Tural İrfan: “Hazırda Gürcüstan din xadimlərinin eyni mənbədən təhrik olunması şübhəsizdir”
İstər Keşikçidağ ( David Qareci məbədi), istərsə də Kürmük məbədi qədim Qafqaz Albaniyasına aid tarixi irsdir və Azərbaycan dövlətinin suveren ərazisində yerləşən milli sərvətdir. Amma təəssüflər olsun ki, son həftələr Gürcüstan tərəfi həm Keşikçidağ məbədinə, həm də Kürmük kilsəsinə dair iddialar irəli sürürlər.
Heç şübhəsiz ki, Gürcüstanın müəyyən dairələrinin, eləcə də gürcü patriarxlığının bu iddialarda bulunmasının arxasında başqa qüvvələrin maraqları dayanır. Yəni Azərbaycanla Gürcüstan arasındakı xoş qonşuluq və dostluq əlaqələrini, əməkdaşlığını gözü götürməyən kəsimlər bu mövzunu ortaya atmaqla iki ölkə arasında gərginliyin yaranmasına çalışırlar.
Bəzi ekspertlər hesab edir ki, bu kənardan Gürcüstan patriarxlığına, gürcü kilsəsinə gələn sifarişdir. Ekspertlər regionda Azərbaycan və Gürcüstan arasında nifaq salmaq istəyən erməni kilsəsi və diasporunun bu proseslərdə kilsə amilindən rıçaq kimi istifadə etdiyini bildirirlər. Ortada heç nə yoxdur, amma gürcü kilsəsi ermənilərin atdıqları addımları atmaq istəyir. Kilsə də onların fitvasına gedib Azərbaycana qarşı əsassız iddialar səsləndirirlər. Bunun planlı bir kampaniya olduğunu deyən ekspertlər qeyd edirlər ki, bu məsələ xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfərindən sonra gündəmə gətirilməsi heç təsadüfi deyil. Çünki bu səfər erməni mediasını və erməni diasporunu ciddi narahat etdiyi üçün onlar Gürcüstanı da özlərinə qoşmaq istəyirlər.
Kilsə məsələsinin ortaya atılmasında xarici qüvvələrin əli olduğunu Gürcüstan tərəf etiraf etməsə də, bu gerçəklikdir. Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və rəsmi rəhbərlik Bakı ilə Tbilisi arasında heç bir siyasi gərginliyin olmadığını, bu növ spekulyasiyaların dostluq şəraitində tezliklə tamamilə həll ediləcəyini bəyan ediblər.
Hökumətdəkilərin tamam başqa cür düşündüyü görsənir.
Tanınmış ilahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə dünyada bütün müsəlman ölkələrini daxildən həmişə narahat vəziyyətdə saxlamaq, münaqişə ocaqları yaratmaq, heç zaman rahat buraxmamaq üçün xristian ideoloji, siyasi təfəkkürünə əsaslanan institutlar fəaliyyət göstərir və bunlar klassik səlib yürüşlərini müasir üsullarla davam etdirirlər: “Keçmiş Qarabağ münaqişəsinin baş verməsində də bu dairələrin müstəsna rolu vardı. Türkiyə və Azərbaycana qarşı Ermənistanı təhrik edirdilər. ATƏT-in üç xristian üzvü hətta BMT-nin Qətnamələrini belə arxivə yollamaq uğrunda çalışır, mümkün qədər münaqişənin həllinə maneələr yaradırdılar. Nəticədə Azərbaycan Türkiyənin dəstəyi və öz qüdrəti ilə bu işğala son qoya bildi. Lakin hazırda sözü gedən səlibçi dairələr yeni xristian ölkəsi ilə yeni münaqişələrin təməlini qoymaq istəyir. Bu xristian dünyasının ideoloji məsələsidir. Belə mövzularda hətta Rusiya, Avropa, ABŞ eyni mövqedən və eyni cəhətdən çıxış edə bilərlər. Odur ki, hazırda Gürcüstan din xadimlərinin eyni mənbədən təhrik olunması şübhəsizdir. Erməni kilsəsinin də Azərbaycana qarşı radikal və barışmaz mövqe tutması hər kəsə məlumdur. Çünki bu dini mərkəzlər müstəqil deyil və əsasən xarici kəşfiyyat funksiyasını icra edir, Rusiya və Fransa kimi Avropa dövlətlərinin səlibçi siyasi institutlarının planları üzrə addım atırlar. Lakin bununla yanaşı, Azərbaycan və Gürcüstan arasındakı mədəni-tarixi və dini irs mövzuları, xüsusilə Keşikçidağ və Kürmük məbədi kimi abidələrin statusu, regional kontekstdə kifayət qədər həssas məsələlərdir.
Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığı, enerji və nəqliyyat layihələrini zəiflətmək istəyən kənar regional qüvvələr mövcuddur. Bu baxımdan, dini və ya ərazi məsələlərinin süni şəkildə alovlandırılması, iki qonşu ölkə arasında etimadsızlıq yaratmaq cəhdi olaraq siyasi proseslərə Kilsə xadimləri tərəfindən müdaxilə kimi qəbul oluna bilər. Çünki Gürcüstan daxilində kilsə və dini kimlik ictimai rəyə güclü təsir göstərən amillərdən biridir”. T.İrfan qeyd etdi ki, bəzən bu cür mədəni-tarixi abidələr ətrafındakı müzakirələr daxili siyasi qüvvələrin və ya mühafizəkar qrupların öz mövqelərini möhkəmləndirmək cəhdlərindən də qaynaqlana bilir.
“Həm Azərbaycan, həm də Gürcüstan hökumətləri bu cür həssas məsələlərin strateji münasibətlərə xələl gətirməməsi üçün məsələni emosional deyil, hüquqi və diplomatik müstəvidə həll etməyə çalışırlar. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyaları səviyyəsində müzakirələr və abidələrin birgə elmi şəkildə öyrənilməsi prosesi davam etdirilir.
Ümumilikdə, bu cür məsələlərin provokasiyalara yol açmaması üçün təmkinli yanaşma, rəsmi kanallarla dialoqun və tarixi faktlara əsaslanan elmi araşdırmaların vacibliyi əsas şərtdir. Təbii ki, aidiyyəti qurumlar bu məsələnin həlli üçün müvafiq addımlar atmalıdır. Lakin kənar təsirlərin hər iki ölkənin arasında ziddiyyət yaratmaq cəhdlərinə də qiymət verilməlidir. Dini, mədəni abidələrin, ümumiyyətlə məscidin, kilsənin, din xadimlərinin xarici ideoloji institutların təxribat alətinə çevrilməsinin də qarşısının alınması istiqamətində hər iki ölkənin səy göstərməsi mühümdür”-deyə T.İrfan bildirdi.
İradə SARIYEVA