Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Rusiyanın rəsmi razılığı olmadan Rusiyanın S-400 zenit-raket sistemlərini üçüncü tərəfə verə və ya sata bilməz. S-400 məsələsinin necə həll olunacağı və Türkiyənin bu sistemləri sata biləcəyi ilə bağlı sualı cavablandıran Lavrov, Moskva ilə Ankara arasında bağlanmış müqavilənin şərtlərini xatırladıb.
"S-400 sistemləri müqavilənin sonuna qədər son istifadəçi sertifikatına tam uyğunluğu nəzərdə tutan müqavilə çərçivəsində təhvil verilib. Onlar çox yaxşı bilirlər ki, əgər bu sistemləri öz sərhədlərindən kənara çıxarmaq istəsələr, bunu bizim rəsmi razılığımız olmadan edə bilməzlər", - deyə Rusiya xarici işlər naziri bildirib.
Lavrovun sözlərinə görə, Türkiyə hələlik Rusiyaya belə bir sorğu göndərməyib. "Belə bir müraciət olmayıb", - deyə nazir vurğulayıb.
Rusiya S-400 sistemlərini Türkiyəyə 2019-cu ilin iyul ayında tədarük etməyə başlayıb. Sistemin alınması üçün müqavilə 2017-ci ilin aprel ayında imzalanıb. İlk batareya 2019-cu ilin iyul ayında, ikincisi isə həmin ilin sentyabr ayında təhvil verilib və bundan sonra Türkiyə sistemi istismara hazırlamağa başlayıb.
Rusiya sistemlərinin alınması Ankara ilə Vaşinqton arasında ciddi gərginliyə səbəb olub. ABŞ Rusiya sisteminin Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələri ilə uyğunsuz olduğunu və təhlükəsizliyinə təhdid yaratdığını bildirib. 2019-cu ilin iyul ayında Pentaqon Türkiyənin F-35 proqramında iştirakına son qoymaq prosesinə başlayıb və bu qərarı birbaşa Ankaranın S-400 alması ilə əlaqələndirib.
Həmin vaxt Türkiyə F-35 proqramında beynəlxalq tərəfdaşlardan biri idi və qırıcı təyyarə üçün komponentlərin istehsalında iştirak edirdi. Vaşinqtonun qərarından sonra onun proqramda iştirakı məhdudlaşdırılmağa başlandı və türk mütəxəssisləri üçün təchizat və təlim dayandırıldı.
S-400 məsələsi Türkiyə ilə ABŞ arasındakı münasibətlərə təsir göstərməyə davam edir. ABŞ Dövlət Departamentinin 2026-cı ilin iyul ayında dərc etdiyi məlumatlara görə, Ankara hələ də F-35 proqramına qayıtmaq üçün tələb olunan hüquqi şərtləri yerinə yetirməyib.
Tahir TAĞIYEV