Məkkə Birgə Müdafiə Sazişi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında kollektiv müdafiə prinsipini nəzərdə tutur: tərəflərdən birinə silahlı hücumun hamısına qarşı hücum kimi qiymətləndirilməsi razılaşdırılıb. Lakin son dövrdə Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları fonunda sazişin praktikada necə işləyəcəyi sualı aktuallaşıb. Türkiyə Səudiyyəyə hərbi-texniki dəstəyə hazır olduğunu açıqlasa da, Pakistan hələlik birbaşa hərbi əməliyyata qoşulmayıb.
Bu baxımdan belə bir sual yaranır: Məkkə Sazişi tərəflərdən birinə hücum ediləcəyi təqdirdə kollektiv müdafiəni nəzərdə tutursa, Husilərin Səudiyyə Ərəbistanına zərbələri fonunda Türkiyə və Pakistanın birbaşa hərbi müdaxilədən çəkinməsi sazişin ilk ciddi sınağında onun real müdafiə mexanizmi kimi zəifliyini göstərirmi, yoxsa sənəddəki öhdəliklər hərbi müdaxiləni avtomatik tələb etmir?
Murad Sadəddinov: “Məkkə sazişindən NATO kimi reaksiya gözləmək sadəlövhlük olardı”
“Bakı-Xəbər” qəzetinə açıqlamasında politoloq Murad Sadəddinov bildirib ki, Məkkə sazişi hələ kifayət qədər yeni olduğundan onun NATO-dakı kimi işlək mexanizmlərinin formalaşması üçün vaxt lazımdır.
“Məkkə sazişi hələ həddindən artıq gənc sazişdir. Avqustun 7-də imzalanıb və cəmi bir-iki ay ərzində onun bütün işlək mexanizmlərinin və institutlarının formalaşmasını gözləmək real deyil. Bu sazişi baş verən hadisələrlə və NATO-nun fəaliyyəti ilə müqayisə etmək düzgün yanaşma olmaz. Çünki NATO uzun illərdir fəaliyyət göstərən, kifayət qədər geniş institusional struktura, qəbul edilmiş qaydalara və üzv ölkələrin konkret öhdəliklərinə malik hərbi-siyasi alyansdır. NATO çərçivəsində kollektiv müdafiə mexanizmləri, o cümlədən 4-cü və 5-ci maddələr əsasında hansı hallarda və hansı formada reaksiya verilməsi ilə bağlı oturuşmuş prosedurlar mövcuddur.
Məkkə sazişində isə bu mexanizmlərin hamısı hələ tam şəkildə formalaşmayıb. Ona görə də sazişə artıq tam fəaliyyət göstərən kollektiv müdafiə ittifaqı kimi yanaşmaq düzgün deyil.
Digər tərəfdən, hazırda Səudiyyə Ərəbistanına qarşı real təhlükənin olması məsələsi də ortadadır. Ölkənin ərazisinə, xüsusilə də müəyyən strateji obyektlərə hücumların həyata keçirilməsi fonunda təbii olaraq sual yaranır ki, Türkiyə və Pakistan niyə birbaşa hərbi əməliyyatlara qoşulmayıblar? Hazırda bu ölkələrin müdafiə nazirləri səviyyəsində görüşlər keçirilib və fikir mübadiləsi aparılıb, lakin bu, avtomatik olaraq hərbi müdaxilə qərarı anlamına gəlmir.
Burada üç ölkənin xarici siyasət prioritetləri və təhlükəsizlik öhdəlikləri arasındakı fərqləri də nəzərə almaq lazımdır. Türkiyə NATO üzvüdür və hər hansı hərbi əməliyyata qoşularkən NATO çərçivəsindəki öhdəliklərini və ümumi təhlükəsizlik siyasətini də nəzərə almalıdır. Pakistanın isə İranla iqtisadi və siyasi əlaqələri var. Bundan başqa, Pakistan ABŞ-la İran arasında baş verən proseslərdə vasitəçilik rolunu qorumağa çalışır. Buna görə də İslamabadın müəyyən məsələlərdə daha ehtiyatlı və balanslaşdırılmış mövqe nümayiş etdirməsi başadüşüləndir.
Yəni bu üç ölkənin təhlükəsizlik maraqları tamamilə eyni deyil. Məkkə sazişinin mövcudluğu onların bütün regional münaqişələrdə eyni formada və avtomatik olaraq hərbi müdaxilə etməsi demək deyil. Bu baxımdan, sazişdən indiki mərhələdə NATO-nun 5-ci maddəsinə bənzər avtomatik kollektiv hərbi reaksiya gözləmək düzgün olmaz. Düşünürəm ki, Məkkə sazişindən NATO kimi reaksiya gözləmək sadəlövhlük olardı”.
Dəniz NƏSİRLİ