Krasnodar diyarı 28 sentyabr gecəsi Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb. Regional əməliyyat qrupu bildirib ki, dron qalıqlarının düşməsi nəticəsində Dinski, Pavlovski və Krasnoarmeyski rayonlarında üç mülki infrastruktur obyektində yanğınlar baş verib. Hadisələrin heç birində itki olmayıb.
“Astra”, şahid görüntülərinə əsasən, zərbənin Krasnodardan təxminən 25 km məsafədə yerləşən Dinski rayonunun Novotitarovskaya kəndindəki neft anbarına dəydiyini müəyyən edib. Obyekt neft məhsullarının topdansatışı ilə məşğul olan Edelweiss-95 şirkətinə məxsusdur. Şirkətin veb saytında bildirilir ki, şirkət məhsulları birbaşa Rusiyanın ən böyük neft emalı zavodlarından alır. Anbarda dizel yanacağı (Avro-5) və benzin (AI-92, AI-95 və AI-100) saxlanılır. Həmçinin, Ukraynanın Exilenova+ monitorinq kanalının məlumatına görə, dronlar Lukoil-Yugnefteprodukt şirkətinin Pavlovskaya neft anbarına hücum edib. Anbar Pavlovskaya kəndinin sənaye zonasında yerləşir. Anbardan ildə təxminən 150.000 ton yanacaq keçir.
Novotitarovskaya kəndindəki neft anbarı bundan əvvəl də - 24 sentyabrda hücuma məruz qalmışdı. Məlumata görə, həmin vaxt depo ərazisində "PUA-ların qalıqlarının düşməsi səbəbindən" yanğın baş vermişdi.
Sentyabrın 26-da Ukrayna dronları Rusiyanın cənubundakı iki böyük neft emalı zavoduna - İlski və Afipski neft emalı zavodlarına zərbələr endirib. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev neft emalı zavodlarında yanğın baş verdiyini, bir nəfərin ölümü və bir nəfərin yaralandığını bildirib. Son bir həftə ərzində Rusiyanın üç neft emalı zavodu - Kuybışev, Novoşaxtinski və Permnefteorgsintez (PermNOS) - dron hücumları səbəbindən fəaliyyətini dayandırıb. Ayın əvvəlindən bəri Rusiyanın səkkiz neft emalı zavodu fəaliyyətini dayandırıb. Bunların arasında paytaxtı neftlə təmin edən Moskva və Ryazan neft emalı zavodları, eləcə də Yaroslavnefteorgsintez də var.
Tahir TAĞIYEV