Azər Həsrət: “Bu sadəcə Azərbaycanın deyil, bütövlükdə həm AQEM ölkələrinin, həm də bəşəriyyətin taleyi ilə bağlı məsələdir”
Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində müasir medianın funksiyalarına yeni təyinat verib.
Prezident İlham Əliyevin müraciətində bildirilir: “Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir”.
Media eksperti Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin sözügedən foruma ünvanladığı müraciətində olduqca vacib məqamlara toxunulub, o cümlədən də qeyd edilən məsələlərə: “Həqiqətən də bu gün medianın bütün formaları artıq cəmiyyətlərin idarə olunmasında ən önə çıxıb. Yəni ictimai rəyin, insanların psixologiyasının, ümuniyyətlə cəmiyyətlər və qlobal səviyyədə dünyanın ovqatının formalaşdırılması mediadan aslıdır. Yəni media insanları hansı tərəfə çəksə cəmiyyətlər, bütövlükdə ölkələr o tərəfə də gedir. Artıq bundan qurtuluş yoxdur. Ona görə də cənab Prezident bu məsələlərə diqqət çəkməyi vacib bilib. Yəni əgər media AQEM ölkələrində, ümumiyyətlə dünyada pozitiv yanaşma sərgiləyərsə, insanları və cəmiyyətləri yaxşı yönə çəkməyə çalışarsa bu dünyada sülhün davamlılığını, inkişafın davamlılığını təmin edəcək. Yox, əgər mediadan sui-istifadə edilərsə, daim neqativlərə köklənərsə, əlbəttə, bu da bəşəriyyəti fəlakətlərlə üz-üzə qoya bilər. Yəni Azərbaycan da daxil olmaqla bütün dünyada artıq hər kəs başa düşür ki, media ümumi ictimai rəyi, ovqatı formalaşdırır, öz ardınca aparır və təbiidir ki, belə olan şəraitdə medianın düzgün idarə olunması, düzgün istiqamətə yönləndirilməsi olduqca vacibdir”.
A.Həsrət qeyd etdi ki, Prezident müraciətində bu məsələyə diqqət çəkmək istəyir. “Bu sadəcə Azərbaycanın deyil, bütövlükdə həm AQEM ölkələrinin, həm də bəşəriyyətin taleyi ilə bağlı məsələdir. Azərbaycan Prezidenti belə məsələlərdə həmişə bir addım irəlidə olub, irəlini görüb və vaxtında da bu cür çağırışlar edib. İndi də istisna deyil”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA