Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib ki, İrəvan Rusiyadan Ermənistana tədarük edilən təbii qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almayıb.
"Hazırda qazın qiymətlərinin artırılması üçün heç bir siqnal yoxdur. Belə bir siqnal ortaya çıxdıqda, bu barədə düşünəcəyik. Bəli, vəziyyət yaranarsa, onu necə idarə edəcəyimizi hələ də düşünürük. Müxtəlif ssenariləri müzakirə edirik, amma hazırda belə bir siqnal almamışıq", - deyə o bildirib.
Ermənistanın qaza olan ehtiyacının demək olar ki, hamısı Rusiya qazı ilə ödənilir. 2025-ci ildə "Qazprom" ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. "Elektrik üçün qaz" proqramı çərçivəsində İrandan hər il əlavə 476 milyon kubmetr qaz tədarük olunur. Ermənistan İrana əsasən Hrazdan İstilik Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi, İran isə Ermənistana hər kubmetr qaz üçün 3 kVt/saat həcmində təbii qaz tədarük edir.
Rusiya Ermənistana qazın 1000 kubmetrini 177,50 dollara satır. Qazın qiyməti 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə qədər qüvvədə olan müqavilədə müəyyən edilib.
Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bir müddət əvvəl Ermənistanın Rusiyadan qazı güzəştli şərtlərlə aldığını, digər ölkələrdən yanacaq idxalının isə İrəvan üçün xeyli baha başa gələcəyini bildirmişdi.
Tahir TAĞIYEV