Akif Nağı: “İsrailin bundan süni şəkildə təbliğat vasitəsi kimi istifadə etmək cəhdi hiss olunur”
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsində pilotlar arasında baş verən insident baş verib və bu səbəbdən fövqəladə vəziyyət siqnalı verilib və təyyarə Səudiyyə Ərəbistanına məcburi eniş edib.
Dubai–Təl-Əviv marşrutu üzrə hərəkət edən "Flydubai" (Reys FZ1073) aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsində ikinci pilot guya gəminin kapitanına hücum edərək təyyarəni qəzaya uğratmağa cəhd göstərib.
Bildirilir ki, uçuş zamanı ikinci pilot qəfildən əlindəki bıçaqla (bəzi məlumatlara görə balta ilə) kapitan, Hindistan vətəndaşı Smit Maçhara (Smit Machchhar) hücum edib və onu ağır yaralayıb. Hücum zamanı təyyarə idarəetmədən çıxaraq cəmi iki dəqiqə ərzində 17 000 fut (təxminən 5 200 metr) hündürlük itirib.
İkinci pilotun Səudiyyə Ərəbistanında həbs olunduğu bildirilir.
Qərb informasiya orqanlarında onu geniş təbliğ edirlər, ifşa formasında barəsinə məlumat yayıb iddia edirlər ki, ikinci pilot əlində bıçaq hücum edərkən guya "Allahu Əkbər" qışqırırmış.
İsrailin müdafiə naziri İsrael Katz bunu terror aktı adlandıraraq deyib ki, “bu islam terrorudur”.
Bu indiki şəraitdə qurama hadisə ola bilərmi? Bu Yaxın Şərqdə müharibənin qızışdığı bir vaxtda müsəlmanlara qarşı qaralamaq məqsədilə aparılan bir kampaniya sayıla bilərmi? Yəni düzülüb-qoşulmuş hadisə ola bilərmi? Adam bıçaqla komandirin üstünə niyə yerisin ki, məqsəd nədən ibarətdir? Bunun qurama ola biləcəyini göstərən nə kimi əlamətlər var?
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, bu məsələ ətraflı araşdırılmalı, ortaya dəqiq faktlar qoyulmalıdır, rəsmi məlumat verilməməlidir: “Heç kəs bundan sui-istifadə etməyə cəhd göstərməməlidir. Ortada fakt varsa, nə deyib, tələbi nədən ibarət olub, amma belə görsənir ki, məntiqli məntiqli bir hərəkət yoxdur. Nə üçün edib? Məqsədi nədən ibarət idi? Təyyarəni hara qaçırmaq istəyirdi və nə məqsədlə? Hanısa siyasi tələb olunub, yoxsa yox? Bütün bunlar aydın olmadığına görə, bu bir qədər inandırıcı deyil. İsrailin bundan süni şəkildə təbliğat vasitəsi kimi istifadə etmək cəhdi hiss olunur”.
A.Nağının fikrincə, İsrail rəhbərliyi bu məsələni vurğulamaqla öz hərəkətinə bəraət qazandırmaq istəyir. “Çalışır ki, Fələstinə və digər ərəb ölkələrinə qarşı törətdiklərinə bəraət qazandırmaq üçün vaxtaşırı belə məsələləri ortaya atsın ki, islam fundamentalizmi var, hər yerdə bıçaqla gəzirlər, terror törədirlər. Öz cinayətlərinə bəraət qazandırmaq üçün yanlış yanlış rəy yaratmağa çalışırlar”.
A.Nağı hesab edir ki, bu hadisə ətraflı şəkildə araşdırılmalı və sonra bu məsələyə qiymət verilməlidir.
İradə SARIYEVA