Təbriz Musayev: “Paşinyan hakimiyyətdə qaldığı müddətdə Ermənistan Rusiyanın təkliflərini qəbul etməyəcək”
“Rosatom”un baş direktoru Aleksey Lixaçov erməni jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin 2046-cı ilədək uzadılması əhəmiyyətli kapital qoyuluşları tələb edəcək və bu xərclər yüz milyonlarla dollar təşkil edə bilər.
Onun sözlərinə görə, stansiyanın istismar müddətinin 2046-cı ilədək uzadılması üçün texniki imkan mövcuddur, lakin bunun üçün genişmiqyaslı modernləşdirmə aparılmalıdır. Söhbət xüsusilə təhlükəsizlik və avtomatika sistemlərindən, reaktor korpusu ilə bağlı əlavə işlərdən, avadanlıqların zəruri xüsusiyyətlərinin təmin edilməsindən, həmçinin işlənmiş nüvə yanacağının saxlanması imkanlarının genişləndirilməsi və yenilənməsindən gedir: “Olduqca ciddi investisiyalar tələb olunur və biz bunları yüz milyonlarla dollar səviyyəsində qiymətləndiririk”.
Lixaçov onu da qeyd edib ki, müvafiq hovuzlar və saxlama imkanları daha qısa istismar müddəti üçün nəzərdə tutulub, buna görə də stansiyanın fəaliyyətinin 2046-cı ilədək uzadılması halında əlavə kapital xərclərinin həyata keçirilməsi zərurəti yaranacaq. Bu xərclər elektrik enerjisinin tarifinə təsir göstərəcək. Onun qiymətləndirməsinə görə, zəruri işlərin həcmini nəzərə alaraq, 2036-2046-cı illər arasında elektrik enerjisinin qiyməti əhəmiyyətli dərəcədə, hətta iki dəfəyə qədər arta bilər. Məhz buna görə “Rosatom” rəhbərinin sözlərinə görə, Ermənistan mövcud stansiyanın istismar müddətinin daha da uzadılmasının iqtisadi məqsədəuyğunluğunu yeni enerji blokunun tikintisinə keçmək imkanları ilə müqayisə etməlidir: “Stansiyanın fəaliyyətini 2036-cı illə məhdudlaşdırmaq, lakin yeni blokun tikintisinə keçidlə bağlı mümkün qədər tez qərar qəbul etmək”.
Göründüyü kimi, Rusiya tərəfi Ermənistandakı AES-in müddətini uzatmaq yox, yeni stansiyanın tikilməsinə daha çox önəm verir. Ermənistan tərəfini buna inandırmaq istəyir. Çünki qorxurlar ki, 2046-cı ilə qədər bu proses uzansa, Ermənistan ABŞ-ın iştirakı ilə AES tikəcək. Ona görə də Rusiya çalışır AES-i özü tiksin.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Rusiya bir sıra ölkələrdə AES-lərdən öz məqsədləri üçün istifadə edir: ““Rosatom” hazırda dünyanın bir çox ölkəsində irimiqyaslı Atom Elektrik Stansiyalarının (AES) tikintisini və genişləndirilməsini həyata keçirir. Rusiyanın hazırda aktiv olaraq AES tikdiyi və ya yeni bloklar inşa etdiyi əsas ölkələr Türkiyə, Misir, Çin, Hindistan, Banqladeş, Macarıstan, İran və başqa ölkələrdir. Çünki belə stansiyaların tikilməsi sayəsində Rusiya həmin ölkələrdə təsir dairəsini genişləndirir, agenturasını yerləşdirir və s. AES tikintisi mürəkkəb və texniki xidmət tələb edən məsələdir. Təkcə tikməklə iş bitmir. AES hazır olandan sonra ona qulluğu, uranla təmin edilməsini “Rosatom” həyata keçirir. Bu da istər istəməz həmin ölkələrin Rusiyadan müəyyən asılılığını yaradır. Nəzərə almaq lazımdır ki, Ermənistan kiçik dövlətdir. Bu baxımdan orada yeni AES-in tikilməsi Rusiya üçün daha cəlbedicidir, nəinki Metsamor AES-in vaxtını uzatmaq. Rusiya görür ki, hazırkı Ermənistan rəhbərliyi ABŞ-a modul tipli kiçik AES-lər tikdirmək istəyir. Ona görə də bunun qarşısını almaq üçün “Rosatom”un baş direktoru Lixaçov belə canfəşanlıq edir. Fikrimcə, Paşinyan hakimiyyətdə qaldığı müddətdə Ermənistan Rusiyanın təkliflərini qəbul etməyəcək”.
Vidadi ORDAHALLI