ABŞ prezidenti Donald Tramp "Time " jurnalına verdiyi müsahibədə bildirib ki, İranla müharibənin yeddinci aya keçməsi, Vaşinqtonun ilkin planlarının uğursuzluğa düçar olmasına görə deyil, özünün hərbi əməliyyatı davam etdirmək qərarına gəlməsindən qaynaqlanır.
Müharibənin əvvəllər vəd edilən dörd-səkkiz həftədən xeyli uzun sürdüyünə dair suala Tramp belə cavab verib: "Dayandıra bilərdim, amma daha da irəli getməyə qərar verdim".
O bildirib ki, İranın nüvə obyektlərinə ilkin zərbələrdən sonra Tehranın gələcəkdə öz imkanlarını bərpa etməsinin qarşısını almaq üçün əməliyyatı davam etdirmək qərarına gəlib.
Tramp iddia edir ki, ABŞ İranın nüvə imkanlarını, dəniz və hava qüvvələrini, eləcə də radar sistemlərini məhv edib. O, həmçinin İran iqtisadiyyatının çətin vəziyyətdə olduğunu bildirib.
Eyni zamanda, ABŞ prezidenti yalnız hərbi əməliyyatlara son qoymaq deyil, həm də "əsl razılaşma" istədiyini bildirib. O bildirib ki, Vaşinqtonun İranın atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı son təklifini rədd etməsinin səbəbi də məhz budur. Tramp təklifi qeyri-kafi adlandırıb.
Tramp həmçinin ara seçkilərdən sonra ABŞ-ın bombardmanının güclənəcəyini də istisna etməyib. Bunun nəzərdən keçirilib-keçirilmədiyi sualına o, "Ola bilsin" cavabını verib. O, ABŞ-ın böyük silah ehtiyatlarına malik olduğunu və son altı ay ərzində onları aktiv şəkildə yenilədiyini bildirib.
Tahir TAĞIYEV