Cənubi Qafqazın, o cümlədən Azərbaycanın fiziki-coğrafi mühitində Qarabağ özünəməxsus ekoloji, iqlim və təbii resurs üstünlükləri ilə qədim insanların ilk məskunlaşma zonalarından biri olmuşdur. Qarabağ düzənliyi ilə dağlıq arealının sintezi, Kür və Araz çaylarının su hövzələri, bol otlaqlar və zəngin filiz yataqları ibtidai cəmiyyətlərin inkişafı üçün əlverişli zəmin yaratmışdır. Bölgə təkcə yerli tayfaların daxili inkişafı ilə deyil, həm də Yaxın Şərq, Ön Asiya, Anadolu və Şimali Qafqaz sivilizasiyalarının təmas nöqtəsi — universal mədəniyyətlər qovşağı kimi formalaşmışdır.
Qarabağın bu zəngin arxeoloji irsinin kompleks şəkildə araşdırılması, abidələrin sistemləşdirilməsi və elmi dövrüyyəyə daxil edilməsi sahəsində görkəmli tarixçi və arxeoloq, pedaqoq, professor Hidayət Cəfərovun xidmətləri xüsusi qeyd edilməlidir. Qarabağ ərazisində arxeoloji mədəniyyətlərin ardıcıllığı bəşər tarixinin başlıca mərhələlərini əks etdirir. Paleolit dövrünün Azıx və Taglar mağaralarından başlayan bu inkişaf xətti Eneolit və Tunc dövründə xüsusi bir mədəni intibah səviyyəsinə yüksəlmişdir.Qarabağ bu dinamik mədəniyyətin əsas ocaqlarından biridir. Yaşayış yerləri və dəfn abidələri göstərir ki, metallurgiyanın, xış əkinçiliyinin və dulusçuluğun inkişafı regionu qonşu ərazilər üçün cazibə mərkəzinə çevirmişdir. Bu mərhələdə Qarabağın mərkəzi hissələri və dağətəyi zonalarında iri tayfa ittifaqlarının formalaşması müşahidə olunur. Uzərliktəpə kimi möhtəşəm abidələr regionda artıq ilkin şəhərsalma elementlərinin və inkişaf etmiş sənətkarlıq sahələrinin mövcudluğunu subut edir. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində Qarabağ ərazisində tam oturuşmuş və Qafqaz miqyasında analoqu az olan möhtəşəm arxeoloji mədəniyyət formalaşdı. Məhz bu dövr Qarabağın mədəniyyətlər qovşağındakı statusunu pik nöqtəyə çatdırdı. Professor Hidayət Cəfərov onlarca il müddətində Qarabağın Tunc və Dəmir dövrü abidələrinin arxeoloji qazıntılarına rəhbərlik etmiş, bölgənin qədim tarixini kompleks şəkildə araşdırmışdır. Onun elmi fəaliyyətinin əsas prioritetləri aşağıdakı müstəvilərdə təzahür edir: 1.H.Cəfərov Xocalı, Qarabulaq, Dovşanlı, Axmaxı, Borsunlu, Sarıçoban, Bəymsarov kimi möhtəşəm abidələrində, habelə Qarabağ düzünün digər geniş kurqan sahələrində, torpaq qəbirlərində geniş miqyaslı arxeoloji qazıntılar aparmışdır. Onun tədqiqatlarında kurqanların memarlıq strukturu, dəfn kameralarının tipləri (daş qutular, torpaq qəbirlər, saxlanc sistemləri) və dəfn ritualının sosial-dini xüsusiyyətləri ilk dəfə elmi əsaslarla sistemləşdirilmişdir. H.Cəfərov sübut etmişdir ki, kurqanların həcmi və onların daxilindəki zəngin artefaktlar — hərbi silahlar, qızıl və bürünc bəzək əşyaları, çoxsaylı at əsləhələri, əmək alətləri, bəzəklər — bu dövrdə Qarabağda dərin sosial təbəqələşmənin və hərbi aristokratiyanın mövcudluğunun göstəricisidir. 2. H.Cəfərovun elmi irsində Xocalı-Gədəbəy mədəniyyətinin genezisi, inkişaf mərhələləri və yayılma arealı xüsusi yer tutur. Alim zəngin arxeoloji materiallara (xüsusilə metallurgiya və dulusçuluq məhsullarına) əsaslanaraq göstərmişdir ki, bu mədəniyyət təkcə regional qapalı sistem olmayıb, geniş Avrasiya arealında dinamik əlaqələrə malik olmuşdur. 3. H.Cəfərovun Qarabağ kurqanlarından aşkarladığı tapıntılar arasında Ön Asiya və Assuriya mənşəli gil və metal əşyalar, mixi yazılı əqiq muncuqlar, bürünc kəmər parçaları və "zaqafqaziya tipli" qılınc, ox ucluqları və s. tipli silah nümunələri xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, Xocalı kurqanlarında tapılan və Assuriya şahı Adadnirariyə aid edilən mixi yazılı əqiq muncuq Qarabağın Yaxın Şərq sivilizasiyaları ilə birbaşa siyasi-iqtisadi və ticarət əlaqələrində olduğunu parlayan şəkildə nümayiş etdirir. Professor H.Cəfərovun tədqiqatları təkcə maddi-mədəniyyət nümunələrinin toplanması ilə məhdudlaşmamış, həm də həmin tapıntıların etno-mədəni və tarixi sintezinə yönəlmişdir: Alim Qarabağ ərazisindəki Tunc dövrü mədəniyyətlərinin ardıcıl və fasiləsiz inkişaf xəttini, yerli tayfaların genetik və mədəni varisliyini elmi faktlarla əsaslandırmışdır. Qarabağın bürünc və dəmir emalı üzrə Cənubi Qafqazda müstəqil və aparıcı mərkəzlərdən biri olduğunu, yüksək tökmə texnikasına və özünəməxsus bəzək üslubuna malik olduğunu isbat etmişdir. H.Cəfərov Dağlıq və Düzən Qarabağın arxeoloji abidələrinin vahid mədəni-təsərrüfat orqanizmi təşkil etdiyini göstərərək, bölgənin ayrılmaz tarixi-coğrafi bütünlüyünü arxeoloji dəlillərlə təsdiqləmişdir. Nəticə olaraq qeyd edə ki, Qarabağ regionu əsrlər boyu müxtəlif tayfa və sivilizasiyaların təmasda olduğu, zəngin arxeoloji mədəniyyətlərin formalaşdığı unikal etno-siyasi və mədəni qovşaq rolunu oynamışdır. Bu regionun qədim dövr tarixinin, xüsusilə Son Tunc və Erkən Dəmir əsri mədəniyyətlərinin öyrənilməsində professor Hidayət Cəfərovun apardığı tədqiqatlar təməl daşı rolunu oynayır. Alimin elmi dövriyyəyə daxil etdiyi materiallar, irəli sürdüyü konseptual nəzəriyyələr və arxeoloji təsnifatlar Qarabağın Azərbaycanın qədim dövlətçilik, sənətkarlıq və mədəniyyət tarixindəki müstəsna yerini parlaq şəkildə nümayiş etdirir. Vətən müharibəsindən sonra azad edilmiş Qarabağ ərazilərində aparılacaq yeni arxeoloji tədqiqatlar üçün professor H.Cəfərovun elmi irsi dəyərli bələdçi və fundamental baza olaraq qalacaqdır.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent