Azər Həsrət: “Rusiyanı sülhə məcbur edə bilmədiklərinə görə, Tramp belə bir qərar verib”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların verilməsinə razılıq verdiyini açıqlayıb.
Volodimir Zelenskinin sözlərinə görə, məsələ tərəflərin Nyu-Yorkda keçirilən son görüşündə müzakirə olunub.
“Prezident Tramp son görüşümüzdə bildirdi ki, yekun qərarını verib. Ukrayna ‘Patriot’ raketlərinin istehsalı üçün lisenziyalar alacaq”, – deyə Volodimir Zelenski bildirib.
Tramp 2026-cı ilin iyulunda Kiyevə bu raketlərin istehsalı üçün lisenziya veriləcəyini açıqlamışdı. Lakin daha sonra Ağ Evdə Zelenski ilə görüşündən sonra bunun baş verəcəyinə əmin olmadığını bildirmişdi.
“Patriot” üçün nəzərdə tutulan raketlər Kiyevə Ukraynanın şəhərlərini və müəssisələrini Rusiya istehsalı ballistik raketlərdən qorumaq üçün lazımdır.
Bu, nə deməkdi? İyulda Tramp bundan imtina etdi və bunu onunla əsaslandırdı ki, Rusiya ilə sülhə daha çox önəm veririk. İndi ayrı şey deyir. Bu o deməkdirmi ki, Tramp Rusiya ilə aparılan sülh danışıqlarına inamını itirir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət hesab edir ki, Tramp sağ göstərib sol vurur: “Artıq biz buna alışmışıq. Yəni bir şey deyir, amma başqa iş görür. Burada da təəccüblü heç nə yoxdur. Ona görə də Tramp bir şey deyəndə biz əminliklə verdiyi sözün baş verəcəyini söyləyə bilmirik. O üzdən, Trampın nə deməsindən çox nəticəni gözləmək lazımdır. İndi görünür Rusiya ilə aparılan danışıqlarda həmin o faktordan basqı üçün istifadə edilib. Yəni Rusiyanı inandırmağa çalışıblar ki, ABŞ “Pstriot” raketlərinin lisenziyasını vermir, amma bunun qarşılığında dayanın. Çünki Trampa birinci növbədə siyasi xal qazanmaq üçün müharibəni dayandırmaq lazımdır. Xüsusən də noyabrda Konqresə keçiriləcək seçkilərdən əvvəl. Ancaq bu təzyiqlərin bir nəticəsi olmayıb. Çünki ABŞ nümayəndə heyəti Moskva və Kiyevdə səfərdə olub. Putin və Zelenski ilə danışıqlar keçirib. Hətta Zelenskiyə qəbul edilə bilməyəcək təkliflər də apardılar. Zelenski də təbii ki, o təklifləri qəbul etmədi. Nəticə etibarı ilə Rusiyanı sülhə məcbur edə bilmədiklərinə görə, Tramp belə bir qərar verib. Yəni Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların verilməsinə razılıq verib. Bu baxımdan dəyərləndirsək hesab edirəm ki, Tramp indiki halda məhz bu səbəbdən Rusiyaya təzyiqləri artırır. Əgər Rusiya bu təzyiq qarşısında geri çəkilərsə, o zaman “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların verilməsi təxirə salına bilər. ABŞ prezidenti bunu edə biləcək potensiala malikdir. O baxımdan gözləyək görək nə baş verir”.
Vidadi ORDAHALLI