Feyrford aviabazası yaxınlığında mümkün terror hücumuna hazırlıq şübhəsi ilə şəxslərin saxlanılması Böyük Britaniya və ABŞ-ın təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Hadisənin ABŞ-ın Feyrford bazasından İrana qarşı əməliyyatlar apardığı dövrə təsadüf etməsi məsələyə diqqəti xüsusilə artırıb. Britaniya antiterror polisi saxlanılan şəxslərin İranla mümkün əlaqəsini araşdırsa da, hazırda onların hansı motivlə hərəkət etdiyi və xarici dövlətin tapşırığı ilə fəaliyyət göstərib-göstərmədiyi barədə rəsmi təsdiq yoxdur. ABŞ və Britaniya tərəfləri isə araşdırma çərçivəsində əməkdaşlığı davam etdirir.
Hadisə Avropada təhlükəsizlik məsələlərinin yalnız İranla bağlı risklərlə məhdudlaşmadığını da göstərir. Avropa İttifaqı Ukraynaya hərbi və humanitar dəstəyi davam etdirir, Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün “Patriot” raketlərinin verilməsi imkanlarını müzakirə edir. Eyni zamanda, işğal altındakı Xerson vilayətinin Oleşki şəhərində ağır humanitar vəziyyətlə bağlı Avropa qurumlarının narahatlığı artır.
Beləliklə, Feyrford hadisəsi, İranla bağlı mümkün təhlükəsizlik riskləri, Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya hərbi dəstəyin davam etdirilməsi Avropanın eyni vaxtda bir neçə təhlükəsizlik çağırışı ilə üz-üzə olduğunu göstərən amillər kimi diqqət çəkir.
Feyrford aviabazası yaxınlığında saxlanılan şəxslərin uzun müddət ABŞ və Britaniya tərəfindən izlənildiyi, lakin yalnız mümkün hücuma hazırlıq şübhəsi yarandıqdan sonra saxlanıldığı bildirilir. Eyni zamanda, son dövrdə Londonla Vaşinqton arasında İran və Ukrayna məsələlərinə yanaşmalarda müəyyən fikir ayrılıqları olduğu görünür. Bu fonda, Feyrford hadisəsinin Britaniya-ABŞ münasibətlərində yeni təhlükəsizlik mübahisəsinə çevrilməsi və hətta ABŞ-ın həmin aviabazadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı siyasi arqument kimi istifadə olunması ehtimalını necə qiymətləndirmək olar? Tramp bunu əsas gətirərək ABŞ aviabazasının Feyrforddan çıxarılmasına qərar verə bilərmi?
Bəhruz Quliyev: “Hazırda saxlanılan şəxslərin İranın tapşırığı ilə hərəkət etdiyini təsdiqləyən rəsmi nəticə yoxdur”
“Feyrford aviabazası yaxınlığında terror hücumuna hazırlıq şübhəsi ilə şəxslərin saxlanılması, təbii ki, ciddi təhlükəsizlik məsələsidir. Xüsusilə də bu hadisənin ABŞ-ın İran istiqamətində hərbi əməliyyatlarının davam etdiyi bir vaxta təsadüf etməsi diqqəti daha da artırır”.
Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər” qəzetinə açıqlamasında deyib. Ekspertin fikrincə, amma burada mühüm bir məqamı vurğulamaq lazımdır ki, hazırda saxlanılan şəxslərin İranın tapşırığı ilə hərəkət etdiyini təsdiqləyən rəsmi nəticə yoxdur. Britaniya tərəfi mümkün İran bağlantısını araşdırır, lakin istintaq başa çatmadan konkret nəticə çıxarmaq doğru olmaz.
Məsələnin digər tərəfi isə ABŞ-ın Feyrforddakı hərbi mövcudluğudur.
“Hesab edirəm ki, təkcə bu hadisəyə görə Vaşinqtonun bazadan çıxmaq qərarı verməsi real siyasi ssenari kimi hələ əsaslandırılmış görünmür. Çünki Feyrford ABŞ üçün sadəcə hərbi baza deyil, Avropadakı strateji hərbi infrastrukturun mühüm hissəsidir.
Əlbəttə, əgər istintaq nəticəsində xarici dövlətin bu hadisənin arxasında dayandığı sübuta yetirilərsə, vəziyyət dəyişə bilər. O zaman söhbət artıq adi terror təhlükəsindən deyil, Böyük Britaniya ərazisində xarici dövlət mənşəli təhlükəsizlik təhdidindən gedəcək. Bu isə London və Vaşinqton arasında ciddi müzakirələrə səbəb ola bilər.
Məncə, Feyrford hadisəsinin əsas əhəmiyyəti də məhz bundadır. Avropa bu gün eyni vaxtda bir neçə təhlükəsizlik problemi ilə üz-üzədir. Bunları sadalayaq: Ukrayna müharibəsi, Rusiya ilə qarşıdurma, İran ətrafında gərginlik və Avropadakı ABŞ hərbi obyektlərinin təhlükəsizliyi.
Ona görə də Feyrford hadisəsinə emosional deyil, strateji yanaşmaq lazımdır. Hazırda ən doğru mövqe istintaqın nəticələrini gözləmək və yalnız təsdiqlənmiş faktlar əsasında siyasi nəticələr çıxarmaqdır.”- deyə, B.Quliyev əlavə edib.
Akif NƏSİRLİ