Macarıstan Parlamenti Baş nazir Peter Magyarın mobil telefon oğurlamaqda ittiham olunmasından sonra onun cinayət məsuliyyətindən toxunulmazlığını ləğv edib. Parlament üzvləri səs çoxluğu ilə prokurorun baş nazirin cinayət məsuliyyətindən toxunulmazlığının ləğvi tələbini təmin ediblər. Bununla da onun cinayət məsuliyyətinə cəlb olunmasının yolu açılmış oldu.
Parlamentin sədri Aqnes Forsthöffer fövqəladə iclasda bildirib ki, 139 nəfər bu qərarın lehinə səs verib. Əleyhinə və bitərəf qalan olmayıb. Hakim Tisza partiyası və ultra-mühafizəkar "Bizim Vətənimiz" partiyasından olan parlament üzvləri prokurorun tələbini təsdiqləyiblər. Müxalifətdəki Fidesz-Macarıstan Vətəndaş Birliyi və Xristian Demokrat fraksiyaları, Viktor Orbanın hökumətindəki keçmiş nazirlərin iki üzvünün toxunulmazlığının qaldırılmasının da nəzərdən keçirilməsinə etiraz olaraq iclasda iştirak etməyiblər.
Magyar təkcə baş nazir vəzifəsini tutmur, həm də parlamentdə çalışır və onun Tisza partiyası yerlərin üçdə ikisindən çoxuna sahibdir. O, özü də istintaqla əməkdaşlıq etməyə hazır olduğunu və qorxacaq bir şey olmadığını bildirərək, deputat toxunulmazlığının qaldırılmasını xahiş edib. 2024-cü ilin iyun ayında Magyar gecə klubunda onu lentə alan bir kişinin mobil telefonunu götürüb Dunay çayına atıb. Baş nazir iddia edir ki, əvvəlki hökumət onu təxribata cəhd edib.
Tahir TAĞIYEV