Finlandiyada parlament üzvlərinin evlərində baş verən bir sıra oğurluqlar ölkəni təşvişə salıb. Ən azı iki hadisə təsdiqlənsə də, Finlandiya mediasının məlumatına görə, oxşar halların sayı 10-u keçib. Bəzi evlərdən heç bir əşyanın oğurlanmaması hücumların səbəbi ilə bağlı suallar doğurur.
Siyasətçilərin evlərinə sirli icazəsiz girişlər Finlandiya təhlükəsizlik qüvvələrini səfərbər edib. Prezident Aleksandr Stubb bildirib ki, "Parlament üzvlərinə edilən hücumlar demokratiyaya edilən hücumlardır".
Finlandiya mediası oxşar hadisələrin sayının 10-u keçə biləcəyini bildirib, Helsinki polisi isə hadisələrlə bağlı araşdırma başladıb. Finlandiya Təhlükəsizlik Kəşfiyyat Xidməti (Supo) də parlament üzvlərinin evlərini hədəf almaq cəhdlərindən xəbərdar olduğunu təsdiqləyib.
Anonimlik şərti ilə danışan bir parlament üzvü evinə basqın edildiyini, lakin bunu necə başa düşdüyü barədə ətraflı məlumat vermədiyini bildirib. Parlament sədri Jussi Halla-aho da qanunvericilərin evləri ilə bağlı bildirilən şübhəli halların sayının "ciddi" olduğunu bildirib.
Hadisələrin tək bir tarixdə baş vermədiyi, məlum halların daha uzun bir dövrü əhatə etdiyi və ilk hadisənin təxminən bir il əvvəl baş vermiş ola biləcəyi qeyd edilir.
Parlament üzvlərinin evlərinə soxulmalarına baxmayaraq, heç bir əşyanın oğurlanmaması "Bu evlərə niyə girildi?" sualını doğurub. Finlandiya dövlət televiziyası Yle-nin məlumatına görə, evlərdə məcburi giriş əlamətləri aşkarlanmasa da, bəzi evlərdə adətən diqqəti cəlb etməyən qeyri-adi işarələr olub. Parlament sədri Jussi Halla-aho bu işarələrin evlərə girildiyini göstərmək üçün qəsdən qoyulmuş ola biləcəyini irəli sürüb.
Hadisələrin arxasında xarici dövlətin olması ehtimalına gəlincə, Finlandiyanın Baş naziri Petteri Orpo bunun "tamamilə mümkün" olduğunu deyib. Orpo, Rusiya ehtimalına da toxunaraq, onların seçkilərə təsir göstərmək cəhdlərinin bir çox Avropa ölkəsində müşahidə olunduğunu bildirib və Finlandiyadakı seçkilər yaxınlaşdıqca xarici müdaxilə riskinin son dərəcə ciddi qəbul edilməli olduğunu vurğulayıb.
Orpo həmçinin hücumların yalnız parlament üzvlərini hədəf alıb-almadığını və ya oxşar hadisələrin nazirlərin evlərində baş verib-vermədiyini araşdıracağını açıqlayıb. Polis hələlik hücumların arxasında duran şəxsin və ya ölkənin dəqiq müəyyənləşdirilməsini aparmayıb.
Bu hadisələrdən sonra Finlandiya Parlamentində də təhlükəsizlik tədbirləri artırılıb. Ötən həftə keçirilən məxfi təhlükəsizlik iclasında parlament qruplarının liderlərinə parlament üzvlərinin evlərinə potensial hücumlar barədə xəbərdarlıq edilib. Millət vəkillərinə ayıq-sayıq olmağa, qarşılaşdıqları hər hansı şübhəli hal barədə səlahiyyətli orqanlara məlumat verməyə və zərurət yarandıqda cinayət şikayətləri verməyə çağırılıb.
Finlandiya Prezidenti Aleksandr Stubb da hadisəni pisləyib. O, bildirib ki, "Parlament üzvünə hücum demokratiyaya hücumdur" və bu cür hadisələrin tamamilə qəbuledilməz olduğunu əlavə edib.
Tahir TAĞIYEV