İsrailin Baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü il tarixli hücumdan əvvəl Misir və BƏƏ rəhbərliyindən xəbərdarlıqlar aldığına dair iddiaları yayan bir sıra İsrail media qurumlarına və jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb.
Bu barədə "The Times of Israel" hakim "Likud" partiyasının bəyanatına istinadən xəbər verir. Partiyanın məlumatına əsasən, Netanyahu müxtəlif media qurumları və jurnalistlərdən ümumilikdə 2,6 milyon şekel (təxminən 850 000 ABŞ dolları) təzminat tələb edir. Cavabdeh qismində "Haaretz" və "Yedioth Aharonoth" qəzetləri, "Channel 12" telekanalı, həmçinin jurnalistlər Şlomi Eldar, Uri Misqav, Nadav Eyal, Barak Ravid və Attila Somfalvi göstərilib. İsrail mediası daha əvvəl BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedin Netanyahunu HƏMAS-ın müharibəyə hazırlaşması barədə xəbərdar etdiyini bildirmişdi. Bəzi məlumatlarda hücumdan cəmi bir neçə gün əvvəl Misir kəşfiyyatının rəhbəri Abbas Kameldən də oxşar xəbərdarlığın alındığı iddia edilirdi. "Likud" bu məlumatları "tamamilə yalan" adlandıraraq rədd edib. Partiya həmçinin bildirib ki, bu xəbərlər seçkilər ərəfəsində ortaya çıxıb və məlumatın yayılmasında o, siyasi rəqibləri və "düşmən xarici qüvvələri" ittiham edib. SAMİRƏ