İsrailin Baş naziri Benyamin Netanyahu heç vaxt bağışlanmayacağı bir cinayətlə bağlı ittihamların hədəfinə çevrilib. Knesset seçkiləri ərəfəsində yayılan məlumatlara görə, İsrail xalqı genişmiqyaslı müharibəyə haqq qazandırmaq məqsədilə 2023-cü ilin oktyabrında qəsdən HƏMAS-ın hücumuna məruz qoyulub.
Bəllidir ki, Yaxın Şərqdəki mövcud qarışıqlıq dövrü HƏMAS yaraqlılarının 7 oktyabr 2023-cü ildə İsrailə hücumu ilə başladı. Heç bir təhrik olmadan həyata keçirilən və dəhşətli hücum nəticəsində 1200 israilli (onların dörddə birindən çoxu musiqi festivalının iştirakçıları idi) həlak oldu və 251 nəfər girov götürüldü. İsrail cəmiyyəti bunu Qəzza zolağına qarşı istənilən hərəkəti həyata keçirmək üçün bir mandat kimi qəbul etdi və sağ qalan sonuncu girov azad edilənə qədər həmin ərazi amansızcasına bombardman edildi. İsrail hökuməti yüksək insan itkisi və HƏMAS-ın hücumunun miqyasını gözlənilməzlik amili ilə izah etdi. İndi iddia edilir ki, Netanyahu hücum hazırlıqlarından xəbərdar olsa da, heç bir tədbir görməyib, hətta kəşfiyyat xidmətlərinə belə məlumat verməyib. Bu günlərdə isə "Haaretz" qəzeti "Girovlar: Unudulmuş 843 gün" (Hostages: 843 Days of Oblivion) adlı araşdırma kitabına istinad edərək qalmaqalı yenidən alovlandırıb. Kitabda açıqlanır ki, HƏMAS-ın hücumundan on gün əvvəl BƏƏ lideri Məhəmməd bin Zayed etibarlı mənbələrə əsaslanaraq Netanyahuya bu barədə şəxsən xəbərdarlıq edib. Məlumata görə, Netanyahu buna sakit reaksiya verərək, "Bunun baş verməsi ehtimalı azdır, lakin İsrail istənilən vəziyyətin öhdəsindən gələ bilər"- deyib. Xəbər dərc edildikdən sonra Baş nazir qəzeti məhkəməyə verib və həmin məlumatı "tamamilə yalan", həmçinin düşmənləri tərəfindən siyasi məqsədlərlə təşkil edilmiş qərəzli hücum adlandıraraq rədd edib.
Ölkədə oktyabrın sonunda parlament seçkiləri keçirilməlidir və bu, çox güman ki, sağçı blokun lideri kimi Netanyahu üçün sonuncu seçki olacaq. Sol meyilli "Haaretz" qəzeti də həqiqətən onun rəqibləri sırasındadır. Eyni zamanda, Amerika agentliyi "Associated Press" də bu mövzunu gündəmdə saxlayır; agentlik xəbər verir ki, İsrailin Baş naziri bu yaxınlarda bin Zayeddən həmin "qanlı böhtan"ı təkzib etməsini xahiş etmək üçün şəxsi təyyarə ilə gizli şəkildə BƏƏ-yə uçub. Ümumilikdə götürdükdə, bu media orqanları "Bibi"yə qarşı şübhəsiz ki, qərəzlidirlər və onun seçkidə məğlub olmasını istəyirlər. Lakin bu, onların mütləq yalan danışdıqları mənasına gəlmir.
SAMİRƏ