Bolqarıstan, Macarıstan və Slovakiya istisna olmaqla, bütün Aİ üzvü ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunal üçün rəhbər komitəni təsis edən Genişləndirilmiş Sazişə qoşulmaq niyyətini açıqlayıb. Bu barədə Aİ-nin Ədliyyə və Daxili İşlər Şurasının iclasından sonra, cümə günü Lüksemburqda keçirilən mətbuat konfransında Aİ-nin ədliyyə üzrə komissarı Mayk Makqrat məlumat verib. 38 ölkənin Xüsusi Tribunal sazişinə qoşulmaq niyyətində olduğunu bildirən Makqrat qeyd edib ki, Ukraynaya qarşı təcavüz cinayəti ilə bağlı Xüsusi Tribunalın işə salınması məsələsi iclasın gündəliyindəki əsas mövzulardan biri olub. Onun sözlərinə görə, Rusiya Federasiyasının son həftələr və aylarda Ukraynanın mülki əhalisinə qarşı amansız hücumlarının şiddətlənməsi fonunda, Rusiyanın "Ukraynada və Ukraynaya qarşı törədilmiş dəhşətli cinayətlərə görə" məsuliyyətə cəlb edilməsi zərurəti xüsusi aktuallıq kəsb edir. Məhz buna görə də, Avropa Komissiyası üçün Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi mümkün qədər tez bir zamanda yekunlaşdırmaq həyati əhəmiyyət daşıyır. Komissar qeyd edib ki, Avropa Komissiyası bütün Aİ ölkələrinin hökumətlərini Genişləndirilmiş Sazişə qoşulmağa təşviq etməkdə davam edir. SAMİRƏ