ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika rəsmiləri bir gün əvvəl Tehranın sülh təklifini rədd etsələr də, gələn həftə İranla yeni danışıqlar aparacaqlar. Danışıqlarla tanış olan iki regional mənbəyə görə, ABŞ və İran arasında dolayı dialoqun yeni mərhələsi bazar ertəsi günü baş tuta bilər.
Qətər və digər regional ölkələr danışıqlarda vasitəçi rolunu oynamağa davam etsələr də, Vaşinqton və Tehranın əsas məsələlərdə mövqeləri əhəmiyyətli dərəcədə fərqli olaraq qalır.
"Bu həftə İranla yeni danışıqlar gözləyirəm (bazar günü). Onlar razılaşma istəyirlər, amma bu, mənim istədiyim razılaşma deyil…", - Tramp bildirib.
Amerikanın İrana yenidən zərbə endirmə ehtimalı ilə bağlı suala isə president "Mən həmişə bu barədə düşünürəm" cavab verib.
Tramp bildirib ki, həftəsonu müharibənin başlanğıcından bəri ən böyük həcmdə - 20 milyon bareldən çox neft Hörmüz boğazından keçib. ABŞ müdafiə rəsmisi bu məlumatı təsdiqləyərək bildirib ki, cümə gününə keçən gecə boğazdan 22 milyon barel neft daşınıb.
Çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində ABŞ və İran nümayəndələri arasında dolayı danışıqların yeni mərhələsi baş tutub. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Qətər vasitəçilərinin iştirakı ilə İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıblar. Tehran, Amerika dəniz blokadasının qaldırılması, İran neft satışına tətbiq edilən sanksiyaların qaldırılması və bölgədə atəşkəsin bərpa edilməsi şərti ilə bir həftə ərzində Hörmüz boğazını açmağı və nüvə danışıqlarına davam etməyi təklif edib. Tramp isə təklifi rədd edib.
Lakin Qətər o vaxtdan bəri iki tərəf arasında məkik diplomatiyasını davam etdirir. “Axios” mənbələrinə görə, Qətər vasitəçiləri ABŞ və İrana kompromis təklifi təqdim ediblər və həftəsonu hər iki ölkənin nümayəndələri ilə onun mətnində mümkün dəyişiklikləri müzakirə ediblər. Araqçi və Uitkoff arasında görüşlər bazar ertəsi günü baş tuta bilər.
Tahir TAĞIYEV