Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə təhlükəsizliyin təmin olunması və zərbələrin azaldılması ilə bağlı təkliflər təqdim edib. Lakin Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, hazırda bu təkliflər üzrə konkret və detallı danışıqlar aparılmır.
Peskov Qara dənizdə təhlükəsizlik məsələsinin kəskin və aktual olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın Rusiya və xarici bayraqlı ticarət gəmilərinə və tankerlərə zərbələri vəziyyəti daha da gərginləşdirib və Rusiya buna cavab tədbirləri görüb.
Kreml hesab edir ki, Qara dənizdə təhlükəsizliyin təmin olunması ayrı-ayrı məsələlər üzrə deyil, kompleks şəkildə həll edilməlidir. Bunun üçün isə Rusiya, Ukrayna və digər tərəflər arasında mürəkkəb və genişmiqyaslı danışıqlar tələb olunur.
Yəni Ankaranın Qara dənizdə atəşə tutulmaların azaldılması təşəbbüsü Moskva tərəfindən qəbul edilib və müzakirə mövzusu kimi tanınır, amma hazırda bununla bağlı konkret danışıqlar aparılmır.
Rusiya Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin olunması və zərbələrin azaldılması ilə bağlı təkliflərini niyə konkret müzakirə etməkdən imtina edir və Moskvanın bu mövqeyinin arxasında hansı siyasi və hərbi səbəblər dayanır?
Abutalıb Səmədov: “Rusiya Qara dənizdə ayrı-ayrı razılaşmalara getmək istəmir”
Politoloq Abutalıb Səmədov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə dəfələrlə Rusiya ilə danışıqlarda Qara dənizdə təhlükəsizliyin təmin olunması və gəmiçiliyin bərpası ilə bağlı təşəbbüslərlə çıxış edib. Onun sözlərinə görə, Ankara son aylarda da bu məsələni yenidən gündəmə gətirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun sonunda Qara dənizdən taxıl daşımalarının təhlükəsizliyi üçün plan hazırlandığını və həm Rusiya, həm də Ukrayna ilə əlaqələrin davam etdiyini açıqlamışdı.
Politoloq hesab edir ki, Moskvanın yanaşması ayrı-ayrı sahələr üzrə atəşkəs və ya təhlükəsizlik mexanizmlərinin yaradılmasından daha çox, bütün məsələləri əhatə edən ümumi siyasi razılaşmaya üstünlük verməkdən ibarətdir. Yəni Rusiya Qara dənizdə təhlükəsizlik, gəmiçiliyin bərpası və digər məhdud sahələr üzrə ayrıca sənəd imzalamaqdansa, bunların ümumi sülh sazişinin tərkib hissəsi olmasını istəyir.
“Rusiya ayrı-ayrı məsələlərin həllinə razılaşmaq istəmir. Onun mövqeyinə görə, bütün məsələləri əhatə edən və Moskvanın digər tələblərini də özündə birləşdirən sülh sazişi imzalanmalıdır. Ayrı-ayrı sahələr üzrə razılaşmalar isə Rusiyanın əsas məqsədlərinə çatmadan Ukraynaya müəyyən üstünlüklər verə bilər”, - deyə Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, bunun ən mühüm nümunələrindən biri 2022-ci ildə Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş Qara dəniz Taxıl Təşəbbüsüdür. Həmin razılaşma Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasına imkan yaratmışdı. Rusiya 2023-cü ildə razılaşmadan çıxdıqdan sonra Ukrayna alternativ marşrutlardan daha geniş istifadə etməyə məcbur oldu. Hazırda da Qara dənizdə ticarət gəmilərinə və liman infrastrukturuna qarşı hücumlar dəniz daşımalarını ciddi risk altında saxlayır.
Politoloq hesab edir ki, bu vəziyyət Ukrayna üçün ciddi iqtisadi problemlər yaradır. Taxılın daha uzun quru marşrutları ilə daşınması nəqliyyat xərclərini artırır və ixrac imkanlarını məhdudlaşdırır. Eyni zamanda, Rusiyanın özü də Qara dənizdə yaranan problemlərdən təsirlənir. Son məlumatlara görə, Rusiya şirkətləri taxıl ixracının bir hissəsini Baltik və Arktika limanlarına yönəltmək üçün alternativ marşrutlardan istifadə etməyə başlayıblar.
Abutalıb Səmədovun fikrincə, Moskva bu iqtisadi itkilərə baxmayaraq, Qara dənizdə vəziyyəti dəyişmək üçün ciddi güzəştə getməyə tələsmir. Çünki burada məsələ yalnız iqtisadiyyat və ticarət deyil, həm də hərbi-strateji amillərlə bağlıdır.
“Qara dəniz Rusiya üçün mühüm hərbi-strateji məkandır. Burada atəşkəsin təmin olunması və hərbi əməliyyatların məhdudlaşdırılması Moskvanın manevr imkanlarına təsir göstərə bilər. Rusiya hesab edir ki, Qara dənizdə təhlükəsizliyin təmin olunması Ukraynaya müəyyən müddət nəfəs almaq və iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanı verə bilər. Moskva isə hazırkı mərhələdə bunun Kiyevin maraqlarına daha çox xidmət etdiyini düşünür”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Ankara ilə Moskvanın yanaşmaları arasındakı əsas fərq də məhz bundan ibarətdir. Türkiyə əvvəlcə Qara dənizdə risklərin azaldılmasını, mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsini və bundan sonra daha geniş siyasi razılaşmaya keçilməsini təklif edir. Moskva isə əksinə, əvvəlcə ümumi siyasi razılaşmanın əldə olunmasını, Qara dəniz məsələsinin isə həmin saziş çərçivəsində və ya ondan sonra həll edilməsini istəyir.
Bununla belə, son həftələrdə müəyyən diplomatik hərəkətlilik müşahidə olunur. Rusiya sentyabr ayında Türkiyənin təşəbbüsü ilə bağlı diplomatik təmasların aparıldığını təsdiqləyib. Eyni zamanda, sentyabrın sonlarında Kremlin Qara dənizdə təhlükəsizlik məsələsinin ayrıca deyil, kompleks şəkildə həll edilməli olduğunu bildirməsi Moskvanın hələ də məhdud razılaşmaya ehtiyatla yanaşdığını göstərir.
Abutalıb Səmədov hesab edir ki, Rusiyanın mövqeyində hərbi və siyasi məqsədlərlə yanaşı, Ukraynaya təzyiq amili də mühüm rol oynayır. Qara dəniz limanlarının və dəniz marşrutlarının təhlükəsizliyinin təmin olunmaması Ukraynanın ixrac imkanlarını zəiflədir və iqtisadi təzyiqi artırır. Bu isə Moskvanın Kiyevi daha geniş siyasi güzəştlərə məcbur etmək üçün istifadə etdiyi vasitələrdən biri kimi qiymətləndirilə bilər.
Politoloq hesab edir ki, Ukraynanın üzləşdiyi hərbi, iqtisadi və siyasi çətinliklər də danışıqlar prosesinə təsir göstərir. Onun fikrincə, Qərbin hərbi və maliyyə dəstəyinin kifayət qədər olub-olmaması, Ukraynanın büdcə problemləri və daxili siyasi çətinliklər Kiyevin danışıqlardakı imkanlarını məhdudlaşdıra bilər.
Digər tərəfdən, Moskva da danışıqlara tamamilə qapalı olduğunu bildirmir. Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabr ayında Moskvanın danışıqlara hazır olduğunu və “Ankoric” görüşləri çərçivəsində müzakirə edilən yanaşmaya qayıtmağın mümkünlüyünü bildirib. Bununla belə, həmin razılaşmanın məzmunu ilə bağlı tərəflərin mövqeləri arasında ciddi fərqlər qalır və ABŞ rəsmiləri də Moskvanın təqdim etdiyi “Ankoric razılaşması” versiyasının mövcudluğu barədə fərqli mövqe nümayiş etdiriblər.
Abutalıb Səmədovun qənaətinə görə, Rusiya müəyyən kiçik güzəştlərə gedə bilər, lakin Moskvanın əsas strateji tələblərindən geri çəkilməsi hazırda real görünmür. Buna görə də Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin olunmasına yönəlmiş təşəbbüsünün yaxın aylarda ayrıca nəticə verməsi çətin olacaq.
“Türkiyənin təşəbbüsü dəyərli və vacib təşəbbüsdür. Lakin Rusiyanın ayrı-ayrı sahələr üzrə razılaşmalara getmək istəməməsi və bütün məsələləri ümumi sülh sazişi ilə bağlamaq tələbi bu təşəbbüsün qarşısında ciddi maneədir. Əgər geniş siyasi razılaşma əldə olunmasa, Qara dənizdə ayrıca təhlükəsizlik mexanizminin yaradılması istiqamətində ciddi irəliləyişin əldə olunması çox çətin olacaq”, - deyə politoloq bildirib.
Hazırda Türkiyənin təşəbbüsü tamamilə dayanmış deyil. Ankara Rusiya və Ukrayna ilə təmaslarını davam etdirir, ABŞ rəsmiləri isə sentyabr ayında hər iki tərəfin taxıl və enerji obyektlərinə qarşı məhdud atəşkəs ideyasına müəyyən maraq göstərdiyini bildiriblər. Lakin bu, hələ Qara dənizdə davamlı təhlükəsizlik mexanizminin yaradılması barədə razılaşmanın əldə edildiyi anlamına gəlmir.
Dəniz NƏSİRLİ