ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, Vaşinqton İrana iqtisadi təzyiqi artırmaq üçün dünyanın müxtəlif ölkələrinə nümayəndələrini göndərib. O, əlavə edib ki, bu tədbirlər artıq nəticə verir.
"Göstərişimlə, ölkələrlə danışıqlar aparmaq və onları İran rejiminə qarşı tədbir görməyə məcbur etmək üçün dünyanın hər yerinə qruplar göndərilib" - deyə Bessent sosial mediada yazıb.
O qeyd edib ki, Türkiyə və Oman İranın özəl aviaşirkəti olan Mahan Air-dən uçuşları qəbul etməyi dayandırıb, Birləşmiş Ərəb Əmirlikləri isə İran aviaşirkətlərinin bütün uçuşlarını dayandırıb.
BƏƏ İran aviaşirkətləri üçün əsas beynəlxalq məkandır. Dubay İranla sıx ticarət əlaqələri saxlayır və əmirlikdə böyük bir İran icması yaşayır.
Bessent həmçinin İran banklarına qarşı məhdudiyyətlərin artırıldığını bildirib. Çərşənbə günü BƏƏ Mərkəzi Bankı İran Bankı Mellat-ın filialları üçün İranla əməliyyatları bloklayıb və onu çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və silahların yayılmasına qarşı mübarizə qanunlarını pozmaqda ittiham edib.
Ötən həftə Türkiyə illərdir Qərb sanksiyaları altında olan İranın Bank Mellat maliyyə qurumunun lisenziyasını ləğv edib.
“Wall Street Journal” qəzeti isə ABŞ Maliyyə Nazirliyinin terrorizmin maliyyələşdirilməsi üzrə müavini Conatan Börkün Yaxın Şərq və Avropa ölkələrinə iki həftə səfər etdiyini və Bessentin Tehran üçün "iqtisadi D günü" adlandırdığı tədbirlərin həyata keçirilməsini tələb etdiyi barədə məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin nümayəndələri 50-dən çox ölkə ilə danışıqlar aparıblar.
Bir neçə gün əvvəl Bessent bütün İran aviaşirkətlərinin "dünya miqyasında bağlanacağını" elan edib. Bununla belə, kiçik İran aviaşirkətləri, əsasən ABŞ-ın təzyiqinə məhəl qoymayan və İrana hava səyahətlərini davam etdirən Çinə beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.
Tahir TAĞIYEV