Ramil Məmmədli: “Rusiya Türkiyənin S-400-ləri digər ölkəyə verməsinə razılıq verməz”
Türkiyə Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinin reeksportu ilə bağlı danışıqları davam etdirir. Bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, danışıqlar başa çatdıqdan sonra təfərrüatlar açıqlanacaq. Ankara 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara dörd S-400 divizionu alıb. Bu sövdələşmədən sonra ABŞ Türkiyəni F-35 qırıcı təyyarələri proqramından çıxarıb. İndi Ankara F-35 proqramına qayıtmaq və ABŞ qırıcılarını almaq yolundakı əsas maneələrdən birini aradan qaldırmaq üçün Rusiya istehsalı olan kompleksləri üçüncü ölkəyə satmağa çalışır.
Tutaq ki, Türkiyə bununla bağlı hansısa üçüncü ölkəni razı saldı. Rusiyanın icazəsi olmadan bu raketlər üçüncü ölkəyə satıla bilməz. O zaman Rusiya buna razılıq verərmi? Yəni ümumiyyətlə, açıq deməsə də Rusiyanın ürəkdən razı ola bilərmi ki, onun S-400-lərini Türkiyə başqa ölkəyə satsın? Həm də bilir ki, Türkiyə onu satan kimi, ABŞ-ın F-35-ləri bu ölkəyə gələcək. O da Rusiyanın yaxınlığında yerləşəcək. Hələ bilmək olmaz Türkiyə ilə Rusiya münasibətlərinin gələcəyi necə olacaq. Ancaq fakt odur ki, ABŞ-la Rusiya son bir 70-80 ili düşmənçilik ediblər. Ona görə də Rusiyanın ürəkdən bu işə razılıq verib-verməyəcəyi sual altındadır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Rusiyanın buna razılıq verəcəyi real görünmür: “Türkiyə belə bir addım atarsa, bu, Moskva-Ankara münasibətlərinə mənfi mənada təsirsiz ötüşməyəcək. S-400 hava hücumundan müdafiə vasitələri sıradan bir silah deyil onu kefin istəyəndə kiməsə satasan. Ən başlıcası isə, istehsalçı ölkənin razılığı olmadan digər ölkə onu üçüncü ölkəyə verə, sata bilməz. Məsələn, bir sıra Avropa ölkələri “Patriot” raketlərini Ukraynaya verir. Çünki istehsalçı ölkə olan Birləşmiş Ştatlar buna razılıq verib. Əgər razılıq verməsə, onlar bunu edə bilməz. Tarixən Rusiya ilə Türkiyə bir-birinə düşmən münasibət bəsləyib. Bir neçə dəfə Osmanlı və Rusiya imperiyaları arasında müharibələr olub. Hazırda bir sıra regional məsələlərdə Rusiya ilə Türkiyənin maraqları toqquşur. Düzdür, Ukraynada gedən müharibə səbəbindən bu rəqabət açıq müstəviyə keçmir. Ancaq Moskva istəmir ki, Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada təsir imkanları artsın. Çünki sözügedən regionlar uzun illər Rusiyanın təsir dairəsində olub. Bir sözlə, Rusiya Türkiyənin S-400-ləri digər ölkəyə verilməsinə razılıq verməz. Çünki bu, müəyyən mənada president də yarada bilər. Məsələn, Rusiyadan silah idxal edən Hindistan da bənzər ata bilər”.
Vidadi ORDAHALLI