yük-nəqliyyat-enerji -tranzit məntəqəyə çevrilməsini onlar şərtləndiriblər...
Erməni işğallarının hələ fakt olduğu vaxtlarda Azərbaycanın mənafelərinə zidd düşünülmüş bəzi məlum niyyətlərin gerçəkləşməsinin qarşısını çətinliklə almadıqmı? 2009-cu ildə Azərbaycanın çiyinləri arxasında Ermənistanla sırf özəl maraqlar çərçivəsində imzalanmağa hazırlanmış Sürix protokolları deyilən "arxadan zərbə" aktlarının qarşısını biz almadıqmı?! Sürix protokollarının bər-bəzəkli maddələri arxasında bəzi ölkələrdən qopardılacaq milyardlarla ticarət pulları gözlərini o qədər tutmuşdu ki, prezident Abdulla Gülü hətta İrəvana futbol matçına da yolladılar. Bir o qaldı ki, Sarkisyanın oğlunun toyunda qol götürüb "yallı getsinlər"... Azərbaycan mediası o zaman hay-küy salanda adını qoymağa çalışdılar ki, guya bütün bunları edən Amerikada kök salmış FETÖ- çulardır... Nə əcəb Azərbaycan mediasının açıq, Azərbaycanın dövlət adamlarının diplomatik etirazları olana qədər bütün bunların FETÖ oyunu olduğunu demədilər?! Çünki yalan idi, həm də öz niyyətlərini FETÖ adı ilə gerçəkləşdirmək istəyirdilər, necə deyərlər, iş başında yaxalanmışdılar…
Bizə minnət qoyduqları məqamların biri ərazilərimizin işğaldan azad edilməsidir… Sanki bu xalq, onun döyüşən ordusu, torpaq bütünlüyü üçün son övladını, yeganə balasını qurban verməyə hazır olan cəmiyyət, ölkənin bütün güc və potensiallarını Zəfər səfərbərliyinə alan İlham Əliyev kimi birləşdirici güc mərkəzi yox imiş... Ərdoğanın özü şəxsən "Qarabağa necə girdiksə, Fələstinə də o cür girərik" demədimi? Bu, Azərbaycan xalqının böyüklüyünü, gücünü hədsiz aşağılamaqla Türkiyənin dəstəyini qardaşlığa xələl gətirəcək qədər şişirtmək cəhdi deyilmi?! İnkar etmir, Türkiyə cəmiyyətinin, dövlətin həmrəylik dəstəyini danmırıq. Ancaq hər şeyin bir həddi var və olmalıdır... Türkiyənin o zamankı mövqeyi Azərbaycan-Ermənistan müharibəsinə kənar qüvvələrin müdaxilə istəklərini neytrallaşdırdı. Bu doğrudur. Ancaq o da həqiqətdir ki, Azərbaycan böyük siyasətdə heç nəyin qarşılıqsız olmadığını əla bildiyi üçün heç kimə nəyisə borclu qalmayıb...
Torpaqlarımızı İlham Əliyevin misilsiz bacarığı, ordumuzun gücü, bütün beynəlxalq təşkilatlardan çıxardığımız dəstək qətnamələri sayəsində əldə etdik, bunda Türkiyənin payı danılmazdır, lakin həlledici deyil... Əgər torpaqlar bunların sayəsində yox, AKP iqtidarının "cahanşümül rolu" ilə azad edildisə, bu hadisə niyə 2018-ci ildə baş vermədi? Axı 2 il az vaxt deyil. Bu hadisəni 2 il gecikdirən məhz AKP iqtidarı oldu. Bilirsinizmi nə üçün? 2018-ci ilin aprel-may aylarında İrəvan hakimiyyət dəyişməsinin odları içində yanırdı. Əsl məqamı idi. Ermənilər özləri bizim torpaqlarımızı ölkəmizdəki daxili siyasi təlatümlərdən istifadə edərək işğal etməmişdilərmi? Eyni zərbəni biz vursaydıq, olmazdımı? Ancaq Azərbaycan üçün düşmüş bu nadir fürsəti gerçəkləşdirmək o zaman AKP iqtidarının marağında deyildi. Türkiyə iqtidarı həmin ilin iyununda xalq tərəfindən birbaşa seçiləcək ilk prezident seçkilərinə hazırlaşırdı. Türkiyədə daxili siyasi vəziyyət yaxşı deyildi. ABŞ-la münasibətlər "15 temmuz oyunbazlığına" görə düşmənçilik həddində idi. FETÖ-nun təhvil verilməsi tələb edilirdi. 20-dən çox istintaq dosyesi ABŞ-a verilmişdi. ABŞ vətəndaşı keşiş Bransonu dama basmışdılar ki, Tramp hakimiyyətinə təzyiqlə Fətullah Güləni geri alsınlar. İstanbulun küçə-meydanlarının sifarişlə doldurulmuş izdihamları qarşısında "Ey Tramp, ey Tramp" hayqırtılarının baş alıb getdiyi günlər idi... AKP iqtidarı o zaman Rusiya ilə də ciddi problem içində idi. Rus qırıcısının vurulması və səfir Korolyovun qətli münasibətləri az qala müharibə həddinə çatdırmışdı. AKP dizaynerləri Putini oyuncaq bir təyyarə üçün Ərdoğanın qarşısında “göz yaşı tökən miskin" durumda təqdim etməkdən ləzzət çəkirdilər. Həmin vaxtlarda Azərbaycanın özü üçün çox əlverişli şəraitdə Ermənistana müharibə zərbələri vurmasının qarşısını məhz AKP iqtidarı kəsdi. AKP-lilər belə bir yanlış hesab apardılar ki, Azərbaycanın öz haqq müharibəsinə məhz o zaman başlaması onları pis vəziyyətdə qoya bilər. Belə ki, neytral qala bilməyəcəklər, Azərbaycana sözdə də olsa dəstək verməyə məcbur qalacaqlar, ABŞ dövləti ilə FETÖ probleminə görə onsuz da gərgin münasibətdədirlər, üstəlik Azərbaycana görə Rusiya ilə də kəllə-kəlləyə gəlmək... 2018-ci ilin iyununda bütün bunlar AKP strateqlərinin səhv hesablarına görə prezident seçkilərində labüd məğlubiyyət təhlükəsi yarada bilərdi... Beləliklə, AKP iqtidarı Azərbaycanın öz torpaqlarını 2 il daha tez azad etməsini öz hakimiyyət maraqlarına qurban verdi...
Türkiyənin 1993-cü ildəki iqtidarı Ermənistanla sərhədi bağlamasaydı, AKP iqtidarının bu addımı atacağına əsaslı şübhələr var... Sadəcə daha əvvəlki iqtidarların Azərbaycan üçün etdiyini pozmağa cürət etmədilər...
AKP iqtidarı Azərbaycanın fərqli milli və dövlət maraqlarının ola biləcəyi və olmağı ilə barışmaq istəmir. Dəfələrlə "bütün hallarda Azərbaycan bizim dediyimizi etməlidir" kimi tövr nümayiş etdiriblər. Halbuki AKP hakimiyyətinin Fələstində, Qəzzada, Livanda hansı "islam davasını" döydüyünü özü bilər. Bu onların öz partiya maraqlarına uyğun ola bilər. Ancaq Azərbaycanın AKP partiya maraqlarından fərqli və üstün dövlət maraqları inkar edilə bilməz. Azərbaycan İsraillə öz siyasətini niyə AKP-nin ifrat ittihamçı ritorikası əsasında qurmalıdır ki?! Məgər islamın və müsəlmanların müdafiəçisi və hamisi olmağın tək yolu AKP-sayağı ittihamçılıqdır? Elə bu günlərdə Prezident İlham Əliyevin "islama qarşı elan olunmamış müharibə gedir" bəyanatı ümumdünya müsəlman həmrəyliyi üçün az iş görür? Nəinki İstanbulun, Ankaranın meydanlarında, Qalata körpüsündə AKP-sayağı İsraili asıb-kəsmək taktikası... Bütün işi-gücü öz hakimiyyətini ötür-ötürlə davam etdirmək üçün ölkəni İsraillə müharibəyə soxmaq, ya da İsraillə qanlı düşmənçilik və müharibə ərəfəsi görüntüsü yaratmağa yönəlib. Azərbaycan belə təhlükəli siyasətdə niyə sənin yanında durmalıdır ki?! Azərbaycan regional çevrədə tək Ermənistandan başqa hamı ilə xoş münasibətlər içindədir. AKP Türkiyəsinin tək Azərbaycandan başqa kiminləsə dostluq içində olduğunu söyləmək mümkün deyil... O da Azərbaycanın təmkinli və sadiq siyasəti hesabınadır... İsraillə niyə bizim kimi davranmırsınız deyərək Azərbaycanı nə qədər qovmaq olar? Trol medianın dili ilə Azərbaycana qarşı nə qədər kampaniya aparmaq olar? Azərbaycanın daxili işlərinə nə qədər müdaxilə etmək olar? Azərbaycan sekulyar dövlət quruculuğu yolu ilə asta-asta təmkinlə gedir. Ölkəni az qala 100 illik demokratiya və seçki ənənəsindən uzaqlaşdıran siz deyilsiniz?
İndi görürük ki, kiçik, lakin iradəli Azərbaycanı özündən asılı edə bilmədikdə, bunun qisasını başqa yollarla almağa girişiblər. Azərbaycandan xəbərsiz Ermənistanla sərhədi açmaq niyyətlərinin "lələkləri" görünməyə başlayıb. İki gün qabaq BMT-də Paşinyanla o "qapalı görüş" nə üçün idi? Heç olmasa, media qarşısına çıxaraq "Azərbaycansız sərhəd açıla biıməz" demək olmazdı?! Ermənistan Zəngəzur dəhlizinə bircə maşın çınqıl da boşaltmayıb hələ... Qarsda Ermənistanla sərhədin açılmasına şıdırğı hazırlıq gedir... Yəqin bir azdan 2009-cu ildə Qars bələdiyyəsinin AKP-li sədri Əlayif bəyin dağ başında ucaltdığı "türk qızı ilə erməni oğlanın qucaqlaşma" heykəlini yenidən tikəcəklər... O zaman Azərbaycandan Qarsa getmiş baş redaktorlar heyəti olaraq həmin heykəli güc-bəla ilə sökdürdük...
Türkiyədə hazırkı anti-Azərbaycan media kampaniyası əslində siyasi kampaniyadır və hakimiyyət tərəfindən idarə olunur...
Tahir TAĞIYEV