Həmişə, hər zaman mənim üçün çox əziz olan bu xatirəni yazmaqdan, danışmaqdan uzaq olmuşam. Düşünmüşəm ki, “ağzıgöyçəklər” buna başqa don geydirib yaltaqlıq kimi başa düşərlər. Hansı ki, məni yaxından tanıyan adamlar çox gözəl bilirlər ki, belə şeylərdən çox uzaq, olduqca uzaq bir adamam.
Deyim ki, uzun illər tanıdığım çox əziz və yaxın dostlarım bizə gəlmişdi. Fəlsəfə elmləri doktoru, professor, Şimali Kipr Türk Cümhuriyyətinin fəxri vətəndaşı, ən əsası isə milli məfkurəmizin ən aydın simalarından biri, eks Prezident Əbülfəz Elçibəyin tələbə yoldaşı Aydın Abbasov ( Türk Aydın ) və Azərbaycanda həmkarlar İttifaqı sahəsində ilk peşəkar mütəxəssis (Kanada, Türkiyə və İsraildə təhsil almış) Əlibaba Nəcəfovu nəzərrdə tuturam. Mən onları çox istəyirdim və deyərdim, bu iki şəxsiyyət vətənimiz, millətimiz, xalqımız üçün çox faydalı və qiymətli insanlardır.
Biz həyətdə ağacların altında oturub xeyli söhbət etdik, çay içdik, nərd oynadıq. Aranı dağa, dağı Arana apardıq, dünyanın gəlişindən, gedişindən danışdıq, fikir mübadiləsi elədik. Axırda hiss etdim ki, onlar nədənsə narahatdırlar. Hərdən oğrun-oğrun bir-birinə baxır, him-cim edir, sanki nəyisə demək istəyir, amma deyə bilmir, çəkinirdilər. Pıçıltı ilə o deyir ”Sən de”, bu deyir “Sən de”. Axırda soruşdum ki, a kişilər, nə olub, nə məsələdir? Sözünüz var, sözünüzü deyin də...
Memarlıq və İnşaat Mühəndisliyi Universitetinin professoru Aydın müəllim sanki bu sözə bənd idi:
-Bilirsən nə var?- dedi.- Sən məşhur ərəbşünas, “ Quranı Şərif”i tərcümə edən professor, akademik Vasim Məmmədəliyevi gərək ki, yaxşı tanıyırsan.
-Bu nə sözdür? – deyə mən təəccüblə ona baxdım. Guya sən bilmirsən ki, biz yaxın dostuq?
Aydın müəllim gülümsünüb:
-Bilirəm, yaxşı bilirəm, - dedi. – Sonra çevrilib Əlibaba Nəcəfova baxdı, dərindən nəfəs aldı. Sanki onun baxışlarından nəsə hiss edib daha da cürətləndi. –Məsələ bundadır ki, o günü Vasim müəllim mənə zəng eləmişdi. Görüşdük, sənin haqqında xeyli söhbət etdik. Axırda mənə dedi ki, bilirəm, Nizaminin ən yaxın və qədim dostlarından birisən. Bilirəm ki, sənin sözünü heç vaxt yerə salmaz.
-Əlbəttə,Vasim müəllim ağıllı adamdır, - deyə mən tələsik dilləndim. Heç sənin sözünü yerə salmaq olar? O, hər şeyin yerini bilən, tədbirli, ağır adamdır.
-Tələsmə, dayan, məsələ bundadır ki... – Aydın müəllim sözünü yarımçıq kəsib bir də Əlibaba Nəcəfova baxdı və sonra davam etdi.
- Məsələ ondadır ki, Vasim müəllim deyir, sən yazıçı, professor Mir Cəlal Paşayev haqqında bir yazı yazmalısan. Tələbə vaxtı o sənə çox kömək edib. Heç kimə etmədiyi yaxşılığı sənə edib.
- Əlbəttə, - deyə mən özümdən asılı olmayaraq yerimdən dik qalxdım.
– Mən həyatım boyu Mir Cəlal müəllimə borcluyam. Ata oğluna etmədiyi yaxşılıqları Mir Cəlal müəllim mənə edib. Heç o yaxşılıqları unutmaq olar?
Onlar bir-birinin üzünə baxdılar. Əlibaba müəllim dodaqlarını büzüb çiyinlərini çəkdi. Sanki nəyəsə inanmırmış kimi təəccüb etdi. Aydın müəllim gülümsünüb dedi:
- Bu elə-belə söhbət deyil. Şərtlər belədir: sən Mir Cəlal müəllim haqqında yazını yazıb Vasim müəllimə verəcəksən, sonra hansı vəzifəni istəsən, o sənə təşkil edəcək. İstəsən deputat da ola bilərsən.
-Nə?.. Sanki beynimdə ildırım çaxdı, gözlərim qaraldı. Yıxılacağımdan ehtiyat edib arxaya söykəndim. Araya dərin bir sükut çökdü. Heç kim dinib-danışmadı. Bir qədər sonra özümə gəlib diqqətlə Aydın müəllimin üzünə baxdım:
- Bu uzun illər ərzində məni beləmi tanıdın, Aydın müəllim?- dedim. – Mənə olmazın yaxşılıqlarını edən, ən ağır vaxtlarımda qolumdan tutub qaldıran müqəddəs bir insan haqqında təmənnalı yazımı yazmalıyam? – Dərindən köks ötürüb sonra əlavə etdim. – Həyatda alınıb- satılmayan şeylər də var, Aydın müəllim. Sən bunları məndən daha gözəl bilirsən. Vasim müəllim bunu bilməyə bilər... Çünki bizim dostluğumuzun səviyyəsi, dərəcəsi o qədər də yüksək deyil. Sadəcə o, bir dost kimi mənə kömək etmək istəyir. Bax, özün görürsən ki, bizim ev nə gündədir, həyət necədir. Mənim çox şeyə ehtiyacım var. Ancaq bu ehtiyacları ödəmək üçün illər boyu qazandığım və qoruyub saxladığım dəyərlərdəın imtina edə bilmərəm, onları ayaqlayıb keçə bilmərəm. Sağ ikən bioloji varlığa çevrilib ölü həyatı yaşaya bilmərəm.Bu mənim əxlaqıma, əqidəmə, fikrimə, düşüncələrimə ziddir. Bu mənim həyatım deyil.
Aydın müəllim qolumdan tutub dedi:
- Bu mənim fikrim deyil, Nizami bəy. Sən çox dərinə getdin. Mən sadəcə Vasim müəllimin dediklərini sənə çatdırdım. O da səni çox istədiyindən deyir. Özün bilirsən ki, Vasim müəllim hər adamı qəbul etmir.
Nəhayət, Əlibaba Nəcəfov dərindən köks ötürüb söhbətə qoşuldu:
-Vallah, vəzifə də, səlahiyyət də, pul da yaxşı şeydir. Bunlar insan üçün çox lazımdır. Ancaq dəyərlərin, insanlığın itirilməsi hesabına olmamalıdır. Buna görə də mən Nizami bəyin fikirlərini dəstəkləyirəm. Onu da deyim ki, Vasim müəllimdən incimək olmaz. İndi belə vəzifələr üçün dəridən-qabıqdan çıxanlar var. O, Nizamini yaxşı tanıdığı üçün istəyir ki, belə vəzifələrə az da olsa xalqını, dövlətini, millətini sevən dəyərli insanlar gəlsin. Onsuz da heç nəyi bacarmayan yaltaqlar, riyakarlar müxtəlif vasitələrlə bir yol tapıb hara gəldi soxulurlar.
- Nə isə, bu mövzunu qapadıq - deyə Aydın müəllim nərdin daşlarını düzməyə başladı. – Hələlik bu günkü oyunun qalibi Əlibaba bəydir.
- Həyatım boyu Mir Cəlal müəllimə borclu olduğum üçün bu mövzuya qayıdacağam, – deyə mən son fikrimi bildirdim. - Sağlıq olsa, bunu o vaxt edəcəyəm ki, yaşımla əlaqədər heç bir vəzifəyə təyin etmək mümkün olmasın və kiminsə ağlına başqa, yad fikirlər gəlməsin. Bu yazı yalnız və yalnız böyük yazıçımız Mir Cəlal Paşayevə olan mənəvi borcum kimi qəbul edilsin. Bax, o zaman mən özümü qəlbən və ruhən rahat və yüngül hiss edəcəyəm.
Onlar bir-birinin üzünə baxdılar. Hər ikisi dərindən köks ötürüb oyunlarına davam etdilər...
O vaxtdan uzun illər keçib, fəsillər dəyişib. İndi bu yazını yazmaqdan böyük məmnunluq duyur və qürurlanıram ki, xalqımızın, millətimizin böyük oğlu, görkəmli şəxsiyyət, bənzərsiz insan, istedadlı alim və yazıçı Mir Cəlal Paşayev vaxtılə mənə misilsiz kömək göstərmiş, qarşımda yeni, geniş, işıqlı yollar açmışdır. O zaman Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinin üçüncü kursunda oxuyurdum. Kənd uşağı idim. Atamı altı yaşımdan itirmişdim və mənə dayaq olacaq, ağrı-acılarımı ovunduracaq, sözümü deyəcək kimsə yox idi. Anam və iki qardaş, bir bacı idik. Atamın vəfatından sonra anam da xəstələnmişdi. Vəziyyətimiz çox ağır idi və mən bu acı həqiqətləri dərk etdiyimdən, dərsdən sonra kolxozda yüngül işlərdə işləmək məcburiyyətində qalmışdım. Çünki başqa yolumuz və köməyimiz yox idi. Dərsdən çıxandan sonra tarlaya gedər, hava qaralandan sonra evə gələrdim. Dərslərimi gecələr hazırlayardım. Nə qədər yorğun və ac olsam da içimdəki yanğı, mübarizə əzmi bütün acılara üstün gəlir, arzularımın şirinliyi məni ruhlandırır, yeni güc və qüvvət verirdi. Beləliklə, orta məktəbi qurtardıqdan sonra öz arzuma qovuşdum. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə qəbul olundum. Sanki dünya mənim idi. Çəkdiyim əzab-əziyyəti unudur, dərslərimi əla qiymətlərlə oxuyur və ara-sıra respublika qəzetlərində maraqlı yazılarla çıxış edirdim. Amma üçüncü kursda Bakıda gizli fəaliyyət göstərən və milli müstəqillik uğrunda mübarizə aparan uşaqlarla dostluq etməyə başladım. Çünki mən bütün varlığımla vətənimi, xalqımı, millətimı sevirdim və hələ səkkizinci sinifdən ikiyə bölünən vətənimizin taleyi haqqında düşünürdüm. Amma o uşaqlarla dostluq mənə çox baha başa gəldi. Dövlət Təhlükəsizlik Komitəsinin Universitet üzrə kuratoru vardı, Şəbib Təhməzbəyov. O, mənimlə tez-tez söhbətlər aparırdı. Milli ruhda olan çox yaxşı bir adam idi. Axırda mənə dedi ki, görürəm sən təmiz, saf adamsan, özün də təzəsən, adın hələ yüksək dairələrdə hallanmır, indi mən sənə toxunmuram, adamın varsa özünü qurtar, sonra gec olacaq.
Bu boyda Bakı şəhərində yanına getməyə, sözümü deməyə kimsə yox idi. Özüm yataqxanada qalır, yalnız Universitetdən aldığım təıəbə təqaüdü ilə dolanırdım. İşin nə qədər çətin, ağır və çıxılmaz olduğunu başa düşür, fikirləşir, fikirləşdikcə dünya gözümdə daralırdı. Nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Universitetdə tələbələr deyir- gülür, şadlanırdılar. Onlara həsədlə baxırdım, baxdıqca ürəyim üzülür, gözlərim qaralır, başım gicəllənirdi. Yıxılacağımdan ehtiyat edib, ikinci mərtəbədə pəncərənin qarşısında divara söykənib dayandım. Nə qədər vaxt keçdiyini bilmirəm, bir də xəyaldan ayrılanda gördüm ki, sevimli müəllimimiz Mir Cəlal Paşayev qarşımda dayanıb diqqətlə mənə baxır. Güclə gülümsünüb salam verdim, getmək istəyəndə qolumdan tutub saxladı:
-Dayan, - dedi. - Son vaxtlar gözümə çox fikirli, qəmgin görünürsən, nə olub, nə baş verib?
Duruxdum. Ona nə deyəcəyimi bilmədim. Yalan danışmağı sevmirdim. Mənim üçün Universitetdən qovulmaq və tutulmaq təhlükəsi var idi. Bunu siyasi yolla yox, üç imtahandan qeyri- kafi yazmaqla həll etmək istəyirdilər. Artıq iki imtahandan kəsilmişdim, birini də həmin gün aldım. Vəziyyət olduqca pis idi...
-Hə, nə oldu? – deyə Mir Cəlal müəllim məni açıq pəncərənin qarşısındən bir az aralı çəkdi.
– Eşitdiyimə görə sənin vəziyyətin yaxşı deyil, nə baş verir? Axı sən yaxşı oxuyan, sayılıb- seçilən tələbələrdənsən. – Sonra düz gözlərimin içinə baxıb əlavə etdi. – Sən demək istəməsən də, mən hər şeyi bilirəm. Səni Universitetdən qovmaq istəyirıər. Belə olmaz, sən yaxşı oxuyan, fəal tələbəsən, özün də qəzetlərdə çıxış edirsən. Get Ağamusa müəllimə denən gəlsin mənim yanıma, kafedraya. Səni qiyabiyə keçirərik, fərq imtahanı verərsən.
Mən təəccüb və heyrətlə onun üzünə baxdım. Baxışları o qədər həlim, o qədər isti idi ki, içimdə bir rahatlıq tapdım.Amma tez özümü ələ alıb dedim:
- Mir Cəlal müəllim, bu çox çətin məsələdi. Əziyyət çəkməyinizə razı ola bilmərəm. Ortada başqa məsələ var.
O, gülümsündü. Elə bu vaxt fakültəmizin dekanı, professor Ağamusa Axundov bizə yaxınlaşdı. Əl verib Mir Cəlal müəllimlə səmimi görüşdü. Sonra tərs-tərs mənə baxdı. Onun bu baxışları Mir Cəlal müəllimin diqqətindən yayınmadı:
-Ağamusa müəllim, - dedi, - sən yaxşı, xeyirxah adamsan. Gözəl bilirsən ki, biz belə uşaqların taleyinə biganə qala bilmərik. Özü də bizim qabaqcıl tələbələrimizdən biridir. Arxasız, köməksiz adamdır. Qovmaq yox, kömək edib qiyabi şöbəyə keçirmək lazımdır. Özü də üçüncü kursdan beşinci kursa keçirmək ki, arada bir il vaxt itirməsin.
Ağamusa müəllim dərin fikrə getdi. Nə deyəcəyini bilmədi. Bəlkə də Mir Cəlal müəllimdən bu təklifi gözləmirdi. Sözün həqiqi mənasında bu, çox riskili və olduqca çətin məsələ idi. Mənə elə gəldi ki, dekanımız bu işin məsuliyyətindən çəkinirdi.
Professor Mir Cəlal Paşayev dərhal işin mahiyyətini başa düşdü. Odur ki, Ağamusa müəllimin qolundan tutub özünəməxsus sakit bir tərzdə mehribanlıqla dedi:
-Ağamusa, səni başa düşürəm. Gəl belə edək, sən ərizənin üstünü yazarsan, mən də rektor Mehdi Əliyevlə danışaram.
Sonra böyük şəxsiyyət nə fikirləşdisə gülümsündü. Çöhrəsində xoş təbəssüm oynadı. Bir mənə baxdı, bir Ağamusa müəllimə. Hər ikimizin qolundan tutub kafedraya apardı. Yazı masasının arxasına keçib telefon nömrəsini yığdı. Xəttin o başından mehriban bir səs eşidildi:
-Buyurun, eşidirəm.
Danışan Universitetin rektoru dosent Mehdi Əliyev idi. Xeyli söhbət etdilər, dedilər, güldülər. Bu vaxt ərzində mən sanki ölüb-dirilir, gah Mir Cəlal müəllimin, gah dekanın üzünə baxır, qeyri- ixtiyarı onlar kimi gülümsünürdüm. Ötən hər dəqiqə mənə bir il qədər uzun gəlirdi. Axırda Mir Cəlal müəllim ciddi görkəm alıb dedi:
-Mehdi, səndən bir xahişim var. Gərək yerinə yetirəsən. Mənim jurnalistika şöbəsində bir tələbəm var, özü də yaxşı oxuyandı. Çox tərbiyəli, savadlı, istedadlı qələm sahibidir. Necə olubsa üç kəsiri qalıb. İndi onu fərq imtahanları verməklə üçüncü kursdan beşinci kursa qiyabiyə keçirmək lazımdır. Deyim ki, bu olduqca vacibdir. Adı Nizami Təhməzovdur. Çox yaradıcı gəncdir.
Rektor nə dedisə, Mir Cəlal Paşayev əvvəlcə mənə, sonra dekana baxıb dedi:
-Bəli, Nizami Təhməzov. Yaxşı ki, özünüz tanıyırsınız. Belə bacarıqlı, istedadlı uşaqları qorumaq, himayə etmək bizim borcumuzdur. Sən həmişə haqqın, ədalətin, arxasız, kimsəsiz insanların yanında olmusan. Mehdi, bunu bilirəm. Sağ ol..Ağamusa indi elə mənim yanımdadır. Ərizənin üstünü yazıb gətirərlər.
Həmin günün səhərisi qiyabiyə keçməyim haqqında əmr verildi. Mən hələ də inana bilmirdim. Elə bil şirin bir yuxu görürdüm. Tez- tez gedib fakültənin elanlar lövhəsində əmri dönə-dönə oxuyur, daxili bir rahatlıq tapırdım. Az vaxt ərzində baş verənlər mənə möcüzə kimi görünürdü. Bu çətin, ağır, çıxılmaz vəziyyətimdə heç kimdən, heç bir yerdən kömək gözləmədiyim halda, sanki Ulu Tanrı sevimli müəllimimiz Mir Cəlal Paşayevi mənə dayaq göndərmişdi...Axırıncı fərq imtahanını verəndə Şəbib müəllim də ora gəlmişdi. Deyim ki, o, Dövlət Təhlükəsizlik Komitəsində işləsə də, çox milli, qeyrətli, vətənini, millətini sevən adam idi. Məni ilk təbrik edən də o oldu:
-Bəs deyirdin heç kimin yoxdur? – dedi. – Bundan böyük adam olar? Mir Cəlal müəllim səni nəinki Universitetdə saxlatdırdı, eyni zamanda həbs olunmaq təhlükəsindən də qurtardı. Bundan xəbərin var ?
– Xeyr, - dedim, - Onun özü bu barədə mənə heç nə deməyib.
O, gülümsündü:
-Deməz də...Mir Cəlal müəllim elə xırda adam deyil. Elə onun böyüklüyü də ondadır ki, elədiyini heç vaxt deyən deyil. Bu iş üçün o, bizim idarə rəisinə ağız açdırıb. Mənə rəisin özü dedi. – O, bir qədər duruxub əlavə etdi.
– Yadında saxla, Mir Cəlal müəllimdən başqa kimsə bunu edə bilməzdi və etməzdi də.
Düzü, mənim heç nədən xəbərim yox idi. Universitet məsələm düzəlsə də, içimdə dəhşətli bir qorxu, bir xof, bir həyəcan vardı və bir an da olsa məni rahat buraxmırdı. Düşünürdüm ki, hər saat, hər dəqiqə məni tuta bilərlər. Mən tutulmaqdan daha çox, qazandıqlarımı, əldə etdiklərimi itirəcəyimdən qorxurdum. Hardasa oxumuşdum ki, insan üçün ən böyük əzab uzun illərdən sonra çevrilib arxaya - keçmişə baxanda orda çox dərin qaranlıq bir boşluğu görməkdir.
- Mən Mir Cəlal müəllimi uzun illərdir ki, tanıyıram. – Şəbib müəllimin mehriban səsi məni düşüncələrimdən ayırdı. - Amma onun bu qədər həssas, xeyirxah, diqqətli və güvənli bir insan olduğunu bilmirdim. O, ata öz doğma oğluna edəcəyi qədər sənə yaxşılıq edib. Bunları ona görə sənə deyirəm ki, heç vaxt unutma!..Mir Cəlal müəllim Mərkəzi Komitədə lazımi adamlarla danışaraq, bir il səni Bakı şəhərindən uzaqlaşdırmaq məqsədi ilə ucqar bir dağ rayonu olan Kəlbəcərə göndərməyi qərara alıblar. Bunun üçün rayonda çıxan “Yenilik” qəzetində sənə iş də düzəldiblər, kənd təsərrüfatı şöbəsinin müdiri. Bu, sənə göstərilən son dərəcədə böyük diqqət və hörmətdir. Sonra o, o tərəf, bu tərəfə baxıb astadan əlavə etdi. – Get, sənə uğurlar arzulayıram. Bundan sonra çalış həmişə belə xeyir işlərdə görüşək. Sağ ol.
O, bu sözləri deyib əl verdi, görüşdü. Sonra dəhlizdəki tələbələrə qoşularaq gözdən itdi. Mən bir müddət onun ardınca baxdım. Baxdım deyəndə, sanki quruyub yerimdə qalmışdım. O, çoxdan getmişdi və yalnız dediyi sözlər qulaqlarımda səslənirdi.
Divara söykənib rahat nəfəs aldım. Son bir neçə ayda özümü belə yüngül, rahat hiss etməmişdim. Dərindən nəfəs aldıqca ruhum dincəlir, qollarım, çiyinlərim və sanki bütün bədənim ağır bir yükün altindan çıxmış kimi rahatlanır və astaca titrəyirdi. Amma çəkdiyim əzab-iztirablar bununla bitmədi, qurtarmadı. İndi də mənim səhvimə görə sevdiyim, hörmət etdiyim insanların narahat olması, əziyyət çəkməsi, kiməsə ağız açması məni olduqca sıxır, təntidirdi. Təntidirdi deyəndə nəfəsimi kəsir, varlığımı əlimdən alırdı.
Dekanımızın katibəsi Südabə xanım idi. O, olduqca mehriban, səmimi, ləyaqətli bir qadındır. Fakültəmizdə hamı - müəllimlər də, tələbələr də onun xatirini çox istəyir, hörmətini saxlayırdılar. Çox gözəl insandır. Tələsik narahatlıqla soruşdum:
-Xeyirdimi, Südabə xanım? – deyə sual dolu baxışlarımı onun gözlərinə dikdim.
- Hə, qorxma, Mir Cəlal müəllim səni axtarır. Tapşırdı ki, bu gün mütləq məni görsün. – Sonra o, dərindən nəfəs alıb əlavə etdi. - Elə indi yerindədir.
- Çox sağ olun, Südabə xanım. əziyyət çəkmisiniz. Çox dərin təşəkkür edirəm. İndi gedirəm.
Elə on-on beş addım atmışdım ki, arxadan Südabə xanımın mehriban səsi eşidildi:
-Nizami!..
Dayandım. Çevrilib arxaya baxdım. Südabə xanım qollarını açıb iti addımlarla mənə tərəf gəlirdi. Çatan kimi qucaqlayıb alnımdan öpdü:
-Tamam unutmuşam, axı, sən sabah rayona gedirsən. Yaxşı yol, Allah işini avand eləsin. Bil ki, biz analar sənin kimi oğullarımızla fəxr edirik. İnşallah, imtahan sessiyasında görüşərik.
-Sağ olun, əziz Südabə xanım, - deyə mən onun əllərindən öpdüm. – Siz bütün imkansız, zəif tələbələrin əzizi, sevimlisi, anasısınız. Nə yaxşı sizin kimi qadınlarımız var. Şox sağ olun.
-Sağ ol, oğlum, yolun həmişə açıq olsun.
Mən Südabə xanımdan ayrılıb kafedraya tərəf getdim. Tələbələrin qayğısız şən gülüş səsləri ətrafa yayılırdı. Bu səslərdə bir coşğu, sevinc, bəxtiyarlıq vardı. Sanki bu gülüş səsləri ətirli al-əlvan çiçəklərə çevrilib ətrafa səpələnirdi. Bu xoş əhval- ruhiyyə üzlərdəki sevinc, baxışlardakı təbəssüm indi mənə də xoş gəlir, ruhumu oxşayır, qəlbimi riqqətə gətirirdi. Ən əsası, özümü arxalı, güvənli hiss edirdim. Bilirdim ki, bu boyda şəhərdə artıq məni də müdafiə edən, sözümü deyən, dayaq duran, dar gündə qolumdan tutanım, yıxılanda qaldıranım var. Bu, Ulu Tanrının mənə dayaq göndərdiyi böyük insan Mir Cəlal müəllim idi. Bu ad artıq mənim qan yaddaşıma həkk olunmuşdu.
Kafedraya çatanda qapını astaca döyüb açdım. İçəri girib elə qapının yanındaca dayandım. Çox həyəcanlı idim, ürəyim şiddətlə döyünürdü.
-Hə, nə oldu? Gəl də, - deyə professor yerindən durub qabağa gəldi.- Sağ ol, Ağamusa dedi ki, imtahandan “Beş” almısan.
- Siz sağ olun, Mir Cəlal müəllim, - dedim. – Mənim çox əziyyətimi çəkirsiniz. Vallah, bilmirəm, sizin xəcalətinizdən ömrüm boyu çıxa biləcəyəmmi?
O güldü. Mənim qolumdan tutub yer göstərdi:
- Bilirsən, oğlum, - dedi. – Bizim borcumuz bacarıqlı, istedadlı, çalışqan gənclərə dayaq olmaq, düzgün yol göstərmək, büdrəyəndə, yıxılanda qolundan tutmaq, qaldırmaq, yardımçı olmaqdır. Sənin gözəl qələmin var, şirin, dadlı-duzlu yazırsan. Sənin o gənclər qəzetində gedən “ İmtahan sınaq meydanıdır” məqalən geniş müzakirə olundu. Universitetdə özünə görə tanınırsan, adın-sanın var. Rektor Mehdi müəllim sənin haqqında çox ürəklə elə yaxşı danışdı ki, mənə ləzzət elədi. Düzü, mən bunu gözləmirdim, sağ ol, üzün həmişə ağ olsun. Bu gün də keçmədiyin fəndən fərq imtahanı verib “Beş” almısan. Tələbə üçün bunlar böyük göstəricilərdir. İndi bəzi millətçi uşaqlara qoşulub müstəqillik istəyirsən. Belə olmaz. Müstəqillik belə qazanılmır. Özünü yandırar, bütün gələcəyini məhv edərsən. Hər şeyin öz yeri, vaxtı, zamanı var. Bunu yadında saxla! Özün də bil ki, sənin heç kimə borcun yoxdur.
Mir Cəlal müəllim bu sözləri deyəndə özümdən asılı olmayaraq dik qalxdım:
- Necə borcum yoxdur, Mir Cəlal müəllim? – dedim. – Siz məni DTK-nın əlindən aldınız, yeni həyata qaytardınız...
Mir Cəlal müəllimin üzündə xoş təbəssüm oynadı. Qolunu boynuma doladı:
-Belə götürəndə, bunları sən özün üçün, öz marağın üçün etmirdin, oğlum, milli maraqlar üçün, vətənimiz üçün edirdin. Amma səhv edirdin. Bax, bir müəllim kimi bizim də borcumuz bu səhvləri düzəltməkdir.
Mir Cəlal müəllim bu sözləri deyib düz gözlərimin içinə baxdı. Bu mənalı baxışlarda dərin bir sevgi, böyük bir məhəbbət və mərhəmət vardı. Bu sevgi və məhəbbətin alt qatlarında isə çox milli, bəşəri dəyərlər vardı.
-Deməli, sabah gedirsən, – deyə Mir Cəlal müəllim əlini cibinə salıb nəsə axtardı.
-Bəli, sabah gecə qatarla Yevlağa gedəcəyəm.
-Yevlağa niyə?
-Yevlaxdan da Kəlbəcərə avtobusla getməliyəm.
-Hə, başa düşdüm, - deyə qayğılı halda mənə baxdı. – Demək uzun yol gedəcəksən?
-Bəli.
-Bunun üçün sənə nə lazımdır?
Mən təəccüblə ona baxdım:
-Heç nə.
-Necə heç nə? – Mir Cəlal müəllim bu sözləri deyib ayağa durdu və düz qarşımda dayandı. Mən də qalxmaq istəyəndə çiynimdən basdı. – Qatara, avtobusa pul verəcəksən? Yolda çörək yeyəcəksən?
-Yəqin ki – deyə mən təəccüblə ona baxdım.
-Ay sağ ol. Deməli sənə pul lazımdır.
-Pul? – deyə mən qeyri-ixtiyari ayağa durdum. – Düzü, bu barədə heç fikirləşməmişəm, Mir Cəlal müəllim.– Amma varımdı, “ Azərbaycan gəncləri” qəzetindən qonorar almışam.
Professor əyləşdi. Mənə də yer göstərdi:
-Gəl səninlə belə danışaq, - dedi. – Elə düşünmə ki, Kəlbəcərə gedən kimi sənə maaş verəcəklər. Ən azı bir ay sən özünü dolandırmalısan. Qaldığın yerə pul verməlisən, gündə üç dəfə yeməlisən. Ora soyuq yerdi, isti paltar geyməlisən. Başa düşdün?
-Bəli, - deyə mən diqqətlə ona baxdım. Əslinə qalsa heç bu barədə düşünməmişdim. Düzü, heç ağlıma gəlməmişdi. Məni düşündürən yalnız düşdüyüm ağır və çıxılmaz vəziyyət idi.Allaha şükür, indi o dərddən, o ağrı – acıdan qurtarmışam.
-Onda gəl belə razılaşaq - Mir Cəlal müəllimin mehriban səsi məni düşüncələrimdən aiırdı. – Mən indi sənə 300 manat verirəm. Bilirəm ki, mütləq orda sənə lazım olacaq. İnşallah, işləyəndən sonra Bakıya qayıdanda qaytararsan.
Bu təklif mənim üçün çox gözlənilməz idi. Atamın və anamən vəfatından sonra heç kimdən belə səmimiyyət, belə mehribanlıq, belə qayğıkeşlik görməmişdim. Qəribə hisslər keçirdim və bu hisslər məndə xoş duyğular yaratsa da, amma o pulu almaq istəmirdim. Daha doğrusu, elə bil özümə sığışdıra bilmirdim
-Hə, nə oldu, fikrə getdin? - deyə Mir Cəlal müəllim pulu mənə uzatdı.- Götür, götür, yoxsa məni özünə yad hesab edirsən?
Həmin an mən çox həyəcanlı idim. Sanki bütün vücudum titrəyir, ürəyim şiddətlə döyünürdü. Özümü güclə toplayıb dedim:
-Mir Cəlal müəllim, siz mənə elə əvəzsiz bir hörmət, elə əvəzsiz bir kömək etmisiniz ki, ömrüm boyü işləyəm onun altından çıxa bilmərəm. İndi də...
Elə bu vaxt qapı açıldı. Dekanımız, professor Ağamusa Axundov və sevimli müəllimimiz, gözəl insan və gözəl şair Famil Mehdi içəri girdi. Ağamusa müəllim Mir Cəlal müəllimin əlində pulu görüb gülə-gülə dedi:
-Mir Cəlal müəllim, siz həmişə bizə nümunə olmusunuz.- Sonra o, Famil müəllimə baxıb əlavə etdi:
- Mən də Familə deyirəm ki, gedək Nizamini yola salaq, cibxərcliyi verək.Yad yerə gedir, uzaq yol gedir.
Mir Cəlal müəllim sakit və mülayim bir tərzdə gülümsündü:
- Çox düz edirsən, Ağamusa, - dedi. – Sən ağıllı adamsan, bilirsən ki, uzaq yola çıxan adama kömək lazımdır, nəyiniz var, çıxarın.
Ağamusa müəllim ucadan güldü. Onun özünəməxsus gülüşü vardı. Həmişə ürəkdən gülərdi. Elə təbii, elə gözəl gülərdi ki, yanındakılara xoş təsir bağışlayar, ruh yüksəkliyi yaradardı. Gülüşü də özü kimi, duruşu kimi şux olardı.
- Əlbəttə, Mir Cəlal müəllim, əlbəttə, - deyə Ağamusa müəllim gülə-gülə əlini ürəklə cibinə saldı.
- Bəs biz bura elə onun üçün gəlmişik. Südabə xanım dedi ki, Nizami burdadır.
Mən nə edəcəimi bilmirdim. Utandığımdan sifətim od tutub-yanır, gərgin həyəcan keçirir, qəlbim şiddətlə döyünür, dizlərim əsirdi. Famil müəllim mənim halımı görüb yanımda əyləşdi, əlini çiynimə qoydu. Onu birinci kursdan tanıyırdım və olduqca böyük hörmətim vardı. Çox mehriban, səmimi, qayğıkeş və maraqlı bir insan idi. Şeirlərini hələ orta məktəb illərindən oxumuşdum. Onu özümə çox yaxın, əziz bir dost hesab edirdim. Əlini çiynimə qoyanda daxili bir rahatlıq tapdım. Sanki bununla da bütün həyəcanım bir anın içində keçib getdi.
Ağamusa müəllim də, Famil Mehdi də çox gözəl insanlar idi. Hər ikisi tələbələrə qayğı ilə yanaşır, onların halına yanır, dar gündə köməyinə çatırdılar. Sözün həqiqi mənsında bu insanlar milli-mənəvi dəyərlərimizin fövqündə dayanan əsl ziyalılar idi. Ancaq mən bu ağır, gərgin, olduqca üzücü vaxtlarımda bir həqiqəti dərk etdim və tam aydınlığı ilə əmin oldum ki, əgər Mir Cəlal müəllim olmasaydı, mənim işlərimin axırı şox pis qurtaracaqdı. Və mən ondan başqa kimdənsə bir dəstək, kömək görmədim. Elə bil mənə yaxınlaşmaqdan, söhbət etməkdən qorxur, çəkinir, ehtiyat edirdilər. Düzü, mən də heç kimdən heç nə gözləmirdim. Kimdənsə umacağım da yox idi. Öz taleyimlə barışıb işin axırının necə olacağını gözləyirdim. Belə ağır, gərgin bir vaxtımda Ulu Tanrı Mir Cəlal müəllimi mənə yardımçı göndərdi. Getdikcə daha aydın şəkildə başa düşür və dərk edirdim ki, Şəbib müəllimin dediyi kimi, Mir Cəlal müəllimdən başqa kimsə bu işi həll edə bilməzdi. Ya gücü çatmazdı, ya da ki, heç nəyə görə belə ağır bir işin altına girməzdi. Buna böyük ürək lazım idi!.. Çox böyük!.. Mir Cəlal Paşayev ürəyi!...