2026-cı il Nobel Sülh Mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə (BVM), ukraynalı uşaq hüquqları müdafiəçisi Mikola Kulebaya, Donald Trampa və ya Kanada Baş naziri Mark Karniyə verilə bilər. Bu barədə "Associated Press" məlumat yayıb. Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) direktoru Henrik Urdal ən nüfuzlu proqnozçulardan biri hesab olunur. O, BVM-ni qlobal əməkdaşlığın nadir simvolu kimi qiymətləndirir, xüsusilə də indi, çoxtərəfli mexanizmlərin dağıldığı və dövlətlərin getdikcə daha çox öz maraqlarına diqqət yetirərək daxilə yönəldiyi bir vaxtda. İnstitut direktorunun siyahısına ukraynalı uşaq hüquqları müdafiəçisi Mikola Kuleba və "Save the Children" (Uşaqları Xilas Edin) təşkilatı da daxildir. Siyahıda həmçinin "Fövqəladə Hallara Cavab Otaqları" (Emergency Response Rooms) kimi tanınan Sudan könüllü yardım şəbəkəsi və Jurnalistləri Müdafiə Komitəsi yer alır; son iki il müşahidələrin aparıldığı təxminən 45 il ərzində jurnalistlər üçün ən ölümcül illər olub. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi birgə namizəd kimi irəli sürülüb. Bununla belə, BVM tənqidlərlə üzləşir; özəlliklə Vladimir Putin və Benyamin Netanyahu barədə verilən həbs qərarları buna səbəb olub. Xüsusilə Tramp, uzun müddətdir ki, məhkəməyə qarşı çıxır və iyul ayında Dövlət Katibi Marko Rubio ona qarşı kampaniya elan edib. Elə həmin ay BVM-nin baş prokuroru cinsi qısnamalarla bağlı iddialara görə vəzifəsindən kənarlaşdırılıb. ABŞ prezidenti də mükafatı qazanmaq istəyini gizlətmir və o, yenidən namizəd göstərilib. Lakin fevral ayında ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra onun namizədliyi mübahisəli məsələyə çevrilə bilər. Uppsala Münaqişə Məlumatları Proqramının aparıcı analitiki Şon Devis deyib: "İranda sonsuz görünən bir müharibəyə saplanıb qaldığını nəzərə alsaq, hətta onun öz tərəfdarlarının belə onun indi bu mükafatı qazana biləcəyinə inanacaqlarını düşünmürəm".
SAMİRƏ