Bəhruz Quliyev: “Moskva Ankara ilə strateji münasibətləri qorumaqda maraqlıdır və istəmir ki, bu, raketə görə pozulsun”
Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlər görülür və müvafiq təmaslar həyata keçirilir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov S-400-lərlə bağlı demişdi ki, Rusiyanın icazəsi olmadan məlum raket kompleksinin Türkiyənin üçüncü ölkəyə verməsi mümkün deyil. İndi Peskovun açıqlamasından məlum olur ki, Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə razılıq verib. Görəsən Rusiya niyə buna razılıq verib? Nə baş verdi ki, Rusiya buna razı oldu? Axı bununla bağlı gözləntilər fərqli idi.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, S-400 məsələsində Rusiya ilə Türkiyə arasında yeni mərhələnin başladığını görürük: “Kremlin sözçüsü Dmitri Peskovun açıqlaması kifayət qədər diqqətçəkəndir. Bildirilir ki, Türkiyənin Rusiyadan aldığı S-400-lərin Rusiyaya dost olan üçüncü ölkəyə köçürülməsi məsələsi artıq gündəmdədir və bununla bağlı müvafiq təmaslar aparılır. Əslində, bir müddət əvvəl belə bir ssenarinin mümkünlüyü kifayət qədər mübahisəli görünürdü. Çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirmişdi ki, Türkiyə S-400-ləri Moskvanın razılığı olmadan üçüncü ölkəyə verə bilməz. İndi isə sual yaranır: nə dəyişdi? Rusiya niyə buna razılıq verməyə hazırdır? Burada mənzərəyə yalnız S-400 prizmasından baxmaq düzgün olmaz. Məsələnin arxasında daha geniş geosiyasi proseslər dayanır. Türkiyə üçün S-400 problemi uzun müddətdir ki, Vaşinqtonla münasibətlərdə əsas mübahisə mövzularından biridir. Ankara isə Qərblə, xüsusilə ABŞ-la müdafiə əməkdaşlığında yeni imkanlar əldə etmək istəyir. S-400 məsələsinin həlli Türkiyənin manevr imkanlarını genişləndirə bilər. Moskva da bunu anlayır. Rusiya üçün əsas məsələ S-400 texnologiyasının nəzarətsiz şəkildə başqa dövlətlərin əlinə keçməməsidir. Əgər sistem Rusiyanın etibar etdiyi, dost ölkəyə verilirsə və müəyyən təhlükəsizlik şərtləri qorunursa, Moskva üçün bu variant qəbuledilən ola bilər. Deməli, burada söhbət Rusiyanın Türkiyəyə sadəcə güzəşt etməsindən getmir. Daha çox qarşılıqlı maraqların uzlaşdırılmasından gedir. Üstəlik, Moskva Ankara ilə strateji münasibətləri qorumaqda maraqlıdır və istəmir ki, bu, raketə görə pozulsun. Düşünürəm ki, Türkiyənin Qərblə münasibətlərində müəyyən problemlərin həllinə imkan vermək, eyni zamanda Ankara ilə dialoqu davam etdirmək Rusiyanın da maraqlarına cavab verə bilər. Amma bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Peskovun açıqlaması hələ yekun razılaşmanın elan edilməsi demək deyil. Hazırda danışıqlar və təmaslar davam edir. Ona görə də əsas sual artıq “Rusiya razılaşacaqmı?” yox, “Bu razılaşma hansı şərtlərlə baş tutacaq və S-400-lərin ünvanı hansı ölkə olacaq?” sualıdır. Və düşünürəm ki, yaxın dövrdə məhz bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Vidadi ORDAHALLI