Ramil Məmmədli: “Putin Ukrayna müharibəsi ilə bağlı nəinki Tokayevi, heç bir dövlət başçısını inandıra bilməz”
Kreml Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ukraynada hərbi əməliyyatların dondurulması təklifinə münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstan Prezidentinə Rusiya Prezidenti Vladimir Putinə verdiyi qiymətə görə minnətdarlıq edib.
Onun sözlərinə görə, şəxsi etimad Putin və Tokayevə ən çətin məsələləri müzakirə etməyə imkan verir. Peskov qeyd edib ki, Rusiya Prezidenti Qazaxıstan lideri ilə hər görüşdən onu “xüsusi əməliyyat zonası”ndakı vəziyyətlə tanış etmək üçün istifadə edir: “İki prezident arasında şəxsi münasibətlər yaxın, konstruktiv və etibarlıdır və bu, onlara Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlər də daxil olmaqla, beynəlxalq gündəmdəki ən çətin məsələləri müzakirə etməyə imkan verir”.
Məlumat üçün qeyd edək ki, Tokayev Berlində Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Putini “Rusiyanın rəhbəri kimi Mərkəzi Asiya, Avropa və bütün dünya üçün ən məqbul siyasi fiqur” adlandırıb. O, həmçinin, danışıqlara imkan vermək üçün Ukraynadakı hərbi əməliyyatların dondurulmasına çağırıb. Tokayev birinci dəfə deyil belə çağırışla çıxış edir. İyulun 25-də Omskda keçirilən Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Tokayev Ukraynada cəbhə xəttinin dondurulmasını və İstanbul formatında danışıqların bərpasını təklif edib. Hətta Tokayev bildirib ki, Rusiya-Ukrayna müharibəsinin səbəbini başa düşə bilmir.
Peskov deyir ki, hər dəfə Putin Tokayevlə görüşəndə bu barədə fikir mübadiləsi aparır və orada gedən prosesləri izah etməyə çalışır. Deməli, Putin indiyə qədər Tokayevi Ukraynada aparılan müharibənin səbəbini və nəyə görə lazım olduğuna inandıra bilməyib. Peskovun dediyindən çıxan məntiqi nəticə budur.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Putin Ukrayna müharibəsi ilə bağlı nəinki Tokayevi, heç bir dövlət başçısını inandıra bilməz: “Rusiyaya ən yaxın dövlət Belarusdur. Heç bu dövlətin prezidenti Aleksandır Lukaşenkonu da Putin inandıra bilməz. Baxmayaraq ki, Lukaşenko Putindən çəkinir və onun hakimiyyətini qoruyan Rusiyadır. Putin 5 ilə yaxındır apardığı müharibə ilə ölkəni elə vəziyyətə salıb ki, bunun fəsadlarını aradan qaldırmaq illərlə vaxt aparacaq. Hələ üstəlik məlum deyil bu müharibənin nəticəsi Rusiyanı hara aparacaq. Nəinki Qazaxıstan dövlət başçısı, Hindistanın dövlət başçısı Narendra Modi də Şanxay Əməktaşlıq Təşkilatının toplantısında müharibəni dayandırmaqla bağlı Putinə çağırış etdi. Ancaq Putin hər dəfə bundan yayınır. Niyə? Çünki müharibəni dayandırmaq istəmir. Bax əsil problem bundadır. Putin qorxur ki, cəmiyyət ayağa qalxıb hesabat tələb edəcək. Soruşacaqlar ki, yüz minlərlə insan nəyə görə öldü? Putin qorxur ki, bütün bunlar onun sonunu gətirəcək”.
Vidadi ORDAHALLI