Akif Nəsirli: “Bu qərarın Azərbaycana pul köçürmələrini kəskin azaltması qaçılmaz deyil”
Rusiyadan Azərbaycana 1 milyon rubldan (təxminən 20 min manat) artıq nağd pul çıxarılması qadağan edilib. Rusiya Prezidenti Vladimir Putin Rusiyadan bəzi MDB ölkələrinə nağd pulun çıxarılması qaydalarını sərtləşdirib. Bu barədə Rusiya prezidenti fərman imzalayıb.
“Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana fiziki şəxslər tərəfindən 1 milyon rubldan artıq məbləğdə nağd valyutanın çıxarılmasına qadağa qoyulsun”, - fərmanda bildirilib.
O da qeyd olunub ki, bundan əlavə, hüquqi şəxslər və fərdi sahibkarlar üçün qadağa vəsaitin məbləğindən asılı olmayaraq tətbiq ediləcək.
O da məlumdur ki, Rusiyada on minlərlə azərbaycanlı əmək fəaliyyəti ilə məşğul olur. Köçürmələrlə bağlı qadağalar Azərbaycana sosial təsirləri olarmı?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bu məhdudiyyətin Azərbaycana əsas sosial təsiri Rusiyada çalışan azərbaycanlıların qazandıqları pulları fiziki şəkildə nağd gətirməsi ilə bağlı ola bilər. Lakin burada vacib məqam odur ki, söhbət bütün pul köçürmələrindən deyil, məhz Rusiyanın nağd rublunun ölkədən çıxarılmasından gedir. Fərman 29 sentyabr 2026-cı ildən qüvvəyə minib və fiziki şəxslər üçün 1 milyon rubldan yuxarı nağd rublun Azərbaycana aparılmasını məhdudlaşdırır. Bank çıxarışını təsdiqləyən sənədlərlə müəyyən istisnalar da nəzərdə tutulub. Ona görə bu qərarın Azərbaycana pul köçürmələrini kəskin azaltması qaçılmaz deyil. Rusiyada işləyən şəxslər vəsaiti bank hesabları vasitəsilə Azərbaycandakı hesablarına göndərməyə davam edə bilərlər. Əsas dəyişiklik pulun nağd formada daşınmasının çətinləşməsi və bank kanallarından istifadəyə tələbin artması olacaq.
Sosial baxımdan daha çox Rusiyadan müntəzəm olaraq nağd pul gətirən ailələr təsirlənə bilər. Xüsusilə böyük məbləğlərlə işləyən şəxslər üçün əlavə sənədləşmə, bank əməliyyatları və valyutanın dəyişdirilməsi ilə bağlı xərclər yarana bilər. Bu isə müəyyən ailələr üçün gəlirin Azərbaycana çatdırılmasını çətinləşdirə bilər. Bununla yanaşı, uzunmüddətli perspektivdə bu məhdudiyyət Azərbaycana daxil olan vəsaitlərin daha çox bank sistemi üzərindən hərəkət etməsinə səbəb ola bilər. Bu da maliyyə şəffaflığını artırır və nağd pul daşınması ilə bağlı riskləri azaldır. Yəni əsas sosial risk pulun Azərbaycana ümumiyyətlə gəlməməsindən çox, onun çatdırılma formasının dəyişməsi və bəzi ailələr üçün əlavə əməliyyat xərclərinin yaranmasıdır”.
Vidadi ORDAHALLI