Ukrayna Prezidenti Volodimir Zelenskinin 28 sentyabrda səsləndirdiyi iddialara görə, Rusiyada hazırda 8 mindən çox Şimali Koreya hərbçisi var və daha 10 min nəfərin Rusiyaya göndərilməsi üçün hazırlıq aparılır. Zelenski həmçinin Rusiyanın Şimali Koreyaya texnologiya verdiyini və bunun nəticəsində Şimali Koreyada “Shahed” tipli zərbə dronlarının istehsalına başlanıldığını deyib.
Euronews ayrıca Şimali koreyalı işçilərin Rusiyanın Tatarıstanındakı “Alabuqa” xüsusi iqtisadi zonasında “Shahed” tipli dronların istehsalında iştirak etdiyinə dair məlumat yayıb.
Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın genişlənməsi və Pxenyana “Shahed” tipli dronların istehsal texnologiyasının verilməsi Şimali Koreyanın hərbi potensialını nə dərəcədə artıra və regionda təhlükəsizlik balansına necə təsir göstərə bilər?
Akif Nağı: “Rusiyanın Şimali Koreyaya dəstəyi onların hərbi arsenalını ciddi şəkildə gücləndirməyəcək”
Politoloq Akif Nağı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Rusiya ilə Şimali Koreya arasında son dövrlərdə xüsusi və çoxşaxəli münasibətlər formalaşıb. Onun sözlərinə görə, tərəflər siyasi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığı genişləndirirlər və bu yaxınlaşma artıq açıq şəkildə müşahidə olunur.
Ekspert qeyd edib ki, Şimali Koreya rəhbərliyi Rusiyanı ən yaxın və mühüm müttəfiqlərindən biri kimi təqdim edir, Moskva da Pxenyanla münasibətlərinin əhəmiyyətini gizlətmir. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi sahədir. Şimali Koreyanın Rusiyaya canlı qüvvə, silah-sursat və digər hərbi imkanlarla dəstək verdiyi bildirilir. Rusiya da öz növbəsində Şimali Koreyaya müxtəlif hərbi texnologiyalar və imkanlar təqdim edə bilər.
Akif Nağının sözlərinə görə, Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi Moskva üçün müəyyən əhəmiyyət daşıyır. Rusiya Ukrayna müharibəsi fonunda müxtəlif ölkələrdən hərbi və texniki dəstək almağa çalışır və Pxenyanla əməkdaşlıq bu baxımdan Moskvanın imkanlarını müəyyən qədər genişləndirir. Eyni zamanda, tərəflər arasında hərbi əməkdaşlığın dərinləşməsi onların qarşılıqlı siyasi dəstəyini də gücləndirir.
Politoloq hesab edir ki, Rusiya ilə əməkdaşlıq müəyyən müddət ərzində Şimali Koreyanın hərbi imkanlarına təsir göstərə bilər, lakin bunun ölkənin hərbi gücünü köklü şəkildə dəyişdirəcəyini düşünmür. Onun fikrincə, Şimali Koreyanın artıq formalaşmış hərbi sənayesi və raket proqramları var və ölkə uzun illərdir bu istiqamətdə ciddi resurslar toplayır. Buna görə Rusiyanın verə biləcəyi dəstək daha çox mövcud imkanların inkişafına və müəyyən texnologiyaların əldə edilməsinə xidmət edə bilər.
Nağı əlavə edib ki, Rusiya özü də hərbi sənaye sahəsində ciddi problemlərlə üzləşir. Onun fikrincə, Moskvanın təqdim etdiyi bəzi silah sistemləri artıq əvvəlki dövrlərdə olduğu qədər rəqabətqabiliyyətli deyil və müasir hərbi texnologiyalar sürətlə dəyişir. Bu səbəbdən Rusiyanın Şimali Koreyaya verə biləcəyi hərbi dəstəyin Pxenyanın arsenalında fundamental dəyişiklik yaradacağı barədə ehtiyatlı yanaşmaq lazımdır.
Politoloq hesab edir ki, Şimali Koreyanın Rusiya ilə yaxınlaşması Çin üçün də diqqətdən kənarda qala bilməz. Pxenyanın həm Moskva, həm də Pekinlə münasibətləri olsa da, Rusiya və Çin arasında müxtəlif məsələlər üzrə yanaşma fərqləri mövcuddur. Buna görə Şimali Koreyanın iki böyük güc mərkəzi ilə münasibətlərini balanslaşdırmaq məcburiyyətində qalması mümkündür.
Digər tərəfdən, Şimali Koreyanın qarşısında Cənubi Koreya, ABŞ və Yaponiya ilə bağlı regional təhlükəsizlik məsələləri də dayanır. Cənubi Koreya ilə ABŞ arasındakı müttəfiqlik münasibətləri, həmçinin Yaponiyanın regiondakı mövqeyi Pxenyanın təhlükəsizlik siyasətinə birbaşa təsir göstərir. Bu şəraitdə Rusiya ilə hərbi əməkdaşlığın genişlənməsi Şimali Koreyaya regionda müəyyən əlavə imkanlar verə bilər.
Akif Nağının fikrincə, Rusiya ilə Şimali Koreya arasında yaxınlaşmanın uzunmüddətli nəticələrinin necə olacağı hələ tam aydın deyil. Lakin bu əməkdaşlıq artıq beynəlxalq təhlükəsizlik gündəliyinin mühüm məsələlərindən birinə çevrilib. Azərbaycan da regionda və dünyada gedən bu prosesləri, xüsusilə Rusiya, Çin və Şimali Koreya arasındakı münasibətlərin dəyişməsini öz xarici siyasəti və təhlükəsizlik baxımından nəzərə almalıdır.
Dəniz NƏSİRLİ