Hakerlər Pentaqonun nəhəng kadr məlumat bazasına sızıb. Bu barədə ABC News-un xəbərində deyilir.
“ABŞ Müdafiə Nazirliyinin rəsmiləri oğurlanmış məlumatların sui-istifadə edildiyinə dair hələlik heç bir sübut aşkar etməyiblər"- xəbərdə bildirilir. ABŞ Müdafiə Nazirliyinin sözçüsünün bildirdiyinə görə, Pentaqonun nəhəng kadr məlumat bazasına edilən hücum nəticəsində 3 milyona yaxın hərbi qulluqçuya aid məxfi məlumatlar, o cümlədən sosial təminat nömrələri və vəzifələri barədə təfərrüatlar oğurlanıb. İnsident 2,76 milyon sağ və 294 min dünyasını dəyişmiş şəxsə təsir edib. Oğurlanmış məlumatların miqyası və həssas xarakteri milli təhlükəsizliklə bağlı narahatlıqlar yarada bilər; xüsusilə nəzərə alsaq ki, fayllarda hərbi və mülki heyətin tutduğu vəzifələr barədə ətraflı məlumatlar mövcud idi. Açıqlamada deyilir: "2025-ci ilin oktyabrı ilə 2026-cı ilin iyulu arasında Müdafiə Nazirliyinin Müdafiə İşçi Qüvvəsi Məlumat Mərkəzinin (DMDC) informasiya sistemində üçüncü tərəf istifadəçilərdən ibarət kiçik bir qrup tərəfindən şəxsi məlumatlara icazəsiz giriş baş verib. Hadisə aşkar edildikdən sonra DMDC dərhal boşluğu aradan qaldırıb".
Müdafiə İşçi Qüvvəsi Məlumat Mərkəzi Pentaqonun kadr qeydləri üzrə əsas məlumat anbarlarından biridir; burada 60 milyondan çox fərdi fayl saxlanılır. SAMİRƏ